“100 illik qurultayın işığında türkologiyanın inkişaf yolu” – BDU-da ustad dərsi

“100 illik qurultayın işığında türkologiyanın inkişaf yolu” – BDU-da ustad dərsi Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş tədbirlər çərçivəsində fakültənin məzunu, türkoloq-alim, filologiya elmləri doktoru, professor Tofiq Məliklinin “100 illik qurultay işığında türkologiyanın inkişaf yolları” mövzusunda ustad dərsi keçirilib.  

Əvvəlcə Şərqşünaslıq fakültəsinin elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə tanınmış türkoloq-alim Tofiq Məliklinin həyat və yaradıcılığı haqqında məlumat verib.

Professor Tofiq Məlikli ustad dərsində XX əsrin əvvəllərində keçirilmiş Birinci Türkoloji Qurultayın türk dünyası üçün əhəmiyyəti, qurultayın elmi irsinin müasir türkologiyanın formalaşmasına təsirini geniş təhlil edib. Məruzədə qurultayın ortaq əlifba, dil birliyi, terminologiya və milli-mədəni kimlik məsələlərinin müzakirəsində oynadığı rola xüsusi diqqət yetirilib. Professor Tofiq Məlikli türkologiyanın keçdiyi inkişaf mərhələlərini elmi faktlar əsasında şərh edib, 100 illik elmi irsin bu gün də aktual olduğunu vurğulayıb.

O, müasir dövrdə türkologiyanın yalnız filoloji sahə kimi deyil, həm də mədəniyyətlərarası əlaqələrin, diplomatik münasibətlərin və regional əməkdaşlığın mühüm istiqaməti kimi dəyərləndirildiyini qeyd edib.

Seminar interaktiv müzakirə şəraitində davam edib, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər