BDU-da Azərbaycanın regional enerji layihələrində iştirakı təhlil edilib

BDU-da Azərbaycanın regional enerji layihələrində iştirakı təhlil edilib Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə 27 mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr edilmiş silsilə tədbirlər çərçivəsində “Azərbaycanın regional enerji layihələrində iştirakı” mövzusunda elmi seminar keçirilib.

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi üzrə TEC sədri Əli Bədəlov bildirib ki, ölkəmizdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan enerji siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla və müasir çağırışlara uyğun şəkildə davam etdirilir. Azərbaycan beynəlxalq enerji layihələrinin partnyoru, beynəlxalq enerji bazarının uğurlu tərəfdaşıdır.

BDU-nun Dünya iqtisadiyyatı kafedrasının müdiri, dosent Fərid Babayev Azərbaycanın enerji strategiyasının tarixi inkişaf mərhələlərini, xüsusilə “Əsrin müqaviləsi”ndən başlayaraq formalaşan yeni enerji diplomatiyasını ətraflı təhlil edib. Bildirib ki, ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdırılan transmilli enerji layihələri regionda sabitliyin, iqtisadi əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir. Fərid Babayev Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolundan, Cənub Qaz Dəhlizi kimi qlobal əhəmiyyətli layihələrin strateji nəticələrindən və yaşıl enerji gündəliyinin prioritet istiqamətlərindən də söz açıb.

İqtisadiyyat kafedrasının müdiri, professor Vahid Abbasov isə regional enerji layihələrinin makroiqtisadi təsirlərini, ixrac gəlirlərinin iqtisadi sabitliyə və sosial rifaha təsir mexanizmlərini elmi əsaslarla izah edib. Həyata keçirilən enerji strategiyasının Azərbaycanın uzunmüddətli dayanıqlı inkişaf modelinin əsasına çevrildiyini deyib.

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin elmi məsələlər üzrə dekan müavini Qalib Qafarlı, sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Elmar Dadaşov belə müzakirələrin vacib olduğunu qeyd ediblər.

Seminarın sonunda tələbələrin sualları cavablandırılıb, enerji diplomatiyasının gələcək perspektivləri, regional əməkdaşlıq mexanizmləri və Azərbaycanın beynəlxalq iqtisadi münasibətlər sistemində artan rolu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər