Artıq 15 ildir ki, Azərbaycanda hər il keçirilən “İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modeli Beynəlxalq Münasibətlər Akademiyası” layihəsinin bağlanış mərasimi olub.Gənclər və İdman Nazirliyi, Bakı Dövlət Universiteti (BDU) və İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin (İƏGF Avrasiya Regional Mərkəzi) birgə tərəfdaşlığı ilə həyata keçirilən layihədə iştirak etmək üçün 15-dən artıq aparıcı ali təhsil müəssisəsini təmsil edən 600-dən çox gənc müraciət edib. Müraciətçilər arasından mövzuya uyğun bilikləri və xarici dil bacarıqları ilə fərqlənən 100 nəfər gənc seçilib.
BDU-da keçirilən bağlanış mərasimində universitetin beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov bildirib ki, İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası iki ay davam edən öyrənmə və əməkdaşlıq prosesidir. Beynəlxalq münasibətlər sahəsində peşəkar kadrların hazırlanması dövlətlərin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır və bu layihə gənclərin nəzəri biliklərini praktiki təcrübə ilə birləşdirən mühüm platformadır.
İƏGF Avrasiya Regional Mərkəzinin baş direktoru Rafiq İsmayılov müasir dövrdə beynəlxalq münasibətlər sisteminin sürətlə transformasiya olunduğunu və Azərbaycanın bu prosesdə öz mövqeyini uğurla nümayiş etdirdiyini deyib. Qeyd edib ki, bu kimi layihələr gənclərin gələcək fəaliyyətində mühüm rol oynayır və onların beynəlxalq müstəvidə fəal iştirakına töhfə verir.
Daha sonra “İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modeli Beynəlxalq Münasibətlər Akademiyası – 2025” layihəsi müddətində keçirilən fəaliyyətləri əks etdirən videoçarx nümayiş etdirilib.
Sonda layihə çərçivəsində fəallığı ilə seçilən tələbələr sertifikatlarla təltif olunublar.
Tehsil-press.az








