Azərbaycanda toy etmək üçün neçə min manat lazımdır? - ARAŞDIRMA

Azərbaycanda toy etmək üçün neçə min manat lazımdır? - ARAŞDIRMA Azərbaycanda toy yalnız iki gəncin ailə qurması demək deyil. Bu mərasim həm də bir çox hazırlıq mərhələlərini və xərcləri özündə birləşdirir. Adətən, toy prosesi xına mərasimi, qız toyu, oğlan toyu və rəsmi nikah mərasimindən ibarət olur. Bütün bu mərhələlər isə müəyyən maliyyə xərcləri tələb edir.

Toy etmək üçün nə qədər vəsait xərcləndiyini araşdırıb və təqdim edir:

Alyans və zinət əşyaları

Toyun ən vacib simvollarından biri alyans üzüyüdür. Bazarlarda 585 əyarlı alyansların qiyməti təxminən 400-800 manat arasında dəyişir. 750 əyarlı alyanslar isə daha bahalı olub 1500-3000 manat aralığında təklif edilir.
Bununla yanaşı, gəlin üçün alınan təkqaş üzük və digər zinət əşyaları da xərclərə daxildir. Təkqaş üzüyün qiyməti təxminən 1000 manatdan başlayaraq 10 000 manata qədər yüksələ bilər. Toy üçün nəzərdə tutulan zinət dəstləri isə 2500-20 000 manat arasında dəyişir.

Xına mərasimi

Toydan əvvəl keçirilən xına mərasimi də xüsusi hazırlıq tələb edir. Xına paketlərinin qiyməti əsasən paketə daxil olan xidmətlərə görə dəyişir. Rəqqasə, şou-proqram, foto və video çəkiliş kimi xidmətlər daxil olduqda qiymət artır. Ümumilikdə, xına paketlərinin qiyməti 300-1000 manat arasında dəyişir.

Gəlinlik və bəy kostyumu

Gəlinlik kirayəsi də toy büdcəsinin əsas hissələrindən biridir. Gəlinliklərin kirayə qiyməti minimum 250 manatdan başlayaraq 3500 manata qədər çata bilər. Bəzi hallarda bu qiymətə gəlinin makiyajı və saç düzümü də daxil edilir. Əgər ayrıca sifariş edilərsə, gəlinin bəzədilməsi xidmətinin qiyməti təxminən 120-650 manat arasında dəyişir. Tanınmış vizajist seçildikdə isə bu məbləğ daha yüksək ola bilər.
Bəy kostyumunun kirayəsi isə nisbətən daha münasibdir və adətən 50-500 manat arasında təklif edilir.

Cehiz xərcləri

Azərbaycanda ən böyük xərclərdən biri də cehizdir. Cehiz əsasən gəlin tərəfi tərəfindən hazırlanır və ailənin maddi vəziyyətindən asılı olaraq dəyişir. Cehizə elektron məişət texnikası, mebel dəstləri, mətbəx əşyaları, qab-qacaq, yorğan-döşək dəstləri və digər ev ləvazimatları daxil olur. Ümumilikdə, cehizin qiyməti təxminən 15 000 manatdan başlayaraq 50 000 manata qədər çata bilər.

Nikah və digər xərclər

Rəsmi nikah mərasiminin dövlət rüsumu təxminən 50 manat təşkil edir. Bundan əlavə, toy korteji üçün avtomobillərin kirayəsi 300-800 manat arasında dəyişir.
Toyun foto və video çəkilişi üçün peşəkar fotoqraflar adətən 600-1200 manat aralığında xidmət göstərirlər.

Restoran və toy məclisi

Toy xərclərinin ən böyük hissəsi adətən restoran və qonaqlıqla bağlı olur. Restoranlarda qiymətlər menyuya, şou proqramına, müğənni və rəqs qruplarına görə dəyişir. Adambaşına minimum qiymət təxminən 50 manat, orta qiymət 90 manat, maksimum isə 300 manata qədər ola bilər. Ümumi olaraqsa, adambaşına qiymətlər 50, 65, 70, 75, 90, 120, 130, 160, 220, 300 manat olaraq dəyişir.

Məsələn, 200 nəfərlik bir toy təşkil edildikdə ümumi restoran xərcləri belə dəyişə bilər:

Minimum: təxminən 10 000 manat

Orta səviyyəli: təxminən 18 000 manat

Lüks səviyyə: təxminən 60 000 manat

Ümumilikdə, Azərbaycanda toy etmək üçün minimum 30.000 manat vəsait tələb olunur. Qeyd edək ki, bu qiymətlər ailənin maddi imkanına görə dəyişir.

Göründüyü kimi, Azərbaycanda toy mərasimi kifayət qədər böyük büdcə tələb edən bir tədbirdir. Ümumi xərclər ailələrin maddi imkanlarından, seçilən xidmətlərdən və toyun miqyasından asılı olaraq dəyişir. Sadə bir toy üçün xərclər nisbətən az olsa da, daha təmtəraqlı toylar on minlərlə manata başa gələ bilər.

Tehsil-press.az

Oxşar xəbərlər