Bakı Dövlət Universitetinin (BDU) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş tədbirlər çərçivəsində “Akademik yazıya müasir baxış” mövzusunda ikigünlük təlim proqramı başa çatıb.Təlimçi, BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının elmi işçisi, “İlin gənc alimi” müsabiqəsinin qalibi Məhəmməd Bağır Bağırov elmi fəaliyyətə başlamağın ilkin mərhələləri, düzgün istiqamət seçimi və araşdırma mövzusunun müəyyənləşdirilməsi ilə bağlı tövsiyələrini bölüşüb. O, xüsusilə elmi marağın formalaşdırılması, aktual və innovativ mövzuların seçilməsi, elmi rəhbərlə səmərəli əməkdaşlığın qurulması kimi məsələlərin vacibliyini vurğulayıb. Bununla yanaşı, elmi məqalənin peşəkar yazılma strukturu, giriş, metodologiya, nəticə və müzakirə hissələrinin düzgün qurulması, elmi etikaya riayət olunması və plagiatın qarşısının alınması barədə məlumat verib. O, tələbələri mövzuya uyğun elmi jurnalların düzgün seçilməsi, beynəlxalq indekslənmiş jurnalların, “Web of Science” və “Scopus” bazalarının tələbləri və məqalə qəbulu prosesində diqqət edilməli əsas məqamlarla tanış edib, bu cür nəşrlərin elmi karyera baxımından mühüm rol oynadığını vurğulayıb.
Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.
Tehsil-press.az










