ADPU-nun əyani təhsilalma forması üzrə tələbələrinin pedaqoji təcrübəsinin başlanmasına həsr olunmuş konfrans keçirilib

ADPU-nun əyani təhsilalma forması üzrə tələbələrinin pedaqoji təcrübəsinin başlanmasına həsr olunmuş konfrans keçirilib Fevralın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) əyani təhsilalma forması üzrə tələbələrinin pedaqoji təcrübəsinin başlanmasına həsr olunmuş konfrans keçirilib. Konfransda ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, universitetin Pedaqoji Təcrübə üzrə Komissiyasının üzvləri, dekanlar, metodistlər, orta məktəblərin direktorları və pedaqoji təşrübə keçəcək tələbələr iştirak ediblər. Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Konfransı giriş sözü ilə açan Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov bildirib ki, ölkəmizdə uğurla həyata keçirilən təhsil islahatları davam etdirilir. ADPU bu islahatların həyata keçirilməsində fəal iştirak edir. Universitetin əyani təhsilalma forması üzrə tələbələrinin pedaqoji təcrübəsi haqqında məlumat verən dosent E.Aslanov qeyd edib ki, tələbələr 14 həftəlik pedaqoji təcrübə keçməlidirlər. 1885 nəfər tələbə pedaqoji təcrübəyə yollanır. Onlar Təhsil Nazirliyinin tabeliyindəki 3 və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 62 tam orta məktəbə, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki 9 məktəbəqədər tərbiyə müəssisəsində və 6 özəl müəssisədə pedaqoji təcrübə keçəcəklər. Pedaqoji təcrübə 8 fakültə üzrə 23 ixtisası əhatə edir. ADPU-nun filiallarının isə 582 nəfər tələbəsi pedaqoji təcrübə keçəcək. Ümumilikdə 2467 nəfər tələbə pedaqoji təcrübədə iştirak edəcək.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov çıxış edərək bildirib ki, pedaqoji təcrübə ali məktəb tələbələrinin həyatında mühüm və məsuliyyətli bir mərhələdir. Müasir tələblərə uyğun olaraq pedaqoji təhsilə, o cümlədən pedaqoji tərcübəyə münasibət dəyişməli, yeni, fərqli yanaşmalar ortaya qoyulmalıdır. Son illər Azərbaycanda müəllimlərin bilik və peşəkarlıq səviyyəsinin artırılması, cəmiyyətdə müəllimin ictimai nüfuzunun yüksəldilməsi üçün mühüm tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev pedaqoji kadr hazırlığına xüsusi diqqət və qayğı göstərir. Biz ölkə rəhbərliyinin bu diqqət və qayğısına öz əməli fəaliyyətimizlə cavab verməli, orta məktəblərimizi yüksək səviyyəli pedaqoji kadrlarla təmin etməliyik. Rektor çıxışının sonunda pedaqoji təcrübə keçəcək tələbə-gənclərə uğurlar arzulayıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva çıxışında ADPU-da təhsilin keyfiyyətinin yüksəldilməsi üçün həyata keçirilən yenilikləri, islahatları, layihələri xüsusi vurğulayıb, tələbələrə sağlam düşüncəli, milli ruhlu, vətənpərvər vətəndaş və yüksək səviyyəli mütəxəssis kimi formalaşmağı tövsiyə edib.
Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov, İbtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov, Bakı şəhəri, Nərimanov rayonu 193 nömrəli tam orta məktəbin direktoru, dosent Rəhim Hüseynov, 45 nömrəli tam orta məktəbin direktoru Nəcibə Axundova çıxış edərək pedaqoji təcrübənin tələbələrin əldə etdikləri bilik və bacarıqların aşkara çıxarılmasında mühüm rol oynadığını bildiriblər və tələbələrə uğurlar arzulayıblar.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi


ADPU-nun əyani təhsilalma forması üzrə tələbələrinin pedaqoji təcrübəsinin başlanmasına həsr olunmuş konfrans keçirilib

Oxşar xəbərlər