Şərqşünaslıq İnstitutunda 31 mart soyqırımı ilə bağlı kitabların təqdimatı olub

Şərqşünaslıq İnstitutunda 31 mart soyqırımı ilə bağlı kitabların təqdimatı olub Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda son illər 31 mart soyqırımı ilə bağlı nəşr edilmiş bir neçə kitabın təqdimatı olub. Tədbir Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamına uyğun təşkil olunub.
Təqdimat mərasimində Azərbaycan elmi ictimaiyyətinin nümayəndələri ilə yanaşı, Türkiyə, ABŞ, Almaniya, İrlandiya, İran və Rusiyadan alimlər iştirak ediblər.
Tədbirdə Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva xalqımıza qarşı ötən əsrin əvvəllərində törədilən soyqırımı ilə bağlı yeni faktların üzə çıxarılması istiqamətində rəhbərlik etdiyi elmi müəssisədə görülən işlərdən danışıb. Bildirilib ki, institutun əməkdaşlarının bu sahədə apardıqları tədqiqatların, hazırladıqları və ya tərcümə etdikləri kitabların Arazın hər iki tayında ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınların, qarətlərin, deportasiya aktlarının əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rolu var.
G.Baxşəliyeva, həmçinin ermənilərin xalqımıza qarşı törətdikləri amansız soyqırımı aktları barədə həqiqətləri, onların əsassız iddialarını dünya ictimaiyyətinə çatdırmaq istiqamətində şərqşünas alimlərin gördükləri işləri yüksək dəyərləndirib, bütün bu işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Vurğulanıb ki, 2011-ci ildə Ankarada Strateji Araşdırmalar Mərkəzi tərəfindən ingilis dilində nəşr edilən “Armenian allegations and historical facts. Questions and answers (“Əsassız erməni iddiaları və tarixi faktlar. Suallar və cavablar”)” G.Baxşəliyeva tərəfindən dilimizə tərcümə edilib. Eyni zamanda, tərcüməçinin “Ön söz”ü ilə 2016-cı ildə ölkə ictimaiyyətinə çatdırılıb. Kitabda son vaxtlar qondarma erməni “soyqırımı” ilə bağlı avantüraların yenidən dünya gündəminə gəlməsindən bəhs olunur. Real tarixi faktları görməzdən gələrək, heç bir əsası olmayan saxta “dəlillərlə” beynəlxalq ictimaiyyətin mövqeyini çaşdırmağa yönələn bu kimi bədnam kampaniyalara qarşı addım kimi əsl həqiqətlərin daha geniş miqyasda təbliğinə zəruri ehtiyac yaranır. Nəşr bu baxımdan erməni yalanlarına qarşı mübarizədə əsas vasitələrdən biri hesab oluna bilər.
Bildirilib ki, Azərbaycan və rus dillərində Milli Məclis tərəfindən çap olunmuş “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” kitabının Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi Hikmət Əkbərov tərəfindən ərəbcəyə edilən tərcüməsi bu il işıq üzü görüb. Kitabda bu günədək davam edən və Qafqaz regionunda gərginliyə səbəb olan Ermənistan-Azərbaycan münaqişəsindən bəhs olunur. Bu tərcümə münaqişə barədə həqiqətlərin ərəb dünyasına çatdırılmasında böyük rol oynayacaq. Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı Emiliya Xəlilovanın 2016-cı ildə türk dilindən tərcümə etdiyi “Türk mətbuatında “erməni məsələsi” kitabında ötən əsrin birinci yarısında Zəki Başarın, Camal Paşanın, Kazım Qarabəkirin, Tverdoxlebovun, Xoreşenovun və başqalarının ermənilər haqqında məqalələri toplanıb. Müəlliflər şəxsən şahidi olduqları hadisələri qələmə alıblar. Kitab ermənilərin türklərə qarşı qanlı cinayətlər və qırğınlar törətmələri, verdikləri işgəncə və zülmlər tarixi həqiqətlər və sübut olunmuş faktlar əsasında yazılıb. Daha bir əhəmiyyətli iş görkəmli İran tarixçisi Səməd Sərdariniyanın “İrəvan müsəlman sakinli vilayət olmuşdur” kitabının fars dilindən tərcüməsidir. Nəşrdəki çoxlu sayda tarixi faktlar bu gün İrəvanı özünə paytaxt seçmiş ermənilərin tarixi keçmişi bilərəkdən təhrif edib saxtalaşdırmalarına tutarlı elmi cavabdır. Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblının “İran İslam Respublikasının Qafqaz siyasətində Dağlıq Qarabağ problemi (1991-2005-ci illər)” kitabında İranın Qafqaz siyasətində Dağlıq Qarabağ probleminin həlli istiqamətində öz milli və regional maraqları çərçivəsində atdığı addımlar İran-Ermənistan, İran-Azərbaycan münasibətləri fonunda, eyni zamanda, regionda maraqları təmsil edilən Rusiya və ABŞ kimi super güc dövlətlərin nüfuz dairələri nəzərə alınmaqla müqayisəli təhlil əsasında açıqlanıb. 1918-ci ildə ermənilərin Şimali Azərbaycanın müxtəlif bölgələrində - Bakıda, Qubada, Şamaxıda, Qarabağ-Zəngəzurda, Göyçayda, Cavadda, Ərəşdə törətdikləri soyqırımlar Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidinin çoxlu sayda kitablarında əksini tapıb. S.Rüstəmova-Tohidi 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı və terror hadisələrini orijinal arxiv materialları əsasında işıqlandıran bir neçə sanballı kitab hazırlayıb, Azərbaycan, rus, ingilis, türk dillərində çap etdirib. Onların arasında “Маrt 1918. Bakı. Azərbaycanlıların soyqırımı sənədlərdə”, “1918-ci il Quba hadisələri - Azərbaycanın müsəlman əhalisinin kütləvi məhv edilməsi planlarının tərkib hissəsi kimi. Müsəlmanların soyqırımı sənədlərdə. Sənədlər toplusu”, “1918-ci il Azərbaycanlıların soyqırımı foto və sənədlərdə”, “Şamaxı. 1918-ci il mart-iyul. Azərbaycanlıların soyqırımı sənədlərdə (2 cilddə)”, “Göyçay, Cavad, Ərəş (Azərbaycanlıların soyqırımı sənədlərdə)”, “Qarabağ-Zəngəzur – 1918 (Azərbaycanlıların soyqırımı sənədlərdə)” və digərlərinin adını çəkmək olar. Həmçinin S.Rüstəmova-Tohidinin təqdimatında “Əlimərdan bəy Topçubaşov. Bakı hadisələrində erməni faktoru – 1905-1906-cı və 1918-ci illər (Paris arxivinin sənədləri)” kitabını da xüsusi qeyd etmək lazımdır. Cənubi Azərbaycanda ermənilərin törətdikləri soyqırımı ilə bağlı Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin əməkdaşları tərəfindən bir sıra kitablar yazılıb, iranlı müəlliflərin bu mövzuda əsərləri fars dilindən tərcümə edilib. Görkəmli İran tarixçisi Səməd Sərdariniyanın “Arazın hər iki tayında müsəlmanların soyqırımı” kitabında erməni quldur dəstələrinin rus və ingilis hərbi qüvvələrinin köməyinə arxalanaraq Türkiyə, İran və Azərbaycan ərazilərində çoxsaylı cinayət törətmələri, müsəlman kənd və şəhərlərini xarabazara çevirmələri, yüz minlərlə günahsız insanların qətliamını təşkil etmələri tutarlı sənədlər və mənbələr əsasında açılıb göstərilir. Digər İran müəllifi Tohid Məlikzadənin “Güney Azərbaycan I Dünya müharibəsi illərində” nəşrində 1914-1919-cu illərdə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımından bəhs olunur. Müəllif əsəri yazarkən əsasən Osmanlı arxivlərindən, həmçinin xatirələrdən, rəsmi məktublardan və həmin dövrə aid qəzet materiallarından da istifadə edib. Şərqşünaslıq İnstitutunun əməkdaşı Həsən Səfərinin farsdilli mənbə və qaynaqlar əsasında yazdığı “Cənubi Azərbaycan: 1918-ci il soyqırımı” monoqrafiyasında Cənubi Azərbaycanın qərb bölgəsində birləşmiş erməni-aysor silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı törətməsi araşdırılaraq təhlil edilib. Cənubi Azərbaycandan olan tədqiqatçı Hüseyn Əlizadənin İranın internet səhifələrində yayımladığı “21 Azər” soyqırımı (1946-1947-ci illərdə Cənubi Azərbaycanda kütləvi qırğınlar)” əsərini Şərqşünaslıq İnstitutunun əməkdaşı Saleh Dostəliyev fars dilindən Azərbaycan dilinə tərcümə edib. 2017-ci ildə çapdan çıxan kitab Pəhləvi şah rejimi dövründə İranda milli və mədəni hüquqlarını qorumaq uğrunda mübarizəyə qalxmış və Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi ilə 1945-ci il dekabrın 12-də Milli Hökumət qurmuş xalqımıza və onun vətənpərvər övladlarına qarşı 1946-1947-ci illərdə rejim tərəfindən soyuqqanlılıqla və qəddarlıqla törədilən kütləvi qırğınlar, qətl və qarətlərin tarixi təhlilinə həsr edilib.
Sonra S.Rüstəmova-Tohidi hazırladığı kitablar və onlarda təqdim edilən sənədlərin araşdırılması prosesi barədə ətraflı məlumat verib.
Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə Cənubi Azərbaycanda XX əsrin müxtəlif dövrlərində azərbaycanlılara qarşı törədilən soyqırımı ilə bağlı çapdan çıxan nəşrlərdən danışıb.
Tanınmış rusiyalı politoloq, hüquqşünas Oleq Kuznetsov 1918-ci il 31 mart soyqırımını hüquqi müstəvidə dəyərləndirib. Fransadan olan alim Georgi Mamuliya, türkiyəli alim Yavuz Aslan, rusiyalı alim Boris Hatsiyev ermənilərin müxtəlif dövrlərdə azərbaycanlılara qarşı törətdikləri soyqırımını qınayıb, Şərqşünaslıq İnstitutunun bu hadisələrin ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyətini, bu elmi müəssisədə çapdan çıxan nəşrləri yüksək dəyərləndiriblər.

Oxşar xəbərlər