Tarixi saxtalaşdıran özbək “akademiki” Rustamjon Abdullayevə Azərbaycan alimlərinin etirazı

Tarixi saxtalaşdıran özbək “akademiki” Rustamjon Abdullayevə Azərbaycan alimlərinin etirazı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycan xalqına qarşı soyqırımları tarixi şöbəsinin əməkdaşları ötən il dekabrın 19-da Daşkənddə “Fundamental iqtisadiyyat” (rus dilində) jurnalında dərc edilmiş “Nə üçün erməni soyqırımı, Kokand muxtariyyəti, daşnaklar və basmaçılıqla bağlı olan tarixi saxtalaşdırırlar?” (rus dilində) sərlövhəli məqaləsinə etirazılarını bildirirlər.
İnstitutun Azərbaycan xalqına qarşı soyqırımları tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, Dövlət mükafatı laureatı Güntəkin Nəcəfli tehsil-press.az-a bildirib ki, özünü akademik adlandıran bu şəxs həmin məqaləsində erməni terrorizmini ifşa edən, tanınmış özbək tədqiqatçısı Şuxrat Salamovun 2015-ci ildə Daşkəndin “Yangi asr avlodi” nəşriyyatında işıq üzü görmüş “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək” (rus dilində) kitabını tənqid etməklə türk-müsəlman xalqlarına qarşı amansız soyqırımı həyata keçirən erməni cəlladlarını müdafiə edib.
G.Nəcəfli vurğulayıb ki, Ş.Salamovun həmin kitabında erməni terrorizminin beynəlxalq terrorizmin tərkib hissəsi olduğu, arxiv sənədləri əsasında 1918-1920-ci illərdə Mərkəzi Asiyadakı türk xalqlarının milli dövlətçiliklərinin bərpası uğrunda apardıqları azadlıq mübarizələrinin qarşısını almaq məqsədilə Qafqazdan xüsusi olaraq göndərilən cəza dəstələrinin - bolşevik-daşnak hərbi birləşmələrinin burada törətdikləri soyqırımı nəticəsində təkcə Fərqanə vadisində on minlərlə özbəyin xüsusi amansızlıqla qətlə yetirildiyi, amansız işgəncələrə məruz qaldığı, kənd və şəhərlərin, dini tikililərin, tarixi abidələrin məhv olunduğu sübut edilib. Ş.Salamov, həmçinin 1989-cu ildə baş vermiş Fərqanə hadisələrinin istintaq araşdırmaları zamanı Axıska türklərinə qarşı kütləvi terror və etnik təmizləmə siyasətinin həyata keçirilməsində də erməni millətçi təşkilatlarının izini müəyyənləşdirib.
Ş.Salamov Azərbaycanın haqq işi uğrunda apardığı mübarizəyə dəstək verən, ölkəmizin üzləşdiyi Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılmasında yaxından iştirak edən bir tədqiqatçıdır. Onun qələmə aldığı “Qarabağ: ideyalar müharibəsi” (rus dilində) adlı digər kitabı isə 2016-cı ildə Tbilisi şəhərində “Universal” nəşriyyatında çapdan çıxıb.
Əvvəllər erməniləri tənqid edən özbək “akademik”i Rustamjon Abdullayev nədənsə birdən-birə mövqeyini dəyişərək, tarixi faktları kobudcasına saxtalaşdıraraq Azərbaycan və türk dünyasına qarşı dəhşətli soyqırımı həyata keçirən, XX əsrin sonlarında dünyanın gözü qarşısında Xocalı soyqırımını törədən erməni cəlladlarını müdafiə edib. Onun tənqid etdiyi Ş.Salamovun əsərləri isə bir daha sübut edir ki, erməni cəlladlarının həyata keçirdikləri bu soyqırımı cinayəti bütün türk xalqlarına qarşı yönəldilmiş məqsədyönlü, vahid bir mərkəzdən idarə edilən siyasət idi. Fərqanə hadisələrində ermənilər minlərlə insanı məhv ediblər, daşnaksütyun partiyası Azərbaycanda olduğu kimi Özbəkistanda da bu siyasəti həyata keçirib.
Ermənilərin türk-müsəlman əhaliyə qarşı həyata keçirdiyi soyqırımı sübut edən çoxlu sayda qiymətli sənədlər Azərbaycan Respublikasının arxivlərindən başqa dünyanın müxtəlif ölkələrinin, o cümlədən Türkiyə, Rusiya, Gürcüstan, Böyük Britaniya, Fransa, Almaniya arxivlərindən qorunub saxlanılır. Tarix İnstitutunda dünyanın müxtəlif arxivlərindən əldə edilən çoxlu sayda sənədlər əsasında Azərbaycanın müxtəlif bölgələrində, İranda və Şərqi Anadoluda ermənilərin həyata keçirdikləri soyqırımını sübut edən kitablar çap edilib. (Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, 2006; Genoside against the historical names. Baku, 2006; V.Abışov. Azərbaycanlıların soyqırımı (1917-1918-ci illər), Bakı, 2007; Historical facts of armenians actions in Azerbaijan land. Baku, 2009; Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı. I cild, Bakı, 2009; N.Məmmədov. Dağlıq Qarabağ gerçəklikləri, soyqırımı, terror, deportasiya, işğal. Bakı, 2009; İstoriçeskiye faktı o deyaniyax armyan na Azerbaydjanskoy zemle. Baku, 2009; Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı. II cild, I kitab. Gəncə quberniyası. Bakı, 2010; Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı. II cild, 2-ci kitab. İrəvan quberniyasında soyqırımı. Bakı, 2010; Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı. III cild. Xatirələr. Sənədlər toplusu. Bakı, 2010; N.Məmmədov. Dağlıq Qarabağ gerçəklikləri, soyqırımı, terror, deportasiya, işğal. Bakı, 2009; Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı. II cild, I kitab. Gəncə quberniyası. Bakı, 2010; Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı. II cild, 2-ci kitab. İrəvan quberniyasında soyqırımı. Bakı, 2010; Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı. III cild. Xatirələr. Sənədlər toplusu. Bakı, 2010; İ.Məmmədov. Zəngibasar qətliamları (1905-1988). Bakı, 2012; Genosid azerbaydjanskoqo naroda 1918 qoda: orqanizatora i palaçi. Baku, 2013; Nifteliyev İ.V. Genosid azerbaydjantsev v İrevanskoy qubernii (1918-1920). Баку, 2014; Nəcəfli G. 1918-1920-ci illərdə Şərqi Anadolu, Naxçıvan və İrəvan bölgəsində ermənilərin türk-müsəlman əhaliyə qarşı törətdikləri soyqırımı. Bakı, 2014; Gözəlova N.R. Azərbaycan türk-müsəlman əhalisinin soyqırımı Britaniya kitabxanasının arxiv sənədlərində Bakı, 2014; Mustafa N. İrəvan quberniyasında Azərbaycanlıların soyqırımı (1918-1920). Bakı, 2014; Abışov V.V. Bakıda 1918-ci il mart soyqırımı. Bakı, 2014; Abışov V.V. Şamaxı qəzasında Azərbaycan xalqına qarşı soyqırımı. Bakı, 2014; Abışov V.V. Quba qəzasında türk-müsəlman soyqırımı. Bakı, 2014; Mamedzade N. Genosid azerbaydjantsev v Karabaxskom regione Azerbaydjana (1918-1920). Баку, 2014; İsmayılov K. Zəngəzurda Azərbaycan xalqına qarşı soyqırımı. (1918-1920) Bakı, 2014; Nəcəfli G. 1917-1918-ci illərdə Urmiya bölgəsində azərbaycanlılara qarşı soyqırımı” (ATASE-nin sənədləri əsasında). Bakı, 2015.)
Çoxlu sayda sənədlər, təkzibedilməz faktlar əsasında yazılan bu kitablar birmənalı şəkildə sübut edir ki, 1914-1920-ci illərdə Şimali Azərbaycanın bir çox regionunda – Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, İrəvan, Naxçıvan, həmçinin Cənubi Azərbaycan ərazisinin (Urmiya, Salmas, Xoy, Qaradağ, Təbriz) türk-müsəlman əhalisinə qarşı erməni millətçiləri tərəfindən soyqırımı törədilib.
G.Nəcəfli deyib ki, biz, Tarix İnstitutunun Azərbaycan xalqına qarşı soyqırımları tarixi şöbəsinin əməkdaşları müxtəlif arxivlərdən əldə etdiyimiz çoxlu sayda sənədlər əsasında hazırladığımız bu kitabları özünü akademik adlandıran Rustamjon (Rüstəmcan) Abdullayevin nəzərinə çatdırmaq istəyirik. Ona görə ki, cənab “akademik” ermənilərin dinc, əliyalın əhaliyə qarşı həyata keçirdikləri bu qanlı cinayətlərlə tanış olsun. Bəlkə onda real tarixin nədən ibarət olduğundan, tarixdə əsl soyqırımının kimlər tərəfindən həyata keçirldiyindən xəbərdar olar.
Adını akademik qoyub, soyqırımı cəlladlarını müdafiə edən “akademik”in bu yazısı bizi çox narahat edir. Bu, dəfələrlə erməni cəlladlarının soyqırımına məruz qalan Azərbaycan xalqına qarşı təhqirdir. Biz buna öz kəskin etirazımızı bildiririk.

Tarixi saxtalaşdıran özbək “akademiki” Rustamjon Abdullayevə Azərbaycan alimlərinin etirazı

Tehsil-press.az

Oxşar xəbərlər