ADPU-da mart soyqırımı qurbanlarının xatirəsi anılıb

ADPU-da mart soyqırımı qurbanlarının xatirəsi anılıb Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin təşəbbüsü və təşkilatçılığı ilə Böyük Akt zalında Azərbaycan və ingilis dillərində 31Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən “Vətən oğulları” adlı ədəbi-bədii tədbir keçirilib. Öncə tədbir iştirakçıları azərbaycanlıların soyqırımını əks etdirən kitab sərgisi ilə tanış olublar. Tədbirdə milli hərbi geyimli oğlan və tələbə qızlar Azərbaycanın Dövlət Himnini oxuyublar. Qeyd edək ki, Filologiya fakültəsi tələbələrinin hazırladıqları “Vətən oğulları” adlı ədəbi-bədii tədbirdə tarixi keçmişimizlə bu günümüz arasında bir körpü yaradılıb. Azərbaycan xalqının böyük dövlət və hərbi xadimləri Cavanşir, Babək, Şəmsəddin Eldəniz, Şah İsmayıl Xətai ilə bağlı məlumatlar səsləndirilib. Tələbələr Xalq şairləri Bəxtiyar Vahabzadənin, Xəlil Rzanın, Zəlimxan Yaqubun, Qabilin və digər böyük söz ustadlarımızın tariximizi, milli varlığımızı, azadlıq, müstəqillik duyğularımızı, dövlət rəmzlərimizi, vətənpərvərliyi, qələbəyə olan inamımızı təbliğ edən şeirlərini səsləndiriblər, Qarabağ müharibəsini, Xocalı soyqırımını əks etdirən səhnələr ifa ediblər. Qeyd edilib ki, 1813-cü ilin Gülüstan və 1828-ci ilin Türkmənçay sülh müqavilələrindən sonra Azərbaycan iki yerə bölünüb. Azərbaycan ərazisində düşünülmüş şəkildə ermənilər məskunlaşdırılıb. Namərd və xain ermənilər isə tarix boyu, xüsusilə də, son iki əsrdə xalqımıza qarşı dəhşətli faciələr, soyqırımları, terror aktları törədib. Ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklərin arasında 1918-ci ilin mart hadisələri xüsusi amansızlığı və qəddarlığı ilə seçilir. 1918-ci ilin mart hadisələri zamanı azərbaycanlıların ermənilər tərəfindən kütləvi surətdə qırılması halı baş vermişdir. Belə ki, ermənilər 1918-ci il martın 31-dən aprelin 2-nə qədər Bakıda 17000, Şamaxıda isə 8000-dən çox dinc azərbaycanlı sakini xüsusi qəddarlıqla qətlə yetirmişlər. Qətlə yetirilənlərdən 2500 nəfərdən çoxu qadın, 200-ü isə uşaq olmuşdur. Bütövlükdə 1918-ci ilin mart hadisələri zamanı ermənilər 50 mindən çox azərbaycanlını öldürmüş, 10 mindən çox insanı isə öz yaşayış yerlərini qoyub qaçmağa məcbur etmişlər. Erməni vandalistləri eləcə də Qubada, Lənkəranda, Dağlıq Qarabağda, Qərbi Azərbaycanda, Naxçıvanda və Azərbaycanın digər bölgələrində 10 minlərlə dinc mülki vətəndaşı qətlə yetirmişlər. 10 il bundan öncə aşkar edilmiş Quba Soyqırımı Memorial Xatirə Kompleksi də 1918-ci ildə baş vermiş erməni vəhşiliklərinin əyani sübutudur. Erməni təcavüzkarları bu gün də Azərbaycana qarşı işğalçılıq və terror siyasətini həyata keçirməkdə davam edirlər.
Digər milli facilərimiz kimi, ermənilərin öz himayədarlarının köməkliyi ilə 1918-ci ilin martında xalqımıza qarşı törətdikləri soyqırımına da yalnız ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi ilə dolğun və hərtərəfli siyasi-hüquqi qiymət verilmişdir. Ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı 690 saylı fərmanla 31 Mart dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev birmənalı şəkildə bildirib ki, Qarabağ münaqişəsi yalnız xalqımızın milli maraqları çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həll ediləcəkdir. Azərbaycan öz ərazisində “ikinci erməni dövləti”nin yaradılmasına əsla imkan verməyəcəkdir.
Tədbirin sonunda Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov çıxış edərək belə tədbirlərin tələbə-gənclərin tariximizi dərindən öyrənmələrində, milli ruhda, əsl vətəndaş kimi tərbiyə olunmalarında mühüm rol oynadığını bildirib, tədbirin keçirilməsinə görə müəllim və tələbələrə öz təşəkkürünü bildirib.

ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsi


ADPU-da mart soyqırımı qurbanlarının xatirəsi anılıbADPU-da mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Oxşar xəbərlər