
Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov çıxış edərək bildirib ki, Hüseyn Cavidin dramaturgiyası XX əsr Azərbaycan romantizminin ən səviyyəli nümunəsi olmaqla yanaşı, dünya romantizminin əlamətlərinə də malikdir. Bir sıra janrları, xüsusən sonet, xalq musiqisini və marşları Azərbaycan şeirinə ilk dəfə Hüseyn Cavid gətirmişdir. O, yaradıcılığında monoloq və dialoqlardan məharətlə istifadə etmişdir. Hüseyn Cavid zəngin yaradıcılıq irsi qoyub getmişdir. Qüdrətli söz üstadı, böyük mütəfəkkir Hüseyn Cavid dünyanın müqəddəs dəyərləri olan həqiqəti, gözəlliyi və məhəbbəti vəhdətdə tərənnüm etmişdir. Hüseyn Cavid Türk dünyasının, eləcə də bütün dünyanın tanınan, sayılıb-seçilən yazıçılarından biridir. Onun əsərləri dünyanın müxtəlif dillərinə tərcümə olunub. Hüseyn Cavid bizim müasirimizdir, onun əsərləri həmişə sevilə-sevilə, böyük maraqla oxunacaq.
Tədbirdə Hüseyn Cavidin həyat və yaradıcılığına həsr olunmuş slayd nümayiş etdirilib.
Tədbirdə çıxış edən ADPU-nun Ümumi tarix kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Vəli Əliyev, bədii qiraət ustası, Əməkdar artist Ağalar
Bayramov universitetdə Hüseyn Cavidin xatirəsinin anılmasını yüksək qiymətləndiriblər.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov çıxış edərək bədii qiraət müsabiqəsinin keçirilməsini çox əhəmiyyətli bir hadisə kimi dəyərləndirib. Qeyd edib ki, xalqımızın böyük tarixi şəxsiyyətləri çoxdur. Onların arasında Hüseyn Cavid xüsusi yer tutur. Hüseyn Cavid xalqımızın milli sərvətidir. Belə dahi şəxsiyyətlər bizim üçün yüksək zirvədir. Biz bu sərvətlərimizə sahib çıxmalıyıq. Ulu öndərimiz Heydər Əliyev Hüseyn Cavidin şəxsiyyətinə və yaradıcılığına yüksək qiymət verib. Qədirbilən xalqımız onun xatirəsini əziz tutur. Rektor çıxışının sonunda tədbirin təşkilatçılarına təşəkkür edib və uğurlar arzulayıb.
Bədii qiraət müsabiqəsində tələbələr və şagirdlər Hüseyn Cavidin şeirlərini, əsərlərindən parçaları, şairin sözlərinə yazılmış mahnıları və müxtəlif rəqsləri ifa ediblər. Onların çıxışları iştirakçılar tərəfindən maraqla və alqışlarla qarşılanıb.
Sonda xatirə şəkli çəkdirilib.
ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi

