Ana dilin saflığının qorunub saxlanmasında gənclərin üzərinə mühüm vəzifələr düşür

Ana dilin saflığının qorunub saxlanmasında gənclərin üzərinə mühüm vəzifələr düşür Bakı Slavyan Universitetində (BSU) ibtidai təhsil kafedrasının təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib.
İbtidai təhsil kafedrasının dosenti Şükufə Ağakişiyeva tədbirin “Auditoriya+” layihəsi çərçivəsində keçirildiyini qeyd edib. O, layihə çərçivəsində tələbələrin intellektual səviyyəsinin artırılması məqsədilə maraqlı tədbirlər təşkil olunduğunu diqqətə çatdırıb.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, professor İsmayıl Məmmədov “Ana dilimiz güvən yerimizdir” mövzusunda məruzə ilə çıxış edib. Qeyd edib ki, cəmiyyətdə Azərbaycan dili ilə bağlı müsbət fikir yaratmaq, ana dilimizin inkişafı, onun nöqsansız şəkildə formalaşması istiqamətində təbliğat və təşviqat işlərinin aparılması günümüzün aktual məsələlərindən birinə çevrilib. Azərbaycan dilinin tarixi inkişaf yolundan danışan professor deyib ki, hər bir xalqın dili onun təfəkkürü ilə bağlıdır. Xalqın təfəkkürü nə qədər zəngin olarsa, onun dili də bir o qədər zəngin olar. Azərbaycan dilin kifayət qədər zəngin dil olduğunu, bu dildə alınma sözlərə ehtiyac olmadığını vurğulayan İ.Məmmədov şifahi xalq ədəbiyyatının dilimizin zənginləşməsində mühüm rolu olduğunu diqqətə çatdırıb.
BSU-nun müasir Azərbaycan dili kafedrasının müdiri, professor İkram Qasımov çıxışnda Prezident İlham Əliyevin ana dili ilə bağlı apardığı siyasət nəticəsində Azərbaycan dilinin inkişafı məsələsinin daim gündəmdə olduğunu söyləyib. Mətbuatın artıq dilimizə nüfuz etdiyini deyən alim bildirib ki, dil sahəsindəki ciddi problemlərdən biri də televiziya kanallarında nitq mədəniyyətinin kobud şəkildə pozulması ilə bağlıdır. Reklamların dilində yol verilmiş dil qüsurlarından danışan İ.Qasımov bəzi özəl şirkətlərin özlərinə uğursuz adlar seçdiyini dilə gətirib.
Türkologiya kafedrasının müdiri, dosent Şaban Hüseynov isə milli mətbuatımızın ana dilinin təmizliyinin göstəricisi olduğunu deyib, dilin saflığının qorunub saxlanmasında gənclərin üzərinə mühüm vəzifələr düşdüyünü diqqətə çatdırıb.
Universitetin əlavə və qiyabi təhsil şöbəsinin müdiri, türkologiya kafedrasının dosenti Dürdanə Əliyeva çıxış edərək təhsildə ana dilinin inkişafı ilə bağlı məsələyə toxunub. O bildirib ki, müəllimin öz nitqində dialekt və şivələrdən istifadə etməsi dilimizin nöqsan və qüsurlarla gənc nəslə aşılanmasına gətirib çıxarır.
İbtidai təhsil kafedrasının dosenti Çimnaz Məmmədova çıxışında milli şüurun və milli kimliyimizin formalaşmasında ana dilimizdə olan sözlərin etnik cəhətdən düzgün araşdırılmasının vacibliyini qeyd edib. Ana dilini milli sərvətimiz adlandıran Ç.Məmmədova gəncləri bu sərvəti yad dillərin təsirindən qorumağa səsləyib.
Tədbirin davamında BSU-nun tələbələri ana dilinə həsr olunmuş şeirlər səsləndiriblər.

BSU-nun Mətbuat Xidməti



Oxşar xəbərlər