ADU-da Beynəlxalq Rus dili gününə həsr olunmuş dəyirmi masa keçirilib

ADU-da Beynəlxalq Rus dili gününə həsr olunmuş dəyirmi masa keçirilib Azərbaycan Dillər Universitetində (ADU) Rusiyaşünaslıq Elmi Tədqiqat Laboratoriyasının (ETL) təşkilatçılığı ilə 6 iyun Beynəlxalq Rus dili gününə həsr olunmuş dəyirmi masa keçirilib.
Rusiyaşünaslıq ETL-nin müdiri professor Məmməd Əliyev Beynəlxalq Rus dili gününün rus şairi, dramaturq və nasiri A.Puşkinin anadan olması münasibətilə yarandığını qeyd edib. M.Əliyev rəhbərlik etdiyi laboratoriyanın fəaliyyəti haqqında danışıb. O, bildirib ki, laboratoriyada rus dili, Rusiya mədəniyyəti, tarixi, etnoqrafiyası, incəsənəti, psixologiyası və digər amillərin təbliğinə böyük önəm verilir.
Daha sonra çıxış edən ADU rektorunun elm və təhsil məsələləri üzrə müşaviri dosent Seyfəl Hüseynov rus şairi A.Puşkinin yaradıcılığı haqqında geniş məlumat verib. O, Rusiyaşünaslıq ETL-nin rus dili və mədəniyyətinin təbliğində təqdirəlayiq fəaliyyətini yüksək qiymətləndirib.
Azərbaycanda “Rossotrudnicestvo”nun nümayəndəsi Aleksandr Kalamin, Rusiyanın Azərbaycandakı səfirinin müşaviri İqor Yeronin, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndəsi İbrahim İbrahimov, həmçinin ADU-nun Təhsil fakültəsi nəzdində Xarici dillər kafedrasının müəllimi dosent Zülfinaz Babaşova Beynəlxalq Rus dili gününün tarixi, rus dilinin beynəlxalq səviyyədə əhəmiyyəti, dilin təkamül mərhələsi və hazırki vəziyyəti haqqında danışıblar.
Dəyirmi masa müzakirələrlə yekunlaşıb.

ADU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər