İlk kompüter proqramçısı Ada Lavleysin davamçıları ADA Universitetində ənənəvi ACM tədbirinə toplaşıblar

İlk kompüter proqramçısı Ada Lavleysin davamçıları ADA Universitetində ənənəvi ACM tədbirinə toplaşıblar ACM (Hesablama Maşınları Assosiasiyası) beynəlxalq təşkilatının Azərbaycan bölməsi ADA Universitetinin ACM tələbə bölməsi ilə birgə “Bərabərliyin iki tərəfi var” mövzusunda IV Ada mirası tədbirini təşkil edib.
Tədbir ilk kompüter proqramçısı, ingilis riyaziyyatçısı Ada Lavleyslə bağlıdır. ADA Universitetində 4-cü ildir keçirilən tədbirin məqsədi qadınları texniki sahələr, o cümlədən informatikanın müxtəlif istiqamətləri üzrə təhsil almağa və karyera qurmağa təşviq etmək, onları beynəlxalq “womENcourage 2019” konfransında iştirak etməyə həvəsləndirməkdir.
"ASAN xidmət”in elektron hökumət və rəqəmsal innovasiyalar şöbəsinin müdir müavini Ulduzə Xəlilova Azərbaycan ACM bölməsi adından tədbirin gündəliyinin təqdimatını edib.
ADA Universitetinin dekanı Araz Yusubov "Ada mirası: bu necə başladı" mövzusunda təqdimat edib. Təqdimatda qeyd edilib ki, 2016-cı ildən keçirilən tədbirdə hər il ən azı 5 azərbaycanlı tələbə təqaüd qazanıb. Builki “Ada mirası”nın proqramı genişlənib. Tədbir iki gün davam edəcək.
Universitetin məzunları Könül Qurbanlı və Elnarə Nəbiyeva "Bizim “womEncourage” konfransına gedən yolumuz", tələbələr Sevinc Cəfərli, İlahə Manafova və Lalə Şahbəndəyeva isə "Qreys Hopper tədbirinə necə dəvət aldıq?" mövzusunda təqdimatlarla çıxış ediblər. Təqdimatlarda tədbirin mövzusu və əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Tədbir sessiyalarla davam edib.
Sessiyalarda Azərbaycan Milli Elmlər Akademiyasının, ADA Universitetinin, “ASAN xidmət”in, Bakı Ali Neft Məktəbinin nümayəndələri apardıqları elmi-tədqiqat işlərinin təqdimatını ediblər.
Tədbirdə mövzularla bağlı ətraflı müzakirələr aparılıb.

ADA-nın Mətbuat Xidməti


Oxşar xəbərlər