ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 34-cü ildönümü qeyd olunub

ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 34-cü ildönümü qeyd olunub Aprelin 1-də Azərbaycan Dillər Universitetində “Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 34-cü ildönümü” mövzusunda tədbir keçirilib. Tədbirdə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfiri Lu Mey, universitetin professor-müəllim heyəti, tələbələr iştirak ediblər.

Əvvəlcə hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Azərbaycan və Çin arasında diplomatik əlaqələrinin inkişafından söz açıb. Qeyd edilib ki, Azərbaycan müstəqilliyə qovuşandan sonra ölkəmizlə diplomatik əlaqələr quran ilk Asiya dövlətlərindən biri Çin Xalq Respublikası oldu. O zamandan iki ölkə arasında mehriban dostluq münasibətləri, iqtisadi və mədəni sahədə əməkdaşlıq əlaqələri hökm sürür:

“Azərbaycan və Çin arasında diplomatik münasibətlərin qurulmasından 34 il ötür. Bu tarix özündə bir sıra uğurları əks etdirir. Bu uğurlar iqtisadi, siyasi, elmi və mədəni sahələrdə inkişaf etməkdədir. Bu gündən ADU-nun Azərbaycan dili və mədəniyyəti mərkəzi Çinin Xudjou Universitetində fəaliyyətə başlayıb. Bu da tarixi bir hadisədir. İnanıram ki, əlaqələrimiz daha da inkişaf edəcək, yeni inkişaf mərhələsinə qədəm qoyacaqdır.

Həmçinin Biləsuvarda fəaliyyət göstərən Milli Qəhrəman Mübariz İbrahimov adına məktəb-lisey kompleksində Çin dilinin tədrisi həyata keçiriləcək. Bu da Çin dilinə, tarixinə, mədəniyyətinə olan maraqdan irəli gəlir”.

Çin Xalq Respublikasının səfiri Lu Mey Azərbaycan və Çin arasında diplomatik əlaqələrin 34 illiyi ilə bağlı təbrik nitqi ilə çıxıb edib. Təbrik çıxışında xanım səfir Azərbaycan və Çin arasında diplomatik münasibətlərin tarixindən və əlaqələrin inkişaf dinamikasından danışıb. Qeyd olunub ki, 1992-ci il aprelin 2-də Çin və Azərbaycan hökumətlərinin nümayəndələri Bakıda səfirlər səviyyəsində diplomatik münasibətlərin qurulması haqqında birgə sənəd imzalayıblar və bu sənəd ölkələrimiz arasında münasibətlərdə yeni bir dövrün başlanğıcını qoydu:

“Diplomatik münasibətlərin qurulmasından keçən 34 il ərzində, dəyişən beynəlxalq vəziyyətə baxmayaraq, Çin və Azərbaycan arasındakı münasibətlər dinamik inkişafını qoruyub saxlamış, böyük və kiçik ölkələr arasında bərabərhüquqlu münasibətlərin və əməkdaşlığın nümunəsinə çevrilmişdir. Son illərdə Sədr Si Cinpin və Prezident İlham Əliyevin strateji rəhbərliyi altında ölkələr hərtərəfli strateji tərəfdaşlıq münasibətləri quraraq ikitərəfli münasibətlərdə yeni tarixi bir fəsil açmışlar”.

Daha sonra ADU-nun Şərq ölkələri üzrə Regionşünaslıq kafedrasının dosenti Rəna Rəcəbli və baş müəllim Fidan Ələsgərova Azərbaycan və Çin arasında diplomatik əlaqələrin tarixi uğurları haqqında danışıblar.

Tədbir müzakirələrlə davam edib.

Tehsil-press.az

Oxşar xəbərlər