Gömrük Akademiyasında Respublika Günü qeyd edilib

Gömrük Akademiyasında Respublika Günü qeyd edilib Dövlət Gömrük Komitəsinin Akademiyasında 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib.
Bayram mərasimi Azərbaycan Respublikasının Dövlət himninin ifası ilə başlayıb.
Tədbirdə qonaq qismində Bakı Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Ələmdar Şahverdiyev, Akademiyanın tələbələri və əməkdaşları iştirak ediblər.
Akademiyanın rəisi Qulu Novruzov mərasimi giriş sözü ilə açaraq bildirib ki, 28 May - Respublika Günü Azərbaycan dövlətinin, dövlətçilik tarixinin ən mühüm hadisəsidir. Ötən il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin qeyd edildiyini xatırladan Qulu Novruzov Azərbaycan xalqı üçün müstəqilliyin böyük nemət olduğunu vurğulayıb. Azərbaycan gəncləri 100 illiyi tamam olmuş respublikanın nümayəndələri kimi fəxr və qürur hissi ilə yaşamalıdırlar-deyə sözünə davam edən Qulu Novruzov müasir Azərbaycan dövlətinin yenidən müstəqilliyə qovuşduqdan sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçdiyini, Prezident İlham Əliyevin yürütdüyü inkişaf strategiyasının bu qüruru yaşamağa əsas verdiyini deyib. Akademiya rəisi Şərqdə ilk demokratik respublikanın yaradıcıları kimi Cümhuriyyət qurucularının adlarının tarixdə yaşadığını və onların hər birinin həyatının qəhrəmanlıq salnaməsi olduğunu qeyd edib.
Bakı Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Ələmdar Şahverdiyev Azərbaycan Xalq Cümhuriyyətinin çətin tarixi şəraitdə yaranmasından, mürəkkəb siyasi və ictimai vəziyyətdə fəaliyyətindən danışıb, həmin dövrdə baş verən hadisələri tarixi və siyasi aspektdən təhlil edib. Ələmdar Şahverdiyev Azərbaycanın öz müstəqilliyini çox ağır şəraitdə elan etməsinin böyük cəsarət tələb etdiyini vurğulayıb.
Sonra Akademiyanın tələbələri Fidan Camalzadə və Orxan Yusifov Cumhuriyyətin dövlət xadimləri haqqında təqdimatlarla çıxış ediblər.
Tədbirdə 28 May - Respublika Gününə həsr edilən videoçarx nümayiş olunub.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi


Oxşar xəbərlər