Sertifikasiya: yalnız peşəkar psixoloqlar məktəblərdə qalacaq

Sertifikasiya: yalnız peşəkar psixoloqlar məktəblərdə qalacaq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov jurnalistlər üçün keçirilən brifinqdə çıxışı zamanı bildirilib ki, növbəti illərdə məktəb psixoloqları da sertifikasiya prosesinə cəlb olunacaqlar.

Maraqlıdır, məktəb psixoloqlarının sertifikasiyadan keçirilməsi nə dərəcədə zəruridir və bu addım ümumilikdə təhsil sistemində psixoloji xidmətin keyfiyyətinə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı açıqlama verən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Günay Əkbərova qeyd edib ki, məktəb psixoloqlarının fəaliyyəti kimi məsuliyyətli bir sahədə keyfiyyəti ölçmək və standartlar müəyyən etmək mütləqdir:

“Mən bu məsələni ümumilikdə müsbət və zəruri bir addım kimi qiymətləndirirəm. Çünki məktəb psixoloqunun rolu artıq sadəcə “problem olanda çağırılan mütəxəssis” olmaqdan çıxıb. Bu gün o, şagirdin emosional inkişafı, davranışın tənzimlənməsi, hətta akademik uğurun formalaşmasında birbaşa iştirak edən əsas fiqurlardan biridir. Belə bir məsuliyyət sahəsində isə keyfiyyətin ölçülməsi və standartların müəyyən edilməsi qaçılmazdır.

Dünya təcrübəsinə baxanda görürük ki, bir çox ölkələrdə, məsələn, ABŞ, Böyük Britaniya kimi ölkələrin təhsil sistemlərində məktəb psixoloqları mütəmadi olaraq akkreditasiyadan, peşəkar inkişaf proqramlarından və qiymətləndirmə mexanizmlərindən keçir. Bu, iki əsas məqsədə xidmət edir: birincisi, bilik və bacarıqların yenilənməsi, ikincisi isə peşə standartlarının qorunması. Yəni bu proses “yoxlama”dan çox, “inkişaf mexanizmi” kimi qurulur”.

Sertifikasiya prosesi psixoloqu “kağız üzərində olan vəzifə”dən çıxarıb real təsir gücünə malik mütəxəssisə çevirə bilər:

“Bizim məktəblərdə son illər baş verən bəzi hadisələr də göstərir ki, psixoloji xidmət bəzən gecikmiş formada işə düşür, ya da ümumiyyətlə prosesə effektiv şəkildə inteqrasiya olunmur. Bu isə o deməkdir ki, sistem daxilində həm metodiki, həm də praktik boşluqlar var. Sertifikasiya bu boşluqları üzə çıxarmaq və aradan qaldırmaq üçün bir fürsət ola bilər. Əgər düzgün qurularsa, bu proses psixoloqu “kağız üzərində olan vəzifə”dən çıxarıb real təsir gücünə malik mütəxəssisə çevirə bilər.

Digər tərəfdən, bu addım psixoloqların iş keyfiyyətinə də müsbət təsir göstərə bilər. Sertifikasiyaya hazırlaşan mütəxəssis istər-istəməz öz biliklərini yeniləyir, yeni yanaşmaları öyrənir, öz işinə daha tənqidi yanaşmağa başlayır. Bu isə birbaşa olaraq şagirdlərlə iş prosesinə təsir edir: daha düzgün diaqnostika, daha uyğun müdaxilə üsulları və daha etibarlı ünsiyyət qurulur. Şagird də hiss edir ki, qarşısındakı insan sadəcə “dinləyən biri” deyil, həqiqətən kömək edə bilən peşəkardır”.

Sertifikasiya yalnız testdən ibarət olsa, real dəyişiklik yaratmaq çətin olacaq - effektiv yanaşma praktik bacarıqların və real situasiyaların da qiymətləndirilməsini tələb edir:

“Amma burada bir vacib məqam var. Sertifikasiya prosesi yalnız imtahan formatında olmamalıdır. Əgər bu, sadəcə testdən ibarət olsa, real dəyişiklik yaratmaq çətin olacaq. Daha effektiv model praktik bacarıqların, real situasiyaların qiymətləndirilməsini də əhatə etməlidir. Hətta mentorluq və davamlı peşəkar inkişaf komponenti ilə birlikdə tətbiq olunarsa, təsiri qat-qat böyük olar.

Bu addım düzgün və sistemli şəkildə həyata keçirilərsə, məktəblərdə psixoloji xidmətin keyfiyyətini artırmaqla yanaşı, həm şagirdlərin təhlükəsizliyi, həm də onların sağlam psixoloji inkişafı baxımından ciddi müsbət dəyişikliklərə səbəb ola bilər. Və açığı desək, bugünkü reallıqda bu artıq seçim yox, ehtiyacdır”.

Tehsil-press.az

Oxşar xəbərlər