Kıbrısın dünyası, dünyanın Kıbrısı...

Kıbrısın dünyası, dünyanın Kıbrısı... Quzey Kıbrıs Türk Cümhiriyyəti yaradıcılarının həyatını araşdırarkən maraqlı nüanslarla qarşılaşıram. Onlardan biri də həyatını Cümhuriyyətin qurulmasına, inkişafına həsr edən şəxsiyyətlərin jurnalistik fəaliyyəti ilə məşğul olmasıdır. Bəzilərinin isə siyasi fəaliyyətə məhz jurnalist kimi başlaması da diqqət çəkir. Cümhiriyyətin qurucularından olan Fazil Kiçiyin həyatından biz artıq bunu bilirik. Növbəti yazımın qəhrəmanı, 30 il Quzey Kıbrıs Türk Cümhuriyyətinin prezidenti olmuş Rauf Denktaşın həyatında da yazıçılıq və jurnalistlik mühüm istiqamət təşkil edir. Rauf Denktaş hələ ilk gənclik illərindən Fazil Kiçiyin baş redaktoru olduğu “Halkın sesi” qəzetində məqalələrlə çıxış edir, dünya düzənində Kıbrıs problemini, türklərin ağrı-acılarını, ingilis-yunan mürtəce siyasətinin adanın gələcəyi üçün yaratdığı təhlükəni cəsarətlə qələmə alırdı. Onun Quzey Kıbrısın televiziya kanallarından birində apardığı “Denktaşın gündəmi” adlı proqram ideya və məzmun, problemin kəskin qoyuluşu, cəsarətli fikirlər səsləndirilməsi baxımından böyük maraqla qarşılanırdı.
Rauf Denktaşın əsərləri, məqalələri və çıxışları ilə zaman-zaman tanış olmuşam və mənə elə gəlib ki, onun əsərləri əslində Kıbrısın obrazını yaradır. Onu mütaliə etdikcə, Kıbrıs gözlərimiz önündə qalın bir kitabın səhifələri kimi açılır. Rauf Denktaşın həyatı və əsərləri, hikmətli fikirləri Kıbrısı anlamaq üçün ən mükəmməl mənbədir. Bu həyat, bu əsərlər, bu fikirlər Rauf Denktaşı bir Cümhuriyyət qurucusu, millət aydını kimi xarakterizə edir. Rauf Denktaşın həyatının bütün zamanlarından millətə faydalı olan əməllər dil açıb danışır.
Rauf Denktaş 27 yanvar 1924-cü ildə Kıbrıs adasının liman şəhəri olan Bafda dünyaya gəlib. Adanın batısında yerləşən bu şəhərin dənizlə öpüşən sərhədləri onu əhəmiyyətli bir məkana çevirib. Baf dünyaya Rauf Denktaş kimi bir şəxsiyyət bəxş etdiyi üçün məşhurdur. Hələ körpə ikən anasını itirən Rauf baba və nənəsinin yanında böyüyüb, onların himayəsi ilə təhsil alıb.
Rauf Denktaşın uşaqlıq, ilk gənclik illəri Kıbrıs adasının burulğanlı zamanında keçib. Belə bir burulğanın qoynuna atılmaq, o burulğanda öz həyatını təhlükə qarşısında qoyub millətinin xilası haqqında düşünmək, onun azadlığına nail olmaq, onun gələcək inkişafının təməllərini qurmaq Rauf Denktaşın qismətinə yazılmışdı. O, millətinin, torpağının qurtuluş yolunu cəsur ürəklərdə görürdü. Görkəmli dövlət xadimi, millət fədaisinin öz xalqına, ümumiyyətlə bəşəriyyətə ünvanladığı fikirlərlə tanış olduqca, bu fikirlərin arxasında onun böyük ürəyini, ideyaları uğrunda mübarizə əzmini, millət sevgisini, sarsılmaz ruhunu görmək mümkündür: Rauf Denktaş:
- “Bacarmayacağam” qorxusu içinizdə yer etməsin, “Bacaracağam” deyən bacarar;
- Bacarmaq üçün cəsur, ürəkli olun, çəkingən və ürkək olmayın. Cəsur olan qazanır, inanclı olan bacarır;
- Xəyallarınızı geniş tutun;
- Biz milli və mənəvi dəyərlərimizi qorusaq, o dəyərlər də bizi qoruyacaq;
- Hər anınızın, gününüzün dəyərini bilin;
- Xoşbəxtliyin təməlində imanlı və inanclı olmaq dayanır;
- Səadətin mənbəyi sizin qəlbiniz, təməli isə fəzilət və əxlaqdır;
- İnsan acılar, fəlakətlər qarşısında “Bu da keçər deyərək” özü-özünə güc verməyi bacarmalıdır;
- Özünüzə, ailənizə, cəmiyyətinizə, millətinizə faydalı olacaq bir ömür sürün;
- İnsan xoşbəxt olmaq üçün yaradılıb. Xoşbəxt olmağımız üçün lazım olan hər bir şey bizə anadan olarkən verilib. Lakin biz öz həyat tərzimizlə bunları aradan qaldırır və öz daxili rahatlığımızı pozuruq, deyir. Rauf Denktaş xalq qarşısındakı çıxışlarında, radio və televiziya proqramlarındakı nitqlərində xalqına azadlıq, öz torpaqlarına, öz mənəvi dəyərlərinə sahiblik, mənəvi ucalıq hisslərini təlqin edir, millətin yüksəliş formulunu açıqlayırdı. Həyatı ilə tanış olarkən, Rauf Denktaşın sarsılmaz mübariz ruhunu görür və Quzey Kıbrıs Türk Cümhuriyyətinin yaradılmasında, onun gərgin mübarizələrdən keçib yaşamasında, sabahına inamının yaranmasında oynadığı rolla qarşılaşırsan. Quzey Kıbrıs ərazicə kiçik bir ölkə olsa da, məhz Rauf Denktaş kimi oğulları onu dünyanın diqqət mərkəzinə gətirə bildi. O, sübut etdi ki, Kıbrıs türk dünyasının ayrılmaz bir parçası, onun övladıdır. Mən istər Rauf Denktaşın, istərsə də Fazil Kiçiyin həyatını araşdırarkən, hisslərimə belə bir düşüncə hakim olub ki, Kıbrısın bu iki böyük oğlu elə Kıbrıs özü deməkdir. Quzey Kıbrıs da onların çiyinləri üzərində dayanmışdır. Bu gün onlar həyatda olmasalar da, Quzey Kıbrıs Türk Cümhuriyyətinin varoluşu bu şəxsiyyətlərin ideya və amalları üzərində bərqərardır.
Rauf Denktaşın həyatının bütün dönəmləri Kıbrısın azadlığı uğurunda mücadilə ilə bağlıdır. Anasının erkən dünyasını dəyişməsi səbəbindən atasının, nənə və babalarının himayəsində böyüyən Raufun dünya görüşünün formalaşmasında bu insanların müstəsna rolu olub. Atası Raif bəy, babası Şəhərli Mehmet bəy Kıbrısın tarixini mükəmməl bilən ziyalılar idilər. Ailədə təhsilə böyük önəm verilirdi. Raif bəy tez-tez övladlarına xatırladırmış ki, “Sizə sərvət olaraq ancaq mükəmməl təhsil verməyə çalışacağam. Sonrası sizin özünüzə aiddir.” Babasının Osmanlı əsgərləri adanı tərk etdikdən sonra söylədiyi, - “Getdilər, amma yenə gələcəklər...Mən görə bilməyəcəyəm, amma sizlər görəcəksiniz” sözləri Raufun qulaqlarından bir sırğa olub ömürlük asılmış, fikirlərinə hakim kəsilmişdi. Lefkoşadakı Mahmudpaşa küçəsindəki evin böyük həyətində ağacların budaqlarından sallanaraq oxuduğu
Təyyarəçi yapacaq çocuğunu babalar, duşman!
Bu kiçik təyyarəçini tanı,
Qanadları altında saxlayacaq Vatanı.
Onlar Raufu ölkənin Osmanlı və İngilis müstəmləkə dönəminin incəlikləri ilə tanış edir, Raufun düşüncələrində milli təəssübkeşlik, vətənpərvərlik hisslərinin toxumlarını səpirdilər. Şübhəsiz ki, atasının və babasının anlatdıqları tarix Raufun gələcək ömür yolunun istiqamətlənməsində əhəmiyyətli rol oynamışdı. O, əmin idi ki, zaman gələcək ulu babalarının əkdiyi toxumları suvarıb cücərdən şəxsiyyətlər yetişəcək. Rauf ilk və orta təhsilini almaq üçün 1930-cu ildə İstanbula göndərilir. 1941-ci ildə Rauf Denktaşın atası dünyasını dəyişir. Bu həmin il idi ki o, İngilis məktəbindən məzun olmaq, eyni zamanda İngilis əskəri qərargahında tərcüməçi kimi fəaliyyətə başlayacaqdı. Lakin tərcüməçilik fəaliyyəti Rauf Denktaşın arzuları, istəkləri, xüsusən də xarakteri ilə uyğunlaşmırdı. O, böyük meydanlar, tarixi əməllər, milyonların ürəyini fəth edəcək ideyalar üçün doğulmuşdu. Qısa biz zamanda tərcüməçilikdən istefa verib vəkillik və müəllimlik fəaliyyətinə başlaması da böyük yolun ilk addımları idi. Həmin illərdə o, Fazil Kiçiyin nəşr etdirdiyi və Kıbrıs xalqının səsini bəyan edən “Halkın sesi” qəzetində də imzasız, bəzən isə Akın Yılmaz imzası ilə məqalələrlə çıxış edirdi. Çünki həmin illərdə məmurlara qəzetlərdə məqalə dərc etdirmək qadağan idi. Atatürkçü dostlarından mənəvi güc alan Rauf Denktaş çəkinmədən millətinin ən ağrılı problemlərini gündəmə gətirirdi. Bu, əlbəttə ki, ingilis-yunan millətçilərini qane etmirdi. O, məmləkətinin qəsb edilməsi, adanın türk xalqına qarşı törədilən haqsızlıqlarla qətiyyən barışa bilmirdi.
1944-cü ildə Rauf Denktaş hüquq təhsili almaq üçün Londona yollanır. Təhsil illəri Rauf üçün asan keçməyib. Dünya müharibəsi Londonun da həyatında hiss olunurdu. Rauf müharibənin acılarını görür və öz məmləkətini düşünürdü. Kıbrıs da çətin günlərin astanasında idi. Ölkədə ingilis-yunan millətçilərinin apardığı antitürk təbliğatı, adanın Yunanıstana ilhaq edilməsi prosesi qaranlıq otaqlarda, gizli müzakirələrdə danışılırdı. Rauf Londonda olsa da, ölkəsinin taleyi ilə yaşayırdı. O, 1947-ci ildə Lincoln İnn-dən məzun olaraq Kıbrısa – Mağusaya qayıdır və vəkillik fəaliyyətinə başlayır. Onun bu qayıdışı bir çoxlarını, eləcə də doktor Fazil Kiçiyi çox sevindirir. Gənc, ürəyində millət sevgisi daşıyan vəkil Rauf Denktaşın vətən üçün böyük fayda verəcəyinə inanırdı Fazil Kiçik.
1947-ci ildə Kıbrısa dönən Rauf Denktaş dərhal siyasi hadisələrin mərkəzinə düşür və bundan sonra onun həyatının hər bir anı Kıbrıs mücadiləsi ilə bağlı olur. Kıbrısın bu dönəmində ona məhz Rauf Denktaş kimi oğullar lazım idi. Onun 1948-ci ildə Selmiyye Meydanında təşkil olunan mitinqdəki çıxışı xalq tərəfindən böyük coşqu ilə qarşılandı. Əslində Rauf Denktaşın səsi 1878-ci ildən azadlığı üçün mübarizə aparan Kıbrıs türk xalqının ideyalarının, arzu və istəklərinin səsi, sarsılmaz ruhunun ifadəsi idi. Bu mitinq yunanların ENOSİS planına qarşı təşkil olunmuşdu. Həmin mitinqdə Rauf Denktaş ilk dəfə olaraq xalqa səslənir. O, ENOSİS-in məqsədlərini açıqlayır, onun adanın, burada yaşayan millətlərin gələcəyinə zərbə vuracağını bir natiq məharəti ilə ifadə edir. Xalq onun çıxışını böyük coşqu ilə qarşılayır. Rauf Denktaş ürəklərə yol tapır, xalqın ona sevgisi yaranır. Bir siyasətçi üçün bu, olduqca əhəmiyyətli idi.
Kıbrıslı yunanların Afinaya və ingilislərə güvənərək həyata keçirdikləri antitürk tədbirlər getdikcə daha da geniş miqyas alır, bu tədbirlərin idarə olunduğu vahid mərkəz türklərə qarşı təzyiqləri daha da artırmaqda davam edirdi. EOKA bu mənada yunanların məkrli niyyətlərini həyata keçirmək üçün önəmli rol oynayırdı. Belə bir zamanda – 1957 – ci ildə yaradılmasında Rauf Denktaşın da yaxından iştirak etdiyi Türk Müqavimət Təşkilatı quruldu. Məhz bu təşkilat Kıbrısda türklərə qarşı həyata keçirilən terror aktlarının qarşısının alınmasında, türklərin hüquq və azadlıqlarının qorunmasında əhəmiyyətli işlər görməyi bacardı. Fazil Kiçik və Rauf Denktaşın rəhbərliyi ilə bu təşkilat gələcəkdə yaradılacaq Quzey Kıbrıs Türk Cümhuriyyətinin dayaqlarını yaratdı, azadlığın təməllərini qoydu.
Yunanlar, əslində Rauf Denktaşın şəxsi keyfiyyətlərinə, onun liderlik istedadına, ona olan xalq məhəbbətinə yaxşı bələd idilər və hələ Londona təhsil almağa getməzdən öncə ona qarşı planlar qurur, onun adadan uzaqlaşdırılmasına çalışırdılar.
1963-cü il hadisələrindən sonra Rauf Denktaş London Konfransı və Birləşmiş Millətlər Təşkilatında Kıbrıs türklərinin hüquqlarını müdafiə edən Rauf Denktaş Makarios tərəfindən “arzuolunmaz şəxs” elan olunur və onun Kıbrıs adasına dönüşünə qadağa qoyulur. Bu hadisə Rauf Denktaşın Kıbrıs mücadiləsinə mane olmur, əksinə onun beynəlxalq aləmdəki fəaliyyəti daha da genişlənir. Nyu-York, London, Brüssel, Paris kimi böyük şəhərlərdə konfranslar təşkil edən Rauf Denktaş Kıbrıs hadisələrini dünya ictimaiyyətinin diqqətinə çatdırır, Kıbrıs türk xalqının haqq səsini bəyan edirdi.
Ardı var.

Böyükağa MİKAYILLI

Oxşar xəbərlər