Bu sahədə ixtisarlar ola bilər - "Tədbir görülməlidir"

Bu sahədə ixtisarlar ola bilər - Son illər Azərbaycanda demoqrafik göstəricilər əhəmiyyətli şəkildə dəyişməkdədir. Məsələn, 2024-cü ildə ölkədə təxminən 102 310 yeni doğulan uşaq qeydə alınıb. 2023-cü ildə bu rəqəm 112 620 olmuşdu.

Bir başqa göstəriciyə görə, 2025-ci ilin yanvar ayı ərzində isə 8 557 körpə doğulub və bu göstərici 1 000 nəfərə düşən doğum sayının 9,9‰-ə çatdığını göstərir (əvvəlki ilin eyni ayı üçün bu rəqəm 9,7‰ idi). Bu demoqrafik azalma bir neçə ildən sonra ilk sinfə girəcək uşaqların sayının da azalmasına gətirib çıxara bilər.

Nəticədə sinif komplektlərinin sayında azalma, bəzi məktəblərdə şagird miqdarının azalması və uzunmüddətli perspektivdə müəllim ehtiyacının azalması kimi proseslər baş verə bilər.

Maraqlıdır, doğum səviyyəsinin azalması yaxın gələcəkdə təhsil sistemində müəllim kontingentinə olan tələbatı azaldacaqmı? Yəni şagird sayı azaldıqca siniflər də azalacaqsa, müəllim kadrları ilə bağlı ixtisarlar, vakant yerlərin məhdudlaşması və yeni müəllimlərin işə qəbulunda rəqabətin artması kimi proseslər gözləniləndirmi?

Mövzu ilə bağlı açıqlama verən sabiq deputat Sona Əliyeva bildirib ki, ölkədə təkcə doğum sayında deyil, əhali sayına nisbətdə doğum sıxlığında da azalma meyli var.

Onun sözlərinə görə, doğumların azalması bir neçə ildən sonra məktəbə ilk dəfə başlayan uşaqların sayını da azaldacaq, bu da siniflərin sayının və məktəb komplektlərinin gələcəkdə azalması ehtimalını gündəmə gətirir.

S.Əliyeva nəzərə çatdırıb ki, belə bir perspektivdə təhsil sistemində məktəbə gələn uşaqların sayında azalma olacaq və bərəbərində sinif və komplekt sayının azalması da müşahidə olunacaq:

“Bu isə müəllim sayına olan tələbin yavaş-yavaş azalmasına gətirib çıxara bilər. Amma doğum sayının azalması da dərhal müəllim ixtisarına səbəb olmayacaq. Gözlənilən təsir bir neçə ildən sonra doğulmuş uşaqlar məktəbə başladığı zaman daha aydın görünəcək. Təhsil siyasəti və kadr planlaması bu demoqrafik keçidi nəzərə alaraq qabaqlayıcı tədbirlər həyata keçirməlidir”.

Tehsil-press.az

Oxşar xəbərlər