Qərbi Qazaxıstandan olan tələbələr Azərbaycan Tibb Universitetinin sertifikatına layiq görülüblər

Qərbi Qazaxıstandan olan tələbələr Azərbaycan Tibb Universitetinin sertifikatına layiq görülüblər Marat Ospanov adına Qərbi Qazaxıstan Dövlət Tibb Universitetində təhsil alan 10 nəfər II kurs magistrantları Azərbaycan Tibb Universitetində (ATU) elmi işlərin qurulması və aparılması ilə əlaqədar təcrübə mübadiləsi keçiblər. Təcrübə mübadiləsinin sonunda onlar ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov və beynəlxalq əlaqələr üzrə prorektor, dosent Nadir Zeynalov tərəfindən sertifikatlara layiq görülüblər.
ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov Qərbi Qazaxıstandan olan tələbələrə təşəkkürünü bildirdi: “Bir neçə gün ərzində bizim kafedralarımızda, klinikalarımızda oldunuz, təcrübə keçdiniz. Ümid edirəm ki, razı qalmısınız. Universitetlər arasında belə təcrübə mübadilələri gənclərə gələcək işlərində çox böyük kömək edir”.
Qazaxıstanlı magistrantlar da Azərbaycan Tibb Universitetinin rəhbərliyinə təşəkkürlərini bildirdilər. Təmsil etdikləri universitet rəhbərliyi adından ATU-nun rektoruna hədiyyə təqdim etdilər.
Qeyd edək ki, Azərbaycan Tibb Universiteti dünyanın bir çox ölkələrinin aparıcı ali məktəbləri ilə əməkdaşlığı çərçivəsində tələbə və rezident mübadiləsi aparır. Marat Ospanov adına Qərbi Qazaxıstan Dövlət Tibb Universitetinin “İctimai səhiyyə”, “Tibbi profilaktika işi” və “Tibb” ixtisasları üzrə 2-ci kurs tələbələri ATU-da “İnfeksion xəstəliklərin yayılmasının epidemioloji analizi”, “Tibbdə elmi-tədqiqat işlərinin aparılması:prinsiplər, metodologiya və praktika” mövzusunda təcrübə keçiblər.

Hikmət Əliyev

Oxşar xəbərlər