BANM-in tələbələri Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində təcrübə keçib

BANM-in tələbələri Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində təcrübə keçib İçməli su sektorunda unikal qurğulardan sayılan Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi müxtəlif sahələri təmsil edən mütəxəssislərin diqqət mərkəzindədir. İstehsalat və təhsil müəssisələri arasında əməkdaşlıq çərçivəsində Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının tələbələri Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində təcrübə keçib.
Ümumilikdə təcrübə proqramından ali məktəbin 29 tələbəsi yararlanıb. Təcrübə proqramının effektli olması üçün 29 tələbə 4 qrup şəklində 2 növbəli formada 1 ay müddətində qurğuda təcrübədə olub. Təcrübənin məqsədi tələbələrə emal prosesləri, nəzarət ölçü cihazları, avtomatika avadanlıqları və SCADA sistemləri haqqında məlumat vermək, onlar üzərində praktiki işlərin aparılmasından ibarətdir.
Qurğuda müxtəlif proseslərdə ölçmələri aparmaq üçün quraşdırılmış təzyiq, temperatur, səviyyə, sərf ölçənlər və suyun keyfiyyət göstəriciləri haqqında məlumat verilib və cihazların iş prinsipləri, quraşdırma qaydaları, istismar şərtləri tələbələrin diqqətinə çatdırılıb.
Qeyd edək ki, 2011-ci ildə təməli qoyulmuş kompleks 2015-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib. Məhsuldarlığı saniyədə 6,6 kubmetr və ya sutkada 570 min kubmetr olan kompleksdə suyun emalı 5280 membran tipli süzgəclərdə aparılır. Bu kompleksdə su heç bir kimyəvi təmizlənmə aparılmadan tam qapalı, avtomatik rejimdə, mexaniki üsulla təmizlənir. Burada emal olunan su Dünya Səhiyyə Təşkilatının, digər beynəlxalq qurumların qəbul etdiyi standartlara tam cavab verir. Kompleks 2016-cı ildə Əbu-Dabi şəhərində keçirilmiş Qlobal Su Sammitində dünyanın ən önəmli su layihələrindən biri seçilib. Bu kompleks hesabına Bakı şəhəri və Abşeron yarımadasının böyük hissəsi, ümumilikdə 1 milyondan çox sakin yüksək keyfiyyətli içməli su ilə təmin olunub.

BANM-in Mətbuat Xidməti

Oxşar xəbərlər