Ulu öndər Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi bazasını formalaşdırıb

Ulu öndər Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi bazasını formalaşdırıb Azərbaycan Dillər Universitetində (ADU) ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib.
Əvvəlcə tədbirdə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ADU-nun rektoru, akademik Kamal Abdulla ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının tarixinə əbədi olaraq yazılmış ad olduğunu deyib: “Ulu Öndər millət, Vətən, dövlət üçün etdiyi şücaət, qəhrəmanlıq unudulmazdır. Çünki yox olmaq astanasına gəlib çıxmış ölkə öz gələcək nicatını, yaşamını onun fəaliyyəti ilə qazandı. Xalqımızın həyatında əsrlərboyu təlatümlü məqamlar çox olmuşdu. Amma bunun ən ağırı Ulu Öndərin bəxtinə qismət oldu. Onun Azərbaycanın sovet dönəmində, ondan sonrakı ilk müstəqillik illərində olan xidməti ona gətirib çıxardı ki, bu gün bizim ölkəmiz, millətimiz azad və müstəqil şəkildə yaşayır və inkişaf edir. Azərbaycanda elə bir vəziyyət idi ki, küçəyə çıxmaq olmurdu, gələcəyə ümid yox idi, bununla bərabər insanların qəlbində böyük azadlıq mücadiləsi, azadlıq həsrəti var idi. Bu azadlıq həsrətini Ulu Öndər addım-addım xalqa qaytarmağa başladı. Bu gün Azərbaycanın adı harada çəkilirsə, çox gözəl şəkildə onu tanıyırlar, onun mənafeyini, gələcəyə gedən yollarını gözəl şəkildə görürlər. Bu, son dərəcə böyük zəhmətin bahasına başa gəlmişdi. Yadımdadır, Ulu Öndər fəaliyyətinin ilk illərində ölkə liderləri ilə görüşüb hər dəfə xəritə qarşısında əlində çubuqla Azərbaycanın coğrafi mövqeyinin, mənafeyinin nəyi tələb etdiyini bir-bir izah edirdi. Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanın iqtisadiyyatı, elmi, mədəniyyəti, dili, gələcəyi ilə bağlı görüşləri bu gün də Prezident İlham Əliyev tərəfindən cəsarətlə həyata keçirilir. Bu gün Azərbaycan çox böyük, cəsarətli siyasi gedişlər edir. Bu, ölkə Prezidentinin bilavasitə nailiyyətidir. Ümummilli Lider Azərbaycan multikulturalizminin siyasi bazasını formalaşdırmağa başlayıb, müxtəlif sərəncamlarla milli azlıqlara xüsusi diqqətin göstərilməsini təmin edib. Onun bu istiqamətdə atdığı addımlar nəticəsində ölkə Prezidenti 2016-cı ili “Multikulturalizm ili” elan etdi, multikulturalizmi Azərbaycanın dövlət siyasəti elan etdi. Dahi rəhbər Heydər Əliyevi anmaq son dərəcə şərəfli işdir. Hər birimiz bu gün bu adı böyük ehtiramla anırıq, onun yolunun Azərbaycan üçün əbədi olduğuna inanırıq, biz də Azərbaycanın xoşbəxt gələcəyi üçün əlimizdən gələni edirik və edəcəyik. İnanıram ki, onun işığı daim Azərbaycanın üzərində şölə saçacaqdır və yolumuzu aydınlandıracaq”.
Elm və innovasiyalar üzrə prorektor, professor Novruz Məmmədov bu mərasimin artıq ənənə halını aldığını və bu günün anılmasının mənəvi borc olduğunu deyib: “Hamımız özümüzə borc bilirik ki, onu xatırladaq, onun Azərbaycan dövləti və xalqı üçün gördüyü işlərlə bağlı fikirlərimizi bildirək. Biz onun vəsiyyətlərini ləyaqətlə həyatımız boyu yerinə yetirəcəyik”.
ADU-nun rektorunun sosial məsələlər üzrə müşaviri Ələddin Əliyev ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı üçün gördüyü işlərdən söz açıb, xatirələrini danışıb. Ə.Əliyev gənclərə ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi ilə bağlı tövsiyələrini verib.
Tədbirdə Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə hazırlanan “Ulu Öndər” filmi nümayiş olunub. Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin 451-ci qrup tələbəsi Şahverən Babayev “Ulu Öndər” mahnısını ifa edib, Təhsil 2 fakültəsinin tələbəsi Zeynəb Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın müəllifi olduğu “Elegiya” şeirini söyləyib.
Sonda Ağadadaş Ağayevin ifasında “Xalq Heydər söyləyəcək” mahnısı dinlənilib.

ADU-nun Mətbuat Xidməti



Oxşar xəbərlər