Ulu Öndərin elmin inkişafında xidmətləri heç zaman unudulmayacaq

Ulu Öndərin elmin inkişafında xidmətləri heç zaman unudulmayacaq Dekabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib.
Tədbiri giriş sözü ilə bu elm müəssisəsinin direktoru, akademik Gövhər Baxşəliyeva açaraq Ulu Öndərin Azərbaycan xalqının qarşısındakı böyük xidmətlərindən danışıb. O, ümummilli lider Heydər Əliyevin gördüyü misilsiz işlərlə xalqımızın tarixinə böyük qurucu şəxsiyyət kimi düşdüyünü qeyd edib: “Ulu öndər Heydər Əliyev həm sovet dövründə respublikamıza rəhbərliyi zamanı, həm də müstəqillik illərində ölkə Prezidenti kimi Azərbaycan xalqı üçün misilsiz işlər görüb. Müstəqil Azərbaycanın rəhbərliyinə xalqın tələbi ilə respublikanın ən çətin vaxtında gələn görkəmli dövlət xadimi Heydər Əliyev qısa müddətdə ictimai asayişin bərpasına nail olaraq, insanlarda gələcəyə böyük inam yaratdı. Ümummilli Liderimiz ölkəmizin yüksək iqtisadi inkişafının əsasını qoydu”.
Gövhər Baxşəliyeva ulu öndər Heydər Əliyevin ölkə həyatının bütün sahələrinə, o cümlədən elmə böyük diqqət yetirdiyini, bu gün Ümummilli Liderin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib. İnstitutun direktoru dahi şəxsiyyət Heydər Əliyevin əziz və işıqlı xatirəsinin qədirbilən Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını vurğulayıb.
Tədbirdə institutun şöbə müdirləri - Səməd Bayramzadə, Esmeralda Həsənova, Vilayət Cəfərov, İran filologiyası şöbəsinin böyük elmi işçisi Şəmsi Əhmədov və digər çıxış edənlər dahi rəhbər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, ölkəmizdə sabitliyin bərqərar olunmasında misilsiz xidmətlərindən söz açıblar. Bildirilib ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, elmin inkişafında da Ulu Öndərin xidmətləri heç zaman unudulmayacaq.

Tehsil-press.az

Oxşar xəbərlər