Elmlərarası inteqrasiyaya dair konsepsiya: fəza təfəkkürü və incəsənət

Elmlərarası inteqrasiyaya dair konsepsiya: fəza təfəkkürü və incəsənət Təhsildə elmlərarası, fənlərarası inteqrasiyada fəza təfəkkürünün xüsusi rolunu təsdiqləmək üçün yeni konsepsiyalar böyük əhəmiyyət kəsb edir. Bu baxımdan AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Təsviri materiallar fondunun müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, dosent Nardanə Yusifova “Fəza təfəkkürü və incəsənət” adlı konsepsiya işləyib.
Bu konsepsiya məntiqi-riyazi-psixoloji istiqamət olmaqla, həndəsi həqiqət qanunu ilə irəliləməyi tələb edən yeni araşdırma yoludur. Konsepsiyada əsas məsələlərdən biri dəqiq elmlərin incəsənətin bütün sahələrinə əyani nüfuz etməsinin nümunələr əsasında araşdırılmasıdır.
Müsahibin sözlərinə görə, dekorativ və ya təsviri sənətin bütün sahələrində istifadə olunan ornamentlərin molekulyar baxımdan analizi və sintezi, konstruksiyası və rekonstruksiyası məsələsi yeni bir elmi yolun başlanğıcı olduğundan xəbər verir. Yəni həyatın bütün sahələrinin estetik dəyərinə dəyər qatan naxışların, əsasən də ornamentlərin elmi vəhdətdə araşdırılması məsələsi yaradıcılıq prosesində mühüm amildir. Bu deyilənlərin təhsilə tətbiqi isə çox mühümdür. Belə ki, təhsildə olan problemlərin fəza təfəkkürü baxımdan araşdırılmasına nail ola bilən müəllim hər hansı elmi problemin həlli üçün müxtəlif optimal variantları düşünməkdə aciz qalmır. Yəni müəllimlər qarşılaşdıqları problemlərin əhatəli olaraq, fənlərarası elmi-məntiqi yanaşmada həlli yollarını tapa bilir və əldə etdikləri nailiyyətləri ətraflı öyrədə bilir. Bu da yeni elmi biliklərin qavranlmasının riyazi-bədii-məntiqi olaraq daha asan qavranılması yolunun müəyyənləşdirilməsinə gətirib çıxarır.
N.Yusifova qeyd edib ki, konsepsiyada elm–incəsənət–yaradıcılıq–tədris vəhdətinə söykənən müddəalar əsasında, həm təcrübi, həm də nəzəri olaraq elmlərarası əlaqədə həndəsi-məntiqi qanunlara əsaslanan yeni bir istiqamət verilib. Bu elmi yol imkan verir ki, həyat hadisələrinin tamlığı ilə dərk olunmasında əhatəli düşüncəyə sahib olan təhsil işçilərinin hazırlığı təmin olunsun. “Fəza təfəkkürü və incəsənət” konsepsiyası təhsilin hazırkı durumu üçün çox vacib məsələ olmaqla, insanın intellektual dünyasını zənginləşdirmək, onu daha məlumatlı, bilikli etmək və bu biliyin qüvvəyə çevrilməsi sayəsində onun imkanlarını artırmağa yönəlib.

Tehsil-press.az



Oxşar xəbərlər