
Xüsusilə yeniyetmə yaşdakı qızlarla bağlı göstərici ictimaiyyətdə narahatlıq doğurub.
15-17 yaş arası qızlar abort üçün müraciət etdikdə hüquq mühafizə orqanlarına məlumat verilirmi? Ümumiyyətlə, bu qızların hamiləliyi evlilik, yoxsa təsadüfi münasibətin nəticəsidir?
Mama-ginekoloq Təranə Həsənova bildirib ki, Azərbaycanda 18 yaşdan kiçik şəxslərin aborta müraciəti qanunvericiliyə görə xüsusi nəzarət tələb edir və bu hallar həkimlərin polisə məlumat verməsi ilə tənzimlənir:
“Ümumiyyətlə, 18 yaşına çatmamış şəxslər istənilən ginekoloji problemlə – hamiləlik, qanaxma, abort və ya cinsi həyatla bağlı müraciət etdikdə, həkim əvvəlcə polisə məlumat verməlidir. Məlumat verildikdə polis dərhal gəlir və yalnız bundan sonra ginekoloq problemi həll edir.
Qeyd olunan statistika isə bu vəziyyətin bütün həqiqətini əks etdirmir, çünki bir çox qadın farmakoloji abort vasitələrindən istifadə edərək həkim nəzarəti olmadan özləri aborta cəhd edir. Nəticədə yarımçıq abortlar səbəbindən yaranan qanaxmalarla həkimə müraciət olunur, lakin bu, tam abort kimi statistikaya daxil edilmir”.
Həkim qeyd edib ki, qadınlar üçün abortdan çəkinmək vacibdir, çünki hamiləlikdən qorunma üçün müxtəlif üsullar mövcuddur:
“Lakin təəssüf ki, bir çox qadın həkimlərin məsləhətinə baxmayaraq öz bildiyi yolu davam etdirir. Bununla belə, həkimlər bacardıqları qədər qadınları abortdan geri döndərməyə çalışır. Hər ay 5 qadını abortdan çəkindirə bilsək, yüksək nəticə əldə edərik, həm də bu, böyük əhəmiyyət kəsb edir.
15-17 və 18-19 yaş qrupuna aid qadınların abort etdirməsi məsələsində rəsmi nikah olmasa belə, əksəriyyətinin evli olduğu ehtimal olunur. Çünki məlumdur ki, 18 yaşa qədər bir çox qızlar rəsmi nikahdankənar hamilə qalır, övlad dünyaya gətirir, həm də abort etdirir”.
Tehsil-press.az