Tariximizin qan yaddaşı – Xocalı soyqırımı

Tariximizin qan yaddaşı – Xocalı soyqırımı Azərbaycan Texniki Universitetində (AzTU) Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Əvvəlcə tədbirdə Xocalı soyqırımı qurbanlarının, eləcə də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. AzTU Televiziya Studiyasının milli-vətənpərvərlik mövzusunda hazırladığı “Qərar” filmi nümayiş olunub.
Tədbirdə Xocali rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Xəlil Vəliyev, Xocalı sakini Dürdanə Ağayeva və digər çıxış edənlər həmin gecənin dəhşətlərindən, faciənin başvermə səbəblərindən söz açıblar.
Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində soyqırımı törədilib. Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə törədilən faciə erməni ekstremistlərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun illər davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir. Xocalı soyqırımı zamanı adları bəlli olan 613 nəfərin, o cümlədən 106 qadın, 3 azyaşlı uşaq, 70 qocanın həyatına son qoyulub, 1000-dən çox dinc sakin ağır yaralanaraq əlil olub, 1275 nəfər girov götürülüb. Onlardan 150 nəfərin taleyi indiyədək məlum deyil. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailə bütünlüklə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib, əsir və girov götürülənlərə amansız işgəncələr verilib.
Diqqətə çatdırılıb ki, ümummilli liderimiz Heydər Əliyev Xocalı soyqırımının əsl mahiyyətini açıqlayıb, hələ 1994-cü ilin fevralında Milli Məclis Xocalı soyqırımına hüquqi-siyasi qiymət verib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada tanıdılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyət istiqamətlərindən biridir.
Vurğulanıb ki, illər keçsə də, xalqımız həmin gecənin dəhşətlərini, ermənilərin vəhşiliklərini yaddan çıxarmayacaq.

Tehsil-press.az

Oxşar xəbərlər