Azərbaycan Dillər Universiteti beynəlxalq əlaqələrini genişləndirir

Azərbaycan Dillər Universiteti beynəlxalq əlaqələrini genişləndirir Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla “Böyük qələbə. Yaddaş marşrutu” mədəniyyət və təhsil forumu çərçivəsində ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyası Kareliya Respublikasının nümayəndə heyəti ilə görüşüb.
Bildirilib ki, görüşdə Kamal Abdulla rəhbərlik etdiyi ali təhsil ocağının respublikada müxtəlif ölkələrin dil və mədəniyyətlərini tədris edən özünəməxsus universitet olduğunu deyib. Rektor qonaqlara universitetdə fəaliyyət göstərən “Rusiyaşünaslıq mərkəzi” elmi-tədqiqat laboratoriyası barədə məlumat verib. O, həmçinin Rusiya universitetləri ilə əlaqələrin möhkəmləndirilməsi istiqamətində əməkdaşlıqdan və mübadilə proqramlarının, layihələrin həyata keçirilməsindən söz açıb.
Kareliya Respublikasının Mədəniyyət nazirinin birinci müavini, Kareliyanın Əməkdar mədəniyyət xadimi Serqey Solovyov səfərlərinin məqsədindən danışıb. O, ADU ilə sıx dostluq və işgüzar əlaqələrin yaradılmasına nail olacaqlarını qeyd edib.
Görüşdə əməkdaşlıq perspektivləri, birgə həyata keçiriləcək layihələr, mübadilə proqramları haqqında müzakirələr aparılıb.
Qonaqlar “Rusiyaşünaslıq mərkəzi” elmi-tədqiqat laboratoriyasında pravoslav aləminin ənənəvi bayramı olan Maslenitsa bayramını qeyd edib, universitet tələbələrinin ifasında rus milli mahnılarını və şeirlərini dinləyiblər.
Sonra Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş konsert proqramı təşkil edilib.
Sonda müharibənin tarixi haqqında məlumat verilib. Rusiyalı qonaqlar və ADU-nun tələbələri vətənpərvərlik mövzusunda mahnı və şeirlər söyləyiblər.

Tehsil-press.az

Oxşar xəbərlər