Rus bölməsində oxuyanlar daha savadlıdır? - Rəqəmlərlə cavab

Rus bölməsində oxuyanlar daha savadlıdır? - Rəqəmlərlə cavab Azərbaycanda hər hansı bir mövzunu təyinatı və mahiyyəti üzrə müzakirə etmək xüsusən də son dövrlərdə bir xeyli çətinləşmişdir. Sosial şəbəkələrin şüurumuzu işğal etməsi ilə birlikdə orta statistiklik şüurumuza da hakim kəsilmişdir. Heç bir mövzu mütəxəssislər tərəfindən müzakirə edilmir. “Like”lara arxalanan orta statistik zəka isə asanlıqla ehkam kəsir, hökm verir və son sözü söyləyir.
Görkəmli ingilis filosofu Frensis Bekon insan zəkasının həqiqəti dərk etməyinin qarşısında dörd idolu təsvir edirdi. İdolların biri “bazar idolu” adlanırdı. Belə ki, insanların bir çoxu mürəkkəb şeyləri anlamadığına görə onları sadələşdirir və bu sadələşdirmə prosesində onları təhrif edirdi. Əlbəttə, orta statistik insan beyni sadələşdirməyə meyillidir, mücərrəd anlayışlar və nəzəriyyələri anlamaq ona müyəssər deyildir. Lakin bu cür insanlar və xüsusən də indiki dövrdə nəyin bahasına olursa olsun, hər bir məsələdə fikir söyləmək ehtiyacını özlərini də hiss edirlər. Burada pis olan nədir? Məgər bu fikir azadlığı deyilmi? Deyil. Çobanın ölkənin atom proqramı haqqında mülahizəsinə heç bir ehtiyac yoxdur. Məhz buna görə də çoban xəstələndikdə ya türkəçarəyə gedir, ya həkimə. Daha dəmirçinin qəbuluna təşrif buyurmur. Və çobanların saldığı hay-küydə alimlərin səsi eşidilməz olur.
Bu zəruri girişi ölkəmizdəki hər bir ictimai problem haqqında yazıya əlavə etmək olar. İstər qadın zorakılığı, istər COVİD-19-la mübarizə, istərsə də mütaliə mədəniyyəti… Lap Əziz Nesinin hekayəsindəki kimi. Tavanı su axıdan idarənin müdiri rəhbərliyə məktub yazır, rəhbərlik isə su axan yerlərin ayrı-ayrılıqda sadalanmasını tələb etdikdə müdirin cavabı çox qısa olur: “Krantdan başqa hər yerdən su axır”. Amma etiraf etmək lazımdır ki, bütün bu cəfəngiyyatlar xüsusilə təhsil sahəsi ilə bağlıdır. Axı hamı öz peşəsindən əlavə təhsil ekspertidir və təhsilimizin necə təşkil edilməsini ən yaxşı o bilməkdədir.
Ölkəmizdə rus dilində təhsilin müzakirələndirməsi də məhz bu boğucu atmosferdə baş verir. Orta statistik təfəkkürün bəsit təfəkkürü meyillənmiş hissəsi qeyd edir ki, dil öyrənməyin əleyhinə olmaq lazım deyil. Əlbəttə! Lakin bunun üçün “Azərbaycan tarixi” dərsinin rus dilində keçirilməsinə nə hacət?! Axı hər hansı bir xarici dilin orta məktəbdə tədris edilməsi başqa şeydir, təlimin həmin dildə aparılması başqa şey. Necə olur ki, Dərbənddə mollaxanada təhsil alan Mirzə Kazım bəy 9 dili öyrənə bilirdi, indi biz hansısa bir xarici dili öyrənmək üçün təlim dilini bu dilə çevirməliyik?
Dünyanın hansı ölkəsi dövlət dilindən başqa bir dildə təhsil verir? Təhsil nazirliyinin məlumatına görə Azərbaycanda 342 məktəbdə 120 mindən çox şagird rus dilində təhsil alır. Azərbaycanda rus əhalinin sayı isə… 119 min nəfərdir. “Babuşka” və “deduşka”lar məktəbin isti qoynuna təkrar atılsalar belə şagird sayı daha çox gəlir. Bəs bu məktəbdə oxuyanlar kimdir? Bu cür hesablama ilə ölkədə 10 milyon şagird olmalı idi, halbuki cəmi 1.6 milyon şagird var.
Ölkədə orta statistika təfəkkürün apelyasiya etdiyi fikirlərdən biri də rus bölməsində oxuyan şagirdlərin dünyagörüşünün daha geniş və daha savadlı olmasıdır. Bu fikir ölkənin keçmiş təhsil naziri tərəfindən təkzib edilsə belə hələ də insanlar bunun fərqinə varmayıblar. Dövlət İmtahan Mərkəzinin keçən il üçün açıqladığı keçid ballarını gördükdə isə insanı dəhşət bürüyür.
Tibbin cəmiyyət üçün necə böyük əhəmiyyət daşıdığına nə hacət?! Amma görək Tibb Universitetində Azərbaycan və rus bölməsi arasında bal nisbəti necədir? Deməli, “Müalicə işi” ixtisasının keçid balı Azərbaycan bölməsində 575 baldır, rus bölməsində isə… 344 bal. Təsəvvür edirsinizmi? Azərbaycan bölməsini bitirən abituriyent 231 bal daha çox toplamalıdır. Başqa bir ixtisasa baxaq. Azərbaycan bölməsində əczaçılığın keçid balı 526-dır. Bu qədər bal yığan abituriyent rus bölməsinin müalicə işi ixtisasına daxil olan yoldaşdan 182 bal çox toplayır. Görəsən, dünyanın hansı ölkəsində əczaçı həkimdən bu qədər savadlıdır? Bu rəqəmlərdə zərrə qədər də ədalət varmı?
Başqa qruplar üzrə də anoloji böhran mövcuddur. Bakı Dövlət Univiersitetinin Filologiya fakültəsində iki ixtisasa,“Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” və “Rus dili və ədəbiyyatı müəllimliyi” ixtisaslarına nəzər salaq. Qaydalara görə hər bir abituriyent orta məktəbi bitirdiyi bölmə üzrə ixtisasa daxil olur, rus bölməsini qurtaran, rus bölməsinə, Azərbaycan bölməsini bitirən isə Azərbaycan bölməsinə. Beləliklə… “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”nin keçid balı 549 bal… “Rus dili və ədəbiyyatı müəllimliyi” isə 226 bal… Ölkənin ən qədim və köklü universitetinə 226 balla girən abituriyent orta məktəbdə sizin övladınıza rus dilini tədris edəcək. Bakı Dövlət Universitetinin Tarix fakültəsinə rus bölməsinin keçid balı 330 baldır, Azərbaycan bölməsinə isə 495.
Bütün qruplar və ixtisaslar üzrə bu qorxunc fərqlər var. Qəribədir ki, hüquqşünaslıq ixtisasında (BDU) da Azərbaycan bölməsinin keçid balı daha yüksək olsa da fərq azdır. Burada maraqlı bir sual üzə çıxır. Hüquq fakültəsini rus dilində oxumağın hansı əhəmiyyəti ola bilər? Qanunlar Azərbaycan dilində, məcəllələr Azərbaycan dilində. Gələcəyin hakimi, prokuroru, vəkili Azərbaycan Respublikasının Cinayət Məcəlləsini rusca öyrənir. Ancaq iş prosesində istər aldığı ifadələr, istər yazdığı ərizələr, arayışlar, sanksiyalar, istər məhkəmənin dili, bir sözlə, hüquqi prosesə aid hər şey Azərbaycan dilində olacaq. 1978-ci ildə qəbul edilmiş Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsində Azərbaycan dili dövlət dili olaraq təsbit edilsə də rus dilinin bütün orqanlarda və idarələrdə hüquq bərabərliyi əsasında azad surətdə işlədilməsi də təmin edirdi. O dövr üçün rus dilində hüquq təhsilinə normal baxmaq olardı, bəs indi necə? Bir neçə il qabaq rus təhsilli olduğunu telefonla və işçilərlə danışığından anladığım bir müstəntiq məndən aldığı ifadəni imzalamaq üçün qarşıma qoyanda dəhşətə gəldim… İfadəm ən elementar orfoqrafik səhvlərlə dolu idi.
I qrup ixtisaslardan bir misal da verib bu hissəni bağlayaq: Bakı Dövlət Universitetində fizika müəllimliyi ixtisası Azərbaycan bölməsi üzrə 398, rus bölməsi üzrə isə 200 baldır. Yəni 199 bal yığan abituriyent heç yerə düşə bilməyəcək, fizika müəllimi olmaq üçün isə minimal balı yığmaq kifayətdir. Azərbaycan bölməsini bitirən abituriyent isə ondan ikiqat artıq bal toplamalıdır. Bu fakültənin rus bölməsində oxuyan Lev Landau Nobel mükafatı almışdı. 200 balla isə ancaq quru diplom almaq olur.
Məncə, bu qədəri kifayət edir… Keçək rus dilinin dünyaya açılan pəncərə olması fikrinə… Uzunçuluq etmədən faktlara baxaq…
Dünyanın ən nüfuzlu elmi məlumat bazası olan “SCOPUS”-da yerləşdirilən 21.000-dən artıq məqalənin 80 %-i birbaşa ingilis dilində yazılmışdır.
Başqa bir fakt…
Amerika Kimya Cəmiyyətinin nəşri olan “Chemical Abstracts” tərəfındən indekslənən on minlərlə məqalələrin bölgüsündə də oxşar rəqəmlər gözə dəyir. Belə ki, elmi jurnallarda təbiət elmləri üzrə məqalələrin 90, humanitar elmlər üzrə məqalələrin isə 80 %-i ingilis dilində yazılmışdır.
Bu kifayət etmirsə Nobel mükafatları laureatlarının siyahısında Rusiyanın mövqeyinə baxaq. Rusların ən parlaq olduğu sahədən başlayaq: Ədəbiyyat üzrə Nobel mükafatını alan son rus şairi (şair o dövrdə mühacirətdə yaşadığı üçün onun adı qarşısındakı ölkə qrafasına ABŞ qeyd edilmişdir) İosif Brodskidir. İl: 1987.
Rusiya 1975-ci ildən bu yana İqtisadiyyat üzrə Nobel mükafatı ala bilmir. 1950-ci ildən bu yana Sovet və sonra da rus həkimlərinin heç bir tədqiqatı bu Nobel Tibb mükafatına layiq görülməmişdir. 1956-cı ildən bu yana Kimya üzrə Nobel mükafatı Moskvaya qismət olmamışdır.
SSRİ-nin süqutundan sonra fizika üzrə alınan üç Nobel mükafatının birinə ABŞ, digərinə isə Böyük Britaniya şərikdir. Belə ki, rus fiziklər həmin ölkədə apardıqları tədqiqatlara görə bu ali mükafata layiq görülmüşlər.
Kembric (Böyük Britaniya) universitetinin nəzdində yerləşən Trinit Kollecinin əməkdaşları isə 13-ü fizikadan, 9-u isə kimyadan olmaqla ümumilikdə 34 Nobel mükafatı qazanmışdır. SSRİ və Rusiya Federasiyası isə bir yerdə 21 mükafat. Başqa sözə hacət varmı?
Bütün bu yazılanlardan sonra ölkəmizdə rus dilində təhsil üçün hər hansı zəruri əsas qalmadığı ortadadır. Bu mənada rus dilində təhsili müdafiə etmək üçün gətirilən arqumentlər ölkəmizin və modern dünyanın gerçəklərindən uzaqdır və tamamilə spekulyativ daşıyır.

Tehsil-press.az

Oxşar xəbərlər