Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri şərab zavodunda təcrübə keçirlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri şərab zavodunda təcrübə keçirlər Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin üzümçülük və şərab ustası ixtisasında təhsil alan tələbələr üçün tədris dual təhsil proqramı çərçivəsində təşkil edilir. Bu proqram çərçivəsində həmin ixtisas üzrə II kursda təhsil alan 18 tələbə hazırda “Aspi Agro” MMC-nin emal zavodunda praktiki bacarıqlara yiyələnir.
Tələbələr həftənin dörd günü mərkəzdə nəzəri dərslərdə iştirak edir, bir günü isə sahədə təcrübəyə cəlb olunurlar. Hazırda tələbələr “Aspi Agro” MMC-yə məxsus şərab zavodunda hazır məhsulun doldurulması, etiketlənməsi və paketlənməsi işlərinin aparılması istiqaməti üzrə qaydaları və iş prinsipinin əsaslarını öyrənirlər.
Yaz aylarından etibarən üzüm sahəsinə qulluğun bütün mərhələləri sözügedən müəssisənin mütəxəssislərinin birbaşa nəzarəti altında istehsalat təlimi və təcrübəsinin təşkili ilə bağlı ayrılan 2 hektar üzüm sahəsində aparılacaq. Proqramın sonunda ən yaxşı nəticə nümayiş etdirən tələbələrin işə götürülməsi nəzərdə tutulur.
“Təcrübəyə əsaslanan öyrənmə” metodu üzrə həyata keçirilən “Bacarıqlı ol” layihəsinin məqsədi praktiki biliklərin real iş mühitində əldə olunmasını təmin etməkdən ibarətdir. Bu təşəbbüs çərçivəsində tələbələr praktiki bacarıqlara tərəfdaş müəssisələrdə iş prosesində iştirak etməklə yiyələnirlər.

Tehsil-press.az


Oxşar xəbərlər