"SABAH.lab" Akselerasiya Mərkəzi təlim düşərgəsində təhsil proqramı namizədlərini müəyyən edib

Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil İnstitutunun nəzdində fəaliyyətə başlayan və ölkədə startap layihələrin inkişafına töhfə vermək üçün çalışan “SABAH.lab” Akselerasiya Mərkəzi yanvarın 15-də start götürəcək akselerasiya proqramına qoşulmaq üçün yekun namizədləri müəyyən edib.
Bu məqsədlə mərkəzin gənc sahibkarlara dəstək proqramından yararlanmaq istəyən 170 komandanın və 500 fərdi müraciət edən 1000-dən yuxarı namizədin ərizəsi qəbul edilib.
“SABAH.lab”ın komandası “İE” Biznes Məktəbi ilə birgə hazırladığı akselerasiya proqramında iştirak məqsədilə ən yaxşı mütəxəssislərin müəyyən edilməsi üçün namizədlərlə 140 saatdan çox müsahibə və 50 üzbəüz görüş keçirib.
Seçim prosesinin son “Bootcamp” mərhələsində 50 nəfər namizəd praktiki seminarlar və məşqlər vasitəsilə qiymətləndirilib. Bu məqsədlə bütün müraciət edən namizədlərin ədalətli şəkildə qiymətləndirilməsini təmin etmək üçün “İE” Biznes Məktəbinin bir qrup professor-müəllim heyəti Bakıya dəvət edilib. Seçilmiş namizədlər növbəti 6 ay ərzində yerli və beynəlxalq ekspertlərin və mentorların dəstəyi ilə öz biznes ideyaları üzrə sürətləndirmə proqramından keçəcəklər. Eyni zamanda, iştirakçılar ali məktəblərdə, dövlət qurumlarında, yerli və beynəlxalq bazarlarda böyük və kiçik şirkətlərlə sıx əməkdaşlıq imkanı əldə edəcəklər.
“SABAH.lab”ın komandası və tərəfdaş şirkətlər iştirakçılara investisiya şanslarını artırmaq üçün dəstək olacaq. Həmçinin akselerasiya proqramının sonunda təşkil olunacaq “Venture Day” tədbirində namizədlərə yerli və beynəlxalq investorlara öz ideyalarını təqdim etmək imkanı yaradılacaq.
Seçimdən keçməyən namizədlər aprel ayında növbəti qəbul proqramına qoşulmaq və yeni biznes ideyalarını həyata keçirmək şansı əldə etmək üçün müraciət edə bilərlər.

Tehsil-press.az


Oxşar xəbərlər