Təhsil İnstitutunun nəzdində “Sabah Lab” İnkubasiya Mərkəzi fəaliyyətə başlayıb

Təhsil İnstitutunun nəzdində “Sabah Lab” İnkubasiya Mərkəzi fəaliyyətə başlayıb Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil İnstitutunun nəzdində “Sabah Lab” İnkubasiya Mərkəzi fəaliyyətə başlayıb.
Mərkəzin yaradılmasında əsas məqsəd yerli və xarici bazarların xidmət və məhsullarına olan tələbatı ödəyəcək şirkətlərin inkişafına təkan vermək üçün gənc sahibkarlar ətrafında davamlı bir ekosistem yaratmaqdır. Təhsil proqramı ali məktəblərdə, dövlət qurumlarında, yerli və beynəlxalq bazarlarda böyük və kiçik şirkətlərlə sıx əməkdaşlıq vasitəsilə həyata keçiriləcək.
Mərkəzdəki unikal və sınanmış təhsil proqramı innovasiya və sahibkarlıq baxımından Avropada 1-ci yerdə olan “IE” Biznes Məktəbi ilə birlikdə hazırlanır. Təhsil proqramının tərkibində yerli və beynəlxalq universitetlərdən (Stanford, MIT, UC Berkeley, IE Business School) bir neçə professorun və sənaye liderlərinin iştirakı təmin olunur.
Yeni mərkəzdə təklif olunan proqrama iştirakçılar onlayn müraciət əsasında seçiləcək və sonda 30-40 (10 komanda) nəfər iştirakçı təyin olunacaq. Seçim prosesində “IE” Biznes Məktəbi dəstək göstərəcək. İştirakçılar formalaşmış startap ideyaları olmadan da proqrama qoşula bilərlər. Proqram həm fərdlərə, həm də formalaşmış startap komandalara açıqdır.
Qeyd edək ki, yaxın günlərdə mərkəzin ali təhsil müəssisələrində təqdimatı başlayacaq və ictimaiyyətə daha geniş məlumat veriləcək.

Tehsil-press.az


Oxşar xəbərlər