DİM: Qəbul imtahanları üçün proqramlar pandemiya dövründən əvvəlki kimi tərtib edilib

DİM: Qəbul imtahanları üçün proqramlar pandemiya dövründən əvvəlki kimi tərtib edilib 2021-ci ilin qəbul imtahanları pandemiya şəraitində sərt karantin dövrünə təsadüf etdiyi və tədris prosesində çətinliklər yarandığı üçün Təhsil Nazirliyi ilə razılaşdırılaraq proqramların məzmunu sadələşdirildi.
Fənn kurikulumuna görə fənlər üzrə məzmun xətləri aşağı siniflərdən başlayaraq 11-ci sinif də daxil olmaqla dəyişmir. Sadədən mürəkkəbə doğru məzmun standartlarının tələbləri dəyişir. Ona görə də mövzuların tədrisinə aşağı siniflərdən başlanılır və son sinifdə yekunlaşır.
Pandemiyaya görə ötən ilin qəbul imtahanı proqramları əsasən 10-cu sinfə qədərki materialları əhatə edib. Hazırda tədris prosesi əyani formada əvvəlki qaydada bərpa olunduğu üçün ali təhsil müəssisələrinə qəbul imtahanları üçün proqramlar Təhsil Nazirliyi ilə razılaşdırılaraq pandemiya dövründən əvvəlki kimi tərtib edilib. Bununla bağlı, cari dərs ilinin əvvəlində (oktyabr, 2021) fənlər üzrə işçi qruplar tərəfindən müzakirələr aparılıb və internet saytı vasitəsilə mütəmadi olaraq məlumat verilib.
Proqramlarda yenilik əsasən coğrafiya fənni ilə bağlıdır. Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü” haqqında Fərmanının vacibliyi nəzərə alınaraq, proqrama bununla bağlı mövzu daxil edilib. Mövzu hələ dərsliklərdə öz əksini tapmadığı üçün, onunla bağlı hazırlanmış material Azərbaycan və rus dillərində 2021-ci ilin oktyabr ayında saytda yerləşdirilib.
Tarix fənnindən də ötən ilin qəbul proqramına salınmış II Qarabağ (Vətən) müharibəsinə aid material yeni redaktədə oktyabr ayından DİM-in saytında yerləşdirilib.
Göründüyü kimi, proqramın məzmunu və yeniliklər barədə dərs ilinin əvvəlindən məlumat verilib. Onu da qeyd edə bilərik ki, imtahan modeli dəyişməyib, ötən illərdə olduğu kimidir. DİM tərəfindən qəbul proqramlarının məzmunu və imtahan modelinə uyğun kağız daşıyıcılar və otk.az portalı vasitəsilə onlayn sınaq imtahanları da keçirilib və hazırda davam edir.

Tehsil-press.az



Oxşar xəbərlər