Çin lideri yeni Qlobal Təhlükəsizlik Təşəbbüsünü irəli sürüb

Çin lideri yeni Qlobal Təhlükəsizlik Təşəbbüsünü irəli sürüb Çin Xalq Respublikasının Sədri Si Cinpin dünyada təhlükəsizliyin təşviqi üçün yeni Qlobal Təhlükəsizlik Təşəbbüsünü irəli sürüb.
Çin lideri yeni təşəbbüsü Asiya naminə Boao Forumunun açılış mərasimində videokonfrans formatda çıxışı zamanı səsləndirib.
Çinin ümumi, hərtərəfli və davamlı təhlükəsizlik baxışlarına, bütün dünyada sülh və təhlükəsizliyin təmin edilməsi üçün birgə fəaliyyətə sadiq olduğunu vurğulayan Si Cinpin, rəsmi Pekinin bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə, dövlətlərin seçdiyi inkişaf yoluna hörmət olunmasına, digər dövlətlərin daxili işlərinə qarışmama prinsipinə tərəfdar olduğunu vurğulayıb.
“Biz BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə riayət etməyə sadiqik, “soyuq müharibə” mentalitetini rədd edirik, birtərəfliliyə qarşı çıxırıq, qrup siyasəti və blok qarşıdurmasına “yox” deyirik”, - deyən Si Cinpin əlavə edib ki, Çin bütün ölkələrin legitim təhlükəsizlik narahatlıqlarının ciddi qəbul edilməsinə, balanslı, səmərəli və davamlı təhlükəsizlik arxitekturasının yaradılmasına tərəfdardır və bir dövlətin təhlükəsizliyinin digərinin təhlükəsizliyi hesabına təmin olunmasına qarşıdır. O, Çinin ölkələr arasında münaqişələrin və mübahisələrin dialoq yolu ilə həllinə tərəfdar olduğunu, ikili standartları və birtərəfli sanksiyaları rədd etdiyini deyib.
Çin lideri Asiya qitəsinin gələcəyini öz əlində saxlamalı olduğunu qeyd edərək, regionda sülhün, sabitliyin göydən düşmədiyini və heç bir ölkədən sədəqə kimi gəlmədiyini, bunun region ölkələrinin birgə səylərinin nəticəsi olduğunu deyib. O, ilk dəfə Asiyada irəli sürülmüş “Sülh şəraitində yaşamağın 5 prinsipi”nin və Bandunqun ruhunun bu gün daha aktual olduğunu vurğulayıb.
Qeyd edək ki, Asiya ölkələrinin 1998-ci ilin maliyyə böhranından sonra iqtisadi inteqrasiyaya can atdığı bir vaxtda, 2001-ci ildə əsası qoyulmuş Forum qeyri-hökumət təşkilatı olaraq Asiyada və onun hüdudlarından kənarda maraqlı tərəflər arasında fikir mübadiləsi aparmaqla məşğuldur. Forumun Çinin Haynan adasındakı Boao şəhərində 3 gün davam edəcək “Dünya COVID-19 şəraitində və ondan sonra: qlobal inkişaf və ortaq gələcək üçün birgə iş” devizli builki konfransda müxtəlif mövzularda yerində və distant formatda 30 tədbir keçiriləcək.

Tehsil-press.az


Oxşar xəbərlər