İsveçrə Milli Bankı ən yüksək itki ilə üzləşib

İsveçrə Milli Bankı ən yüksək itki ilə üzləşib İsveçrə Milli Bankı (SNB) bu ilin ilk yarısını 95,2 milyard İsveçrə frankı (təxminən 98 milyard avro) zərərlə başa vurub.
Beynəlxalq maliyyə bazarlarında son dövrlərdə müşahidə olunan qeyri-sabit vəziyyət, bir sıra valyutaların məzənnəsində dəyişiklik, xüsusilə də İsveçrə frankının dəyərinin artması mərkəzi tənzimləyiciyə ağır zərbə vurub və onun xarici valyutalarda saxlanan vəsaitlərinin həcmini ciddi şəkildə azaldıb. Qeyd edilən maliyyə itkisi SNB-nin təsis edildiyi 1907-ci ildən bəri bankın düşdüyü ən yüksək həcmdə zərərdir. Yaxın tarixdə qeydə alınan digər yüksək itki 2015-ci ildə baş vermişdi və bütün il üzrə 50 milyard İsveçrə frankı olmuşdu.
SNB tərəfindən açıqlanan yarımillik hesabatda maliyyə itkisi qiymətli metal, xarici valyuta və kapital bazarlarında gedən proseslərlə əlaqələndirilib və qeyd edilib ki, göstəricilərdəki dəyişikliklər müşahidə edilir və onların illik hesabata təsiri şərti şəkildə mümkündür.
Ekspertlərin rəyinə görə, xarici valyutalarda böyük həcmdə maliyyə ehtiyatları olan və onları əsasən istiqraz və səhmlərə yatıran İsveçrə Milli Bankının üzləşdiyi maliyyə itkisi gözlənilən olub. Eyni zamanda SNB iyun ayında 15 ildən bəri ilk dəfə uçot dərəcəsini artırması ilə bu prosesləri təmkinlə izlədiyinə dəlalət edir. Bu vəziyyətin maliyyə ehtiyatları 1 trilyon frankdan çox olan bankı iflasa uğratma gücü olmasa da, federal və kantonlar səviyyəsində illik gəlirdən qazanc əldə etmək şansları heçə enib.

Tehsil-press.az


Oxşar xəbərlər