Qərbi Azərbaycanda türk memarlıq irsinə erməni təcavüzü

Qərbi Azərbaycanda türk memarlıq irsinə erməni təcavüzü İnsanlığın üzləşdiyi ən çirkin və ən alçaq əməllərdən biri olan erməni terrorunun tarixi uzun, coğrafiyası genişdir. Ermənilər dünyanın müxtəlif ölkələrində törətdikləri terror aktlarını başlıca olaraq türklərə və müsəlmanlara qarşı gerçəkləşdiriblər. Keçən yüzilliyin əvvəllərində Rusiya və Avropa ölkələrinin silahlandırdıqları erməni quldur dəstələri terror yolu ilə Türkiyə, İran və Azərbaycan ərazilərində yüz minlərlə dinc əhalini qətlə yetirmiş, soyqırımları törətmişlər.
Müxtəlif ölkələrin dinc əhalisinin soyqırımını ermənilər ağlagəlməz vəhşilik və qəddarlıqla aparmışlar. Erməni terrorunun bir qolu müsəlman xalqlarının mədəni irsinə yönəlib. Onların uzun illər boyu indiki Ermənistan və Azərbaycan ərazilərində gerçəkləşdirdikləri sistemli mədəniyyət terrorundan ən çox memarlıq abidələri zərər çəkib. Ancaq bu çox ciddi və qorxulu problemə uzun illər heç bir reaksiya verilməyib.
Bu fikirlər memarlıq üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü Cəfər Qiyasinin məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
Türkiyənin İqdır şəhərində 1995-ci il aprelin 24-27-də keçirilmiş “Tarixi gerçəklər və ermənilər” adlı beynəlxalq simpoziumda mən ilk dəfə ermənilərin Azərbaycanın memarlıq irsinə qarşı törətdikləri terror olaylarını bir məruzədə yığcam şəkildə şərh etməyə çalışdım. Həmin məruzə Ankarada “Erməni kültür terroru” adlı kitabçada dərc olundu.
Ermənilər Azərbaycan-türk memarlıq irsinə qarşı ən iri terror əməliyyatlarını İrəvan şəhərində aparıblar. İrəvanda 1827-ci il rus işğalından sonra başlanan bu əməliyyatlar indiyədək davam etməkdədir. İki yüz ilə yaxındır ki, türk-müsəlman şəhəri olan İrəvanın erməniləşdirilib “Yerevana” çevrilməsi prosesi gedir. Təpəbaşı məhəllələr qrupu ağır və uzun çəkən düşmən hücumlarına qarşı tarixi İrəvanın son müqavimətidir. Respublikamızda bu hadisəyə münasibət bildirilib. 2022-ci il iyulun 5-də Gülüstan sarayında “İrəvan şəhərində Azərbaycan milli mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərinin silinməsi” üzrə araşdırmanın təqdimat mərasimi keçirilib.
Azərbaycanın tarixi şəhərlərindən biri olan İrəvan XVI yüzillikdə qala şəhər kimi yaranıb. Türk-islam şəhərsalma ənənələrinə uyğun inkişaf etmiş İrəvan XVIII yüzillikdə Qala, Şəhər, Təpəbaşı və Dəmirbulaq hissələrindən ibarət idi. Bunların hər biri müəyyən tarixi mərhələdə formalaşmış məhəllələr qrupu olub. İrəvanın şəhərsalma özəyi olan Qalanın şimal tərəfində ilkin olaraq Şəhər – bayır şəhər yaranıb. XVII yüzillikdə bu bölüm “Əskişəhər” adlanırmış. Övliya Çələbinin yazdığına görə, İrəvan qalasının “Yayla qapısından bayıra – böyük varoşa (bayır şəhərə) Əskişəhər deyirlər. Zaman keçdikcə “Əskişəhər” adı “Şəhər”ə çevrilib. Bayır şəhər sonra Dəmirbulaq yönündə böyüyüb. Təpəbaşı məhəllələr qrupu isə XVII əsrdə adından da göründüyü kimi, şəhər relyefinin ən yüksək yerində formalaşıb.
İrəvan qalasının ikisıralı divarlarında üç qapı qoyulmuşdu: Təbriz, Şirvan və Körpü. Çar Rusiyasının işğalından bir qədər sonra – 1864-cü ildən başlayaraq bu qapılar və içərisində yalnız Azərbaycan türklərinin yaşadığı, quruluşca Bakı qalasına – indiki İçərişəhərə bənzəyən İrəvan qalası dağıdılmağa başlanıldı.
Hər bir müsəlman şəhəri kimi, İrəvanın da siluetində, bədii-estetik görkəmində məscidlər uca minarələri, möhtəşəm sivri günbəzləri ilə önəmli rol oynayırdı. Əski rəsmlər və fotolarda İrəvan çoxgünbəzli, çoxminarəli müsəlman şəhəri kimi təsvir olunub. Bu baxımdan rus rəssamı Rubonun 1827-ci ildə baş vermiş rus işğalını tərənnüm edən tablosu parlaq örnəkdir. Erməni-rus birliyi İrəvanı erməniləşdirmək üçün hər şeydən öncə bu özəlliyi aradan qaldırmağa girişdi. Müsəlman şəhərinin məscidləri planlı şəkildə dağıdıldı.
Rus işğalı ərəfəsində İrəvanda neçə məscid və minarənin yüksəldiyi indi bəlli deyil. 1828-ci ildən başlayaraq rusların həm etnik, həm də şəhərsalma-memarlıq baxımından sürətlə erməniləşdirmə siyasəti yürütdükləri İrəvanda XX yüzilliyin başlanğıcında səkkiz məscid qeydə alınmışdı. Onlardan ən əskisi İrəvan qalasının yaşıdı olub. 1510-cu ildə I Şah İsmayılın (1501-1524) göstərişi ilə ucaldılmışdı. Qızılbaş türk sülaləsi dönəminin mükəmməl kompozisiyalı məscidlərindən biri olan bu dəyərli abidəni 1818-ci ildə ermənilər içərisinə müsəlmanları dolduraraq yandırmışlar.
I Şah Abbas (1587-1629) İrəvanda Cümə məscidi tikdirmişdi. Tikinti tarixləri və memarlıq həllərinə görə bir-birinə yaxın olan Gəncə və İrəvan Cümə məscidlərinin memarı Şeyx Bəhaəddin olub. İrəvan qalasındakı Sərdar Sarayının şərqində yerləşən bu dini kompleksin tərkibində məscid, mədrəsə, kitabxana, müsafirxana və onları birləşdirən böyük həyət olmuşdur. Ağır olayların baş verdiyi 1818-ci ildə azərbaycanlı arxeoloq İsabəy Əzimbəyov həmin məscidi yarıuçuq şəkildə ikən araşdırıb. Az sonra bu tanrı evi də ermənisayağı allahsızcasına dağıdılıb, yerlə bir edilmişdi.
İrəvan qalası içərisində Rəcəb Paşa (1795-ci il) və Abbas Mirzə (XVIII əsr) məscidləri də monumental görkəmləri ilə diqqət çəkirdi. İşğaldan sonra ruslar Rəcəb Paşa məscidini uçurdub yerində pravoslav kilsəsi tikmişlər. Abbas Mirzə məscidi də yox edilmişdir. İrəvanın şəhər hissəsində Novruzəli xan, Xoca Cəfər bəy və Məhəmməd Sərtib xan məscidləri ucalırdı. Bu məscidlər də uçurulmuş, Zalxan məscidi İkinci Dünya müharibəsindən sonra sənət özəlliyi pozularaq rəsm və sərgi binasına çevrilib.
El dilində Göy məscid adı ilə tanınan Hüseynəli xan məscidi (1765-ci il) bu gün İrəvanda türk-islam dini memarlığının tək və sanballı şahidi olaraq qalmışdır: adı və memarlığı ilə İrəvan şəhərini yaratmış xalqın parlaq nişanəsi kimi. Göy məscid mədrəsə hücrələri ilə əhatə olunmuş geniş həyəti (71x47 m) və üç günbəzli ibadət salonu olan XVIII əsrin tək minarəli dəyərli memarlıq əsəridir. Təbriz Göy məscidi (XV əsr) kimi bu məscidin də adı kaşı bəzəyində göy rəngin üstün yer tutması ilə bağlıdır.
İrəvan Göy məscidini ermənilər 1918-ci ildən başlayaraq bir neçə dəfə yandırıb qəzalı duruma salmışlar. Onlar bu dəyərli abidədən türk izlərini silmək üçün Göy məscidini bərpa işlərinə iranlı mütəxəssisləri cəlb etdilər.
Əlimizdə Göy məscidin bərpadan öncəki durumunu geniş əks etdirən materiallar olmadığından və bərpadan sonrakı vəziyyətini naturada müşahidə edə bilmədiyimizdən aparılmış bərpa işlərinin dürüstlüyünü və keyfiyyətini aydınlaşdırmaq çətindir. Bərpaçı ustalar kərpic hörgü işlərini və kaşı bəzəyini keyfiyyətlə yerinə yetirmiş, acınacaqlı durumda olan bir memarlıq abidəsini dirçəltmişlər. Bununla yanaşı iranlı uzmanların bərpa işlərində yanlışlar da gözə dəyir.
Göy məscid həyətinin dördeyvanlı ənənəvi quruluşu var. Cənubda məscid binası iri eyvanı ilə həyətə yönəlib. Onunla üz-üzə yerləşən şimal eyvanı monumental baştağ şəklində işlənib. Bu baştağın giriş qapısı üstündə sivri tağın içərisinə iranlı bərpaçılar yeni bir tikinti kitabəsi quraşdırmışlar. Kitabənin mərkəzində kufi xətti ilə “Ya Allah Məscid Kəbud İrəvan”, onun yanlarında isə “Mən elmin şəhəriyəm, Əli isə onun qapısı” sözləri yazılıb. Kitabənin düzbucaqlı çərçivə içərisində olan alt bölümündə nəstəliq xətti ilə yazılmış mətndə bildirilir ki, bu məscidi “İran İslam İnqilabının Məzlumlar və Qazilər fondu şəmsi təqvimi ilə 1375-1379-cu illərdə bərpa və konservasiya etmişdir. Hüseyn Müsəddiqzadənin işi”. Göründüyü kimi, kitabədə İrəvan Göy məscidinin farscaya çevrilmiş adı və kaşı ustasının kimliyi göstərilib.
Bərpa kitabəsinin bu sayaq tarixi abidənin görkəmli bir yerində, mövcud bəzək sisteminə kobud müdaxilə yolu ilə əlavə edilməsi çağdaş bərpa tələblərinə ziddir. Bərpaçıların bu işi həmin abidəyə, eləcə də onu XVIII əsrdə ucaltmış memara hörmətsizlikdir. Böyük ehtimalla Göy məscidi Hüseynəli xanın Saray memarı olmuş xoylu sənətkar Mirzə Cəfər ucaltmışdır. Bərpa kitabəsi məscidin həyətində quraşdırılmış sadə bir lövhədə yazılsaydı, bərpa tələbləri və etika baxımından düzgün olardı. Bu tip təmir-bərpa kitabələrində heç vaxt abidənin xalq dilində olan adı yazılmamışdır. Burada adın farsca verilməsi Göy məscidi “fars məscidi” adı ilə təqdim edən ermənilərin uydurmasını “sənədləşdirməyə” xidmət edir.
Bir rus rəssamının tablosu və əski fotolarda Göy məscidin mərkəzi günbəzinin zahiri kaşı bəzəyi yaxşı əks olunub. Bu sənədlərlə müqayisə edildikdə bərpa zamanı günbəz bəzəyinin quruluşunda müəyyən sapmalara yol verildiyi duyulur.
İrəvanın ən məşhur, həm də ən çox tərif edilən, avropalı səyyah və rəssamların heyranlıqla təsvir etdikləri abidəsi Sərdar sarayı, başqa adı ilə tanınan Xan Sarayı idi. Zəngi çayının uçurumlu sahili üstündə yerləşib qarşıdakı Xan bağlarına və geniş məkana – gözəl təbiətə yönələn Xan Sarayı kompleksindən də bu gün bir iz qalmayıb.
Qızılbaş türk şahları İrəvanın əsasını qoyarkən, şübhəsiz ki, XVI yüzilliyin əvvəllərində öz naibləri üçün saray kompleksi tikdirmişlər. Orta əsrlər şəhərsalma tələblərinə görə bu kompleks üçün İrəvan qalasında ən ideal yer seçilmişdi. Həmin sarayda XIX yüzilliyin ortalarına kimi çoxsaylı yenidənqurma və genişləndirmə işləri aparılıb. Hüseynəli xan XVIII əsrdə İrəvanın iç qalasında yerləşən saray kompleksini xoylu memar Mirzə Səfərə yenidən tikdirib. Onun oğlu Məhəmməd xan 1791-ci ildə kompleksə güzgülü salon və yay imarəti adı verilən hissəni əlavə edib. Mahmud xan isə 1798-ci ildə sarayda yeni binalar inşa etdirib. İrəvan Sərdar sarayı Qızılbaş və Qacar türk sülalələri dönəmlərinin Azərbaycan saray memarlığının çox dəyərli örkənlərindən biri olub. Saray kompleksinin müxtəlif funksiyaları olan çoxsaylı binaları həyətlər ətrafında qruplaşmışdı. Fəvvarəli hovuzlar, çiçək bağçaları, su arxları bu həyətlərdə cənnət atmosferi yaradırdı. Bu yüksək ruh saray binalarının iç tərtibatında davam etdirilmişdi. Divar və tağlardakı naxışlar, savaş və ov səhnələri, zəngin bəzəkli portretlər interyerlərdə çox dəbdəbəli və şaqraq memarlıq ortamı yaratmışdı.
Xan sarayının içərisindəki son divar rəsmlərini və portretləri XIX əsrin Azərbaycan rəssamı Mirzə Qədim İrəvani 1850-ci ildə işləmişdi. Erməni-rus işbirliyi sonucunda 1827-1918-ci illər arası müddətdə bu çox dəyərli memarlıq kompleksi dağıdılaraq aradan götürüldü. İrəvan Sərdar sarayının möhtəşəm memarlıq-bədii özəlliklərini, səyyah və peşəkar rəssamların çəkdikləri qravürlər, XIX yüzillikdə çəkilmiş planlar, rəsmlər və fotoların yardımı ilə bu gün təsəvvür etmək və canlandırmaq mümkündür.
Əski İrəvanın türk üslubunda tikilmiş körpüləri, karvansarayları, hamamları da ya uçurulmuş, ya da ən yaxşı halda “İran-fars” abidəsi kimi təqdim olunur. Türk memarlığı örnəkləri olan İrəvanın yaşayış evləri erməni abidələri kimi araşdırılmaqdadır. Halbuki bu evlərin sahibləri kimi memarları da Azərbaycan türkləri olub. Yarıuçuq durumda qalmış Təpəbaşı məhəllələrindəki tağların hamısı müsəlman memarlığına xas sivri biçimlidir və çoxu bişmiş kərpicdən yığılıb. Yarıməsr içərisində İrandan gətirilmiş ermənilərə həmin evlərin verilməsi və ya ermənilərin sahiblənməsi yolu ilə həmin abidələri erməniləşdirmək olmur.
Qərbi Azərbaycan – indiki Ermənistan ərazisindəki bütün monumental müsəlman abidələrini məhv etməyi qarşılarına məqsəd qoymuş ermənilər bu torpaqlarda Ağqoyunlu, Qaraqoyunlu, Qızılbaşlar və Qacarlar dönəmlərinin memarlıq irsimizi yox etməkdədirlər. Səəd vilayətinin Saadlu bölgəsindən olan əmirlərin Cəfərabad – indiki Aqarovand kəndində yaxın zamanlaracan mövcud olan türbələri özüllərinə kimi dağıdılıb. Bu memarlıq terrorunun son obyekti İrəvanın Təpəbaşı məhəllələridir.
Əski İrəvanın bayır şəhəri üçhissəli (Şəhər, Təpəbaşı, Dəmirbulaq) olub. Son araşdırmaya görə Təpəbaşı “9 küçə və məhəlləyə bölünürdü”. Azərbaycanın orta əsr şəhərlərinin bir çoxunda hər məhəllənin gecələr darvazaları bağlanan bir baş küçəsi olurdu. Bu səbəbdən məhəllələrin bəziləri bu küçələrin və ya darvazaların adı ilə tanınırdı. Təbrizdə olduğu kimi İrəvanda da bu ənənə mövcud olmuşdur. Ona görə Təpəbaşının 9 məhəllədən ibarət yaşayış massivi olduğunu söyləmək mümkündür.
Yazılı qaynaqlarda, sənədlərdə və İrəvanın əski planlarında adı “Təpəbaşı” kimi təqdim olunan qədim yaşayış massivi indi ermənicəsinə tərcümə edilərək “Kond” adı ilə “özəlləşdirilib”. Ancaq “Göy məscid” adını “Məscidi Kəbud” yazdırmaqla onu farslaşdıra bilmədikləri kimi, bu məhəllələr qrupunun şəhərsalma və memarlıq irsini də “Kond” adı ilə erməniləşdirmək mümkün deyil. Bu səbəbdən yüz ildən artıqdır ki, İrəvanın başqa tarixi yerləri və memarlıq abidələri kimi dəyərli şəhərsalma memarlıq abidəsi olan Təpəbaşını da yox etmək prosesi sistemli şəkildə aparılır. Təsvirlərdən görünür ki, bu tarixi məkanda nəinki bərpa, heç adi təmir işləri aparılmayıb. On illərlə başlı-başına buraxmış Təpəbaşı paytaxt İrəvanın ortasında bir xarabalığa və antisanitariya ocağına çevrilib. Belə acınacaqlı duruma qəsdən salmaq yolu ilə erməni rəsmiləri onu uçurub yerində yeni binalar ucaltmağa “haqq qazandırmaq” istənilir. Görkəmindən yiyəsizlik yağan Təpəbaşı məhəllələrində yarıuçuq durumda qalan onlarca dini, mülki və yaşayış binası memarlıq abidəsi statusu daşımağa layiqdir. Göy məscid kimi onlar da yalnız bərpa edildikdən sonra ilkin görkəmlərini alaraq gerçək bədii-memarlıq dəyərlərini üzə çıxara bilərlər. Erməni toplumu bu dəyərlərin üzə çıxmasından çox qorxur. Çünki Təpəbaşının məhəllələri və abidələrinin daşıdığı tarixi və mədəni dəyərlər toplusunda erməni qatı yoxdur. Ona görə Ermənistan hakimiyyətindən Təpəbaşının qorunmasını və bərpa edilməsini gözləmək olmaz. Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərinin silinməsi üzrə araşdırmada haqlı olaraq Təpəbaşı məhəllələrinin beynəlxalq mühafizəsi tələbi irəli sürülüb.
Qeyd edək ki, müəllif məqaləni hazırlayarkən Azərbaycan, rus və fars dillərində mənbələrdən istifadə edib.

Tehsil-press.az

Oxşar xəbərlər