ADA Universitetinə qəbulun nəticələri açıqlanıb

ADA Universitetinə qəbulun nəticələri açıqlanıb ADA Universitetinə bu il üçün nəzərdə tutulan qəbul planı tam dolub.
Qəbul edilən 1004 tələbənin 787-si 12 bakalavr, 217-si isə 8 magistr proqramı üzrə təhsil alır. Bakalavr proqramlarına Dövlət İmtahan Mərkəzinin (DİM) imtahan nəticəsi ilə 345, “SAT” nəticəsi ilə 187, “IB” nəticəsi ilə 13, ADA Məktəbindən isə 190 tələbə qəbul edilib.
DİM imtahan nəticəsi ilə qəbul edilənlərin orta keçid balı 574, “SAT nəticəsi” ilə qəbul olanların orta keçid balı 1330 təşkil edib. Bundan əlavə, ADA Universitetinə bu il 31 ölkədən 74 xarici tələbə qəbul edilib.
Qeyd edək ki, Universitet ilk dəfə bu il həmin ölkələr sırasında olan Konqo, Malayziya, Mavriki və Nikaraquadan tələbə qəbul edib.
Xarici tələbələr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İslam Əməkdaşlığı Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin tələbələri üçün təsis etdiyi təqaüd proqramından və Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən “Əlimərdan bəy Topçubaşov” adına təqaüddən yararlanırlar.
Ümumilikdə isə bu il qəbul edilən bütün tələbələrin 35 faizi müxtəlif təhsil haqqı güzəşti əldə ediblər. Həmin tələbələrdən 8-i respublika fənn olimpiadalarının qalibidir.
Əvvəlki illə müqayisədə 9 bakalavr proqramının minimum keçid balında nəzərəçarpan artım müşahidə edilib. ADA Universitetinin ən çox tələb olunan proqramlarından olan Kompüter elmləri ixtisasına keçid balı bu il 604-ə qalxıb.
Qeyd edək ki, ADA Universiteti cari tədris ilinə bir sıra yeniliklərlə başlayıb. Belə ki, yeni təqdim edilən Elektrik və Elektronika Mühəndisliyi üzrə bakalavr, eləcə də Azərbaycan dilində tədris olunan Təhsil üzrə Menecment və Təlim və Tədrisin Təşkili və Metodikası üzrə magistr proqramlarına ilk tələbələrin qəbulunu həyata keçirən Universitet, bu il həmçinin Hüquq fakültəsinin əsasını qoyub.

Tehsil-press.az


Oxşar xəbərlər