AzMİU Özbəkistan universitetləri ilə əməkdaşlığı genişləndirir

AzMİU Özbəkistan universitetləri ilə əməkdaşlığı genişləndirir Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri professor Nurməmməd Məmmədov Özbəkistanın İslam Kərimov adına Daşkənd Dövlət Texniki Universitetində ezamiyyətdə olub. Ezamiyyətin məqsədi iki universitet arasında əlaqələrin qurulması, inkişaf etdirilməsi və elmi-pedaqoji əməkdaşlıq üçün memorandumun imzalanması olub.
Daşkənd Dövlət Texniki Universitetinin rəhbərliyi ilə keçirilən görüşlərdə Memarlıq və İnşaat Universitetinin potensialı, elmi-texniki nailiyyətləri, xarici əlaqələri haqqında geniş məlumat verilib. Görüş zamanı, həmçinin işğaldan azad olunan ərazilərimizdə aparılan tikinti-quruculuq işləri, həmin ərazilərdə yaşıl iqtisadiyyatın komponentlərindən olan yaşıl enerji strukturunun qurulmasından bəhs olunub. N.Məmmədov Daşkənd Dövlət Universitetinin Energetika fakültəsində “Zəngəzur: əvvəl və sonra” və “İnşaatda enerji səmərəliliyi qlobal ənənə kimi” mövzularında təqdimatla çıxış edib. Hər iki mövzu ətrafında müzakirələr təşkil olunub.
Daşkənd Memarlıq və İnşaat Universitetində keçirilən görüşdə isə qlobal təhsil çağırışları, təhsil islahatları və bu kimi mövzularda müzakirələr aparılıb, əməkdaşlığın gücləndirilməsi qərara alınıb.
Qeyd edək ki, AzMİU ilə Özbəkistan universitetləri, xüsusilə texniki ali təhsil müəssisələri arasında səmərəli əməkdaşlıq əlaqələri mövcuddur. Bunlara əsasən beynəlxalq təhsil proqramlarında birgə fəaliyyət, tələbə mübadiləsi, qarşılıqlı səfərlərin təşkili, təcrübə mübadiləsi və bu kimi önəmli əməkdaşlıq daxildir.

Tehsil-press.az

Oxşar xəbərlər