Özbəkistan ali təhsil müəssisələri ilə AzMİU arasında əməkdaşlıq genişlənir

Özbəkistan ali təhsil müəssisələri ilə AzMİU arasında əməkdaşlıq genişlənir Özbəkistanın ölkəmizdəki səfiri Bahrom Aşrafxanov Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova ilə görüşüb.
Görüşdə rektor xalqlarımız arasında qədim tarixə malik olan dostluq və qardaşlıq əlaqələrinin bu gün dövlətlərimiz arasında uğurla davam etdiyini bildirib. Prezident İlham Əliyevin Özbəkistana rəsmi dövlət səfəri və bu səfər zamanı əldə olunan razılaşmalarla ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin daha da dərinləşdiyini deyən rektor AzMİU və Özbəkistan universitetlərinin mövcud əlaqələrdən danışıb. Gülçöhrə Məmmədova qeyd edib ki, AzMİU ilə Daşkənd Memarlıq Universiteti, Səmərqənd Dövlət Universiteti, Buxara Dövlət Universiteti arasında əməkdaşlıq mövcuddur və bu əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli mühit formalaşıb.
Səfir Bahrom Aşrafxanov Özbəkistan ali təhsil müəssisələri ilə AzMİU arasında yeni əlaqələrin qurulması və inkişaf etdirilməsi üçün səfirliyin bütün zəruri tədbirləri görəcəyini vurğulayıb.
Görüşdə AzMİU-nun da təmsil olunduğu Türk Dövlətləri Birliyi nəzdində Türk Universitetləri Birliyində AzMİU ilə əməkdaşlıq yolu ilə Özbəkistan universitetlərinin də təmsil olunması, əlaqələrin perspektivləri, beynəlxalq layihələrdə birgə iştirak, elm, tədris və tədqiqat sahələri üzrə əməkdaşlıq imkanları haqqında geniş müzakirə aparılıb.
Daha sonra rektor Gülçöhrə Məmmədova səfiri AzMİU-nun Memarlıq fakültəsi ilə tanış edib. Səfir fakültənin tədris auditoriyaları və laboratoriyalarına, sərgi salonuna, tələbələrin əl işlərinə baxış keçirib və fikir mübadiləsi aparıb.

Tehsil-press.az


Oxşar xəbərlər