Terminallar 10 manatlıq əsginasları niyə qəbul etmir? - RƏSMİ - Video

Terminallar 10 manatlıq əsginasları niyə qəbul etmir? - RƏSMİ - Video Vətəndaşlar Azərbaycan Dəmir Yollarının ödəniş terminallarında 10 manatlıq əsginasların qəbul edilməməsi ilə bağlı narazılıq edirlər. İddialara görə, terminallar həm yeni, həm də köhnə nümunə 10 manatlıq əsginasları qəbul etmir. Xüsusilə bilet ödənişi zamanı yaranan bu problem sərnişinlər üçün əlavə vaxt itkisi və narahatlıq yaradır. Nəticədə məsələ ADY istifadəçiləri arasında geniş müzakirələrə və narazılığa səbəb olub.

Sözügedən problemlə bağlı Azərbaycan Dəmir Yollarındən bildirilib ki, bu kimi hallara bəzi vaxtlarda rast gəlinə bilər və məsələ texniki səbəblərlə bağlıdır:

"Ödəniş köşkləri mütəmadi olaraq inkassasiya olunur. Lakin inkassasiya prosesindən müəyyən müddət sonra köşkün kassası dolduqda aparat daha yüksək nominalda olan əskinasları qəbul etmir. Bu isə bəzi hallarda 10 manatlıq əskinasların qəbul edilməməsi kimi görünə bilər".

Qurum sərnişinlərə belə hallarla qarşılaşdıqları zaman kassaya yaxınlaşaraq ödənişi nəğd formada həyata keçirməyi tövsiyə edib.

Mərkəzi Bankdan isə sorğumuza cavabda bildirilib ki, kağız milli pul nişanlarının ödəniş terminalları vasitəsilə qəbul olunmaması bir neçə halda baş verir:

"Milli pul nişanı kağız keyfiyyətini itiribsə, həmçinin Qaydaların tələbində nəzərdə tutulan normalardan fərqlidirsə (üzərində çirk, ləkə, yapışqan lent və digər yararsızlıq əlamətləri mövcuddursa) və ya həqiqiliyində şübhə yaranarsa və ya ödəniş terminalında texniki xəta baş veribsə və ya avadanlığın proqram təminatında nasazlıq yaranıbsa. ​Qeyd olunanları nəzərə alaraq, ödəniş terminalları vasitəsilə kağız milli pul nişanlarının qəbulunda problem yarandığı təqdirdə, bununla bağlı ilk növbədə avadanlığın məxsus oldğu ödəniş xidməti təchizatçısına (banka, ödəniş təşkilatı, elektron pul təşkilatı və s.) müraciət olunması tövsiyə edilir".

""Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununun 36.3-cü maddəsinə əsasən Mərkəzi Bankın buraxdığı pul nişanları, o cümlədən investisiya, yubiley və xatirə pul nişanları Azərbaycan Respublikasının bütün ərazisində nominal dəyərləri ilə hər növ ödənişlərin həyata keçirilməsi, hesablara daxil edilməsi və pul köçürmələri zamanı hökmən qəbul edilməlidir. Bununla yanaşı, Mərkəzi Bankın İdarə Heyətinin 18 may 2020-ci il tarixli 23/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası” Qaydalarının 3.7-ci bəndinə əsasən Banklar tərəfindən istismar olunan nağd pul avadanlıqları, o cümlədən pulsayan, emal edən, qəbul edən (avtomatlaşmış cash-in maşınları) və s. avadanlıqlar həqiqi milli pul nişanlarını tanımalıdır və saxta pul nişanlarını qəbul etməməlidir", - deyə məlumatda qeyd edilib.

Tehsil-press.az

Oxşar xəbərlər