“Ov edirsənsə, qanuna da tabe olmalısan” - Xidmət rəisi

“Ov edirsənsə, qanuna da tabe olmalısan” - Xidmət rəisi Cəmiyyətdə ovçuluqla bağlı müxtəlif yanaşmalar və fikirlərin olması, ovçuluqda norma və qaydaların gözlənilməsi, bu sahənin necə tənzimlənməli olması hər zaman gündəmdə duran məsələlərdəndir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə ilə bu mövzu ilə bağlı sualları cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Hikmət müəllim, hazırda ov mövsümüdür və Azərbaycanda bu sahəyə nə dərəcədə maraq var?
- Düşünürəm ki, insanların ov etmək ehtiyacını məhdudlaşdırmaq qeyri-mümkündür. Başqa sözlə, hazırda dünyada ov turizmi deyilən bir sahə mövcuddur və bu sahəyə marağı olanlar çoxdur, Azərbaycanda da həmçinin.
Bu səbəbdən, ov etmək istəyənlər üçün şəraitin yaradılması, lakin bütün dünyada olduğu kimi bu işin müvafiq qanun və qaydalarla tənzimlənməsi, nəzarətdə saxlanılması zəruridir.
Digər məsələ isə ova marağı olanların bu işə məsuliyyətlə yanaşmasıdır. Dövlət bu sahəni qanunvericiliklə tənzimləyirsə, ovçular da müəyyən edilmiş ovçuluq qaydalarına mütləq riayət etməlidirlər.
Amma qeyd etmək istəyirəm ki, dünyanın hər yerində, o cümlədən bizim ölkədə də ovçuluqla bağlı fikirlər müxtəlifdir. Bir qrup şəxs ov etməyi asudə vaxtın səmərəli keçirilməsi kimi başa düşür, onlar üçün ovla bağlı qadağalar hüquqlarının məhdudlaşdırılması kimi qəbul edilir, digər bir qrup isə ovun ümumiyyətlə əleyhinədir.
- Məsuliyyətli ov nədir və ov mövsümünü ətraf mühitə zərər vurmadan təşkil etməyin qaydaları barədə nə deyə bilərsiniz?
- Ovla bağlı yaranan əks fikirlər də buradan irəli gəlir. Hesab edirəm ki, ətraf mühitə, biomüxtəlifliyə zərər verilməməsinin əsasını məsuliyyətli ovçuluq təşkil edir. İlk növbədə, ovçunun özünün məsuliyyətli olması, ən azı ona görə ki, silahlı şəxs həm özü, həm digər şəxslər, həm də təbiət üçün risk mənbəyidir. Məsuliyyətli ovçu qanunvericiliyə hörmətlə yanaşan, vəhşi təbiət və ov bacarıqları ilə bağlı biliklərini inkişaf etdirən, həmçinin ətraf mühitə qayğı ilə yanaşan şəxsdir.
Bu səbəbdən, məsuliyyətli ovçu olmaq məsuliyyətli insan olmaq və ölkənin qanunvericiliyinə, müəyyən edilmiş ov qaydalarına riayət etmək deməkdir.
Ovçuluq, ov turizmi dünyanın çox ölkəsində inkişaf edib. Lakin ov lisenziyası almaq üçün psixoloji testlərdən keçmək təcrübəsi dünyanın heç bir ölkəsində yoxdur.
- Bizdə qaydalar fərqlidir?
- Elədir. Azərbaycanda ovçular ovçuluq biletlərini yeniləmək üçün hər 2 ildən bir imtahan verməlidirlər. Ova yalnız həftənin cümə, şənbə və bazar günləri, müəyyən olunmuş yerlərdə - ov sahələrində, ovçuluq təsərrüfatlarında və müəyyən heyvan növləri üzrə icazə verilir. Ovçuluq sahəsində qanunvericiliyə riayət olunmasına Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər Nazirliklərinin əməkdaşları nəzarət edirlər.
- Bir əsas məsələni də şərh etmənizi istərdik. Aparılan təbliğat, maarifləndirmə işləri və nəzarət tədbirləri nəticə verirmi? Qanunsuz ov edənlərin sayı azalırmı, yoxsa..?
- Bəli, sevindiricidir ki, statistika müsbətə doğru dəyişir. Ölkədə ovla məşğul olanlar, artıq daha çox qaydalara əməl etməyə çalışır, qanunları pozmamağa, təbiətimizə zərər verməməyə səy göstərirlər. Düz qeyd etdiniz, təbliğat, maarifləndirmə, hərtərəfli nəzarət mexanizmlərinin tətbiqi və yerinə yetirilməsi, bir də bu sahədə şəffaflığın təmin olunması, eyni zamanda Ovçuluq Cəmiyyətləri tərəfindən ovçulara düzgün istiqamətin verilməsi artıq müsbət nəticə verir.
Əgər 4-5 il əvvələdək il ərzində ov qaydalarını pozanların sayı 200-dən artıq idisə, 2022-ci ildə 130 qayda pozuntusu qeydə alınıb ki, bu da yaxşı bir irəliləyişdir. Bu o deməkdir ki, bir sıra şəxslər nəzarət tədbirlərinin gücləndiyini görür, qanunsuz ovla məşğul olmur, qaydalara daha məsuliyyətlə yanaşır. Ümidvarıq ki, bu tendensiya davam edəcəkdir.
- Yəni ov edirsənsə, qanunvericiliyə də riayət etməlisən, əks təqdirdə....
- Bəli, əks təqdirdə, yəni ov qaydalarının pozulması halına yol vedikdə ovçu sərt cəza tədbirləri ilə qarşılaşmalı olur.
Çünki mövcud qanunvericiliklə ovladığı ova görə dəymiş ziyanın dəyəri 1000 manatı keçərsə, bu halda cinayət tərkibi yarandığından həmin şəxs yüksək məbləğdə cərimə ilə yanaşı, hətta həbs də oluna bilər.
Bu gün hazırkı qanunvericilikdə cərimələrin məbləğinin artırılması da nəzərdə tutulur və artıq bununla bağlı işlər görülür. Layihə təsdiq olunacağı təqdirdə həm heyvanların ovu üçün ödəmələrin miqdarının, həm də dəymiş ziyanın məbləğinin bir neçə dəfə artırılması nəzərdə tutulur.
- Tövsiyəniz nədir, daha ov etməsinlərmi?
- Əsas odur ki, ova gedəndə, ələ silah alanda ovçu məsuliyyəti kimi dəyərlər unudulmasın: təbiətimiz qarşısında da, qanunlarımız qarşısında da tövsiyəm budur.

Tehsil-press.az



Oxşar xəbərlər