Aydın Xan Əbilov: “Bilirsinizmi ki, Türkiyə, Kipr və Ukraynanın küçələrində nə qədər qadın paltarı geyinən azərbaycanlı tələbə gəzir?”

Aydın Xan Əbilov: “Bilirsinizmi ki, Türkiyə, Kipr və Ukraynanın küçələrində nə qədər qadın paltarı geyinən azərbaycanlı tələbə gəzir?” Yazıçı-kulturoloq Aydın Xan Əbilov MTV-də yayımlanan “Ümid ilə gəl” verilişində “Türkiyədə oxuyanların 80%-i Azərbaycanda imtahanlardan kəsilənlərdir” fikirlərinin müzakirə yaratmasına aydınlıq gətirib.
A.Əbilov Parvda.az-a açıqlamasında deyib ki, hər hansı bir verilişdə məqamı çatanda ekspertlərin söylədiyi fikirləri kəsib, özünü ağıllı göstərən, bunun ətrafında boş-boş, mənasız publikaya işləyən adamlara etirazını bildirir.
“Məhz bu savadsızların belə mənasız mövqelərinin nəticəsidir ki, Azərbaycanda telekanallar normal bilikli, intellektual ekspertlər tapa bilmirlər. Azdan-çoxdan müstəqilliyini qoruyub saxlamış, imkanları olan intellektuallar məcburdurlar ki, bir gündə üç verilişə dəvət alanda üçünü də qəbul edib, gedib fikirlərini bölüşsünlər. Çünki cəmiyyətin sağlam, intellektual, tənqidi, analitik mövqe ortaya qoyan ekspertlərə ehtiyacı var. Bəzən elə olur, mən də həftə ərzində beş-altı, bir gündə isə üç saatlıq canlı efirdə oluram. Xoşumdan deyil ki. Hərəkətsiz, ac-susuz bu verilişlərdə oturmağın nə demək olduğunu bilməyən, divanda oturub televizorun pultunu o tərəf-bu tərəfə çevirən, bekarçılıqdan, işsizlikdən mənasız ömür sürən şəxslərin belə intellektuallara yazdığı qarayaxmalar mənim üçün maraqlı deyil. Həmin verilişdə 16 yaşlı bir qızı qaçırıb, iki dəfə toy etmiş, polislərin müdaxiləsi nəticəsində toyu ləğv olunmuş, üç aydan sonra həmin qızı boşamış, döymüş, qaynatasına tərbiyəsiz sözlər yazmış, axırda bıçaqla hücum etmiş, üç ay həbs edilmiş gəncin hərbi xidmətə getməsinin qarşısını almaq, gəlinlə olan problemi həll etmək üçün anası tərəfindən ölkədən qaçırılıb, attestatla Türkiyəyə göndərilməsinə qəti etiraz etmişəm. Eyni zamanda dedim ki, Türkiyədə Azərbaycandan gedən çox savadlı tələbələrimiz var. Dünya şöhrətli professor müəllimlər, iyirmi mindən çox adam Türkiyədə, Kiprdə, xarici ölkələrdə dərs deyirlər. Üstəlik, Türkiyədə və Kiprdə zəlzələlərin tez-tez baş verdiyini nəzərə alıb, bizim uşaqların xarici ölkələrdə beş-altı il ömür sərf etməsini, milyonlarla yox, milyardlarla təhsil kapitalının ölkədən kənarlaşdırılmasını tənqid etmişdim. Düzdür, verilişdə montajla bəzi şeyləri kəsirlər. Amma yenə də fikrimin üstündə dururam. Azərbaycanda bir təhsil mafyası var. Tələbə qəbulu komissiyası yaradıblar, onlar sırf dövlətə, cənab Prezidentə qarşı işləyirlər. Bu təhsil mafyasının məmurların hər birinin xaricə tələbə göndərən şirkətləri var. O şirkətlərdən milyonlar qazanmaq üçün Azərbaycanın təhsil siyasətinə, dövlət başçısının aparadığı uğurlu siyasətə qarşı çıxış edirlər”, - o deyib.
A.Əbilov əlavə edib: “Olmazmı ki, Kiprə, Türkiyəyə, Rusiyaya, Ukraynaya, Gürcüstana, Avropa ölkələrinə attestatla göndərilən tələbələr Azərbaycanda qalsın, Azərbaycanda bölgələrdə yeni universitetlər yaradılsın? Eybi yox, o universitetlərdə beş il müddətində bu uşaqlar heç nə oxumasınlar, amma sosiallaşsınlar, azərbaycanlılaşsınlar, milli-mənəvi dəyərlərlə böyüsünlər. Xaricə göndərilənlərin böyük əksəriyyəti məmur, varlı balalarıdır. Bir çoxları problemli, savadsız uşaqlardır. Burda heç 50-100 bal yığmırlar və onları xaricə göndəririk, taleləri ilə maraqlanmırıq. Çox hissəsi narkotik satışından tutmuş onun istifadəçisinə qədər və başqa mənfi hallarla rastlaşırlar. Bunu öz həyatlarına da tətbiq edirlər. Bilirsinizmi ki, Türkiyə, Kipr və Ukraynanın küçələrində nə qədər qadın paltarı geyinən azərbaycanlı tələbələr gəzir? Ən azından orada oxuyan tələbələrdən bunu soruşun, desinlər. Nə qədər narkotik istifadə edən tələbələrimiz var. Həmin insanlar işləmirlər, savadsızdırlar, normal təhsil almırlar. İldən-ilə sürünürlər. Birincisi, əsgərlikdən qaçırlar, ikincisi, aktiv bloqerlik edirlər və bir çoxu xarici qüvvələrin, dini qüvvələrin təsiri altına düşür. Azərbaycana, dövlət başçısına qarşı müxtəlif sözlər deyirlər. Vaxtilə bunları Ramiz Mehdiyev, Əli Həsənov “çetesi” maliyyələşdirirdi. Hətta onlar istefaya göndəriləndən sonra məlum oldu ki, “xaricdə təhsil” adı altında gəncləri siyasi mühacirətə göndərən xüsusi şirkətlər yaradılıb. Gedin, Baş Prokurorluqdan maraqlanın. Orda hazırda bir neçə iş gedir. Ən azı Ramin Hacılı və digərlərinin işi ilə maraqlansanız, görəcəksiniz. Bütün bu problemlər sanki Azərbaycan cəmiyyəti üçün maraqlı deyil. Öz övladını çölə atır, taleyini bilmir, üstəlik milyardlarla təhsil kapitalı Azərbaycandan axıb gedir. Oxumayan onsuz xaricdə də oxumur, Azərbaycanda da. Valideyn bu adamı tərbiyələndirmək, keçid dövrünü ötürmək, əsgərlikdən qurtarmaq istəyirsə, o pul qoy Azərbaycanda qalsın. Niyə kimlərinsə - Şimali Kipr, Türkiyə, Ukrayna, Rusiya, Gürcüstanda mənasız, diplomu qəbul edilməyən universitetlərin - hansı ki orda da azərbaycanlı işbazlar həmin o universitetin rektorluğu ilə şərikdirlər – cibinə axmalıdır? Bunu maraqlanmısınızmı? Olmazmı ki, həmin təhsil kapitalı Azərbaycanda qalsın? Azərbaycanda da Türkiyədə və digər sadaladığımız ölkələrdə olduğu kimi tələbə şəhərcikləri, tələbə elm müəssisələri, sosial müəssisələr yaradılsın? İlkin vaxtlarda ola bilər ki, yaxşı təhsil verməsinlər, amma gəlin, Lənkəran Dövlət Univeritetinə, Gəncə Aqrar Universitetinə, Naxçıvan Dövlət Universitetinə baxaq. Əvvəl onlarda təhsilin səviyyəsi necə idi, indi necədir? İndi artıq hətta LDU-nun “Facebook”, “İnstagram”da işləyən dünya şöhrətli tələbələri var. Azərbaycan tələbələrini prestijli universitetlərə - Avropa, ABŞ-ın, hətta Türkiyənin nüfuzlu dövlət universitetlərinə dövlətimiz özü göndərir, pulunu verir”.
A.Əbilovun sözlərinə görə, xaricdə oxuyan tələbələrin başqa problemləri də var: “Xaricə gedirlər, sonra müxtəlif adda orda qalıb, yaşamağa başlayırlar. Öz valideynləri, ölkə üçün problem yaradırlar. İkili vətəndaşlıq alırlar, bəzən vətəndaşlıqları olmur, onların haqları qorunmur, sabah bir hadisə baş verəndə Azərbaycan hökumətinin üstünə düşürlər ki, bizi xilas edin, ölkəyə gətirin və s. Digər tərəfdən, onların sağlamlıqlarında da böyük problemlər yaranır. Ata-ana ocağından kənar, yemək yeyə, bişirə bilməyən, uşaqlığını normal keçirə bilməyən həmin tələbələr müxtəlif xarici dini qüvvələrin və siyasi qüvvələrin təsiri altında yetişirlər, Azərbaycana qarşı sonra onlardan istifadə olunur. Baxın, Suriyada, İranda, İraqda, Türkiyənin özündə nurçuların təsiri altına düşən xeyli azərbaycanlı bağlı məhkəmə işləri aparılır? Bu, çox böyük bir ictimai problemdir və bununla Azərbaycan cəmiyyəti, dövlət orqanları ciddi məşğul olmalıdır. Həmin gənclər ölkəyə qayıdanda rüşvət verib diplomlarını təsdiq etdirməyə başlayırlar. Məlum olur ki, bunlar oxumayıblar, hətta bəziləri heç universitetə getməyib. Diplomu təsdiqləyəndə ya kəsilirlər, ya da müxtəlif yollarla diplomu təsdiqlətmək üçün rüşvət verirlər, adam axtarırlar. Bu da böyük bir problemdir və dövlətə, həm də ölkənin apardığı uğurlu siyasətə qarşı böyük narazılıq yaradır. Bu narazılıq xüsusən gənclərlə bağlı olanda bizi yaxşı hallar gözləmir. Bu isə bir çox işbazlara, yerində olmayan əliəyri məmurlara sərf edir. Çünki ölkədə nə qədər qarışıqlıq olsa, onlar daha çox pul qazana, qanunsuzluq edə bilərlər. Mənim çıxışım bununla bağlı olub. Məgər demişəm ki, dövlət hesabından gedən universitet tələbələri, Türkiyədə oxuyanlar savadsızdır? Xeyr. Etirazımı sadaladığım problemlərlə bağlı bildirmişəm. Öz mövqeyimdə dururam. Kim buna qarşıdırsa, nəinki mənə, sağlam mövqe və düşüncəyə, həm də ölkə başçısına, dövlətə, millətə qarşıdır”.

Tehsil-press.az

Oxşar xəbərlər