Dövrün bəlası, yoxsa... - Eynəkli uşaqların sayı niyə artır?

Dövrün bəlası, yoxsa... - Eynəkli uşaqların sayı niyə artır? Son illər həm region ölkələrində, həm də Azərbaycanda eynəkli uşaqların sayındakı kəskin artım cəmiyyətin diqqətindədir. Qazaxıstanın Milli Statistika Bürosunun açıqladığı son göstəricilər də vəziyyətin nə qədər ciddiləşdiyini göstərir.

Rəsmi məlumata görə, 2024-cü ilin sonuna qədər ölkədə 14 yaşadək 5 milyondan çox uşaq profilaktik tibbi müayinədən keçirilib və onların 105 minində - yəni hər 50 uşaqdan birində - müəyyən anomaliyalar aşkarlanıb. Xəstəliklərin yarıdan çoxu məhz görmə problemləridir: 58 min uşağa miopiya və digər refraksiya pozuntuları diaqnozu qoyulub. Skolioz və duruş pozğunluqları isə daha az rast gəlinən, amma tendensiya olaraq artan problemlər sırasındadır.

Bu rəqəmlər təkcə Qazaxıstana aid deyil. Mütəxəssislər bildirirlər ki, son 10-15 ildə bütün dünyada, xüsusilə də şəhər mühitində yaşayan uşaqlarda miopiyanın yayılma tempi rekord həddə çatıb. Dünya Səhiyyə Təşkilatının proqnozlarına görə, 2050-ci ilə qədər planet əhalisinin yarısından çoxu yaxıngörən olacaq. Səbəblər isə artıq yaxşı tanınır: uzun müddət qapalı məkanlarda qalmaq, günəş işığının azlığı, kompüter və planşetdən intensiv istifadə, erkən yaşlardan smartfon asılılığı, məktəbdə və evdə düzgün işıqlandırılmayan mühit, həmçinin genetik meyllik.

Azərbaycanda da mənzərə fərqli deyil. Şəhər məktəblərində dərsə gedən şagirdlərin böyük qisminin eynək taxması, valideynlərin artıq ibtidai sinifdən oftalmoloqa müraciət etməsi adi hal alıb. Göz həkimləri bildirirlər ki, son illərdə xüsusilə 6-10 yaş arası uşaqlarda miopiya diaqnozu sürətlə artır. Bir çox hallarda valideynlər problemin dərketmə mərhələsinə gec gəlir - görmə zəifliyi artıq ciddi dərəcəyə çatdıqdan sonra.

Səhiyyə Nazirliyinin bu sahədə hansı proqramları həyata keçirdiyi də sual doğurur. Nazirlik bir neçə il əvvəl məktəblərdə profilaktik müayinələrin gücləndirilməsi, görmə pozuntularının erkən aşkarlanması üçün layihələr hazırlasa da, proses ardıcıl və sistemli şəkildə tətbiq olunmayıb. Regionun bəzi ölkələrində - məsələn, Cənubi Koreya, Yaponiya və Sinqapurda - məktəblərdə gündəlik göz sağlamlığı təlimləri, açıq havada minimum iki saatlıq oyun müddəti və ekran istifadəsinin sərt normativlərlə tənzimlənməsi kimi proqramlar var. Bu proqramlar nəticə verdiyi üçün həmin ölkələrdə uşaq miopiyasının artım sürəti kəskin şəkildə azalıb.

Azərbaycanda isə hələ də vahid milli strategiya yoxdur. Pediatrlar və oftalmoloqların böyük qismi açıq şəkildə bildirir ki, məktəblərdə işıqlandırma standartları yenilənməli, siniflərdə oturma məsafələri normallaşdırılmalı, şagirdlərin planşet və telefonlardan istifadəsi nəzarət altına alınmalıdır. Bundan başqa, valideynlərin də maarifləndirilməsi vacibdir: uşaqların gün ərzində ən azı 1,5-2 saat günəş işığı altında olması, hər 30 dəqiqəlik ekran istifadəsindən sonra gözlərə fasilə verilməsi və yatmazdan əvvəl texnoloji cihazlardan uzaq tutulması çox mühüm şərtlərdir.

Problemin miqyası göstərir ki, bu artıq təkcə tibbi məsələ deyil - həyat tərzi, təhsil sistemi və texnoloji mühitlə bağlı kompleks yanaşma tələb edir. Əks təqdirdə, eynəkli məktəblilərin sayı gələcək illərdə daha da çoxalacaq və bu, cəmiyyətin sağlamlıq xəritəsində ciddi dəyişikliklərə səbəb olacaq.

ATU-nun Tədris Cərrahiyyə Klinikasının oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, bütün dövrlərdə xəstəliklər olub, sadəcə olaraq bu qədər dəqiqliyi təsdiq edən diaqnostika olmayıb: “Gözün diaqnostikası üçün istifadə edilən texnologiya Azərbaycana gələndən sonra biz təsdiq edə bildik ki, gözdə zəiflik var, yoxsa yox. Mən 30 ilin göz həkimiyəm və tam əminliklə deyə bilərəm ki, insan kitab oxumaqla və ya kompüterə baxmaqla kor ola bilməz, sadəcə olaraq 35 yaşa qədər insanlarda gözün yorğunluğu və quru göz sindromu əmələ gələ bilər. Lakin bu, gözü zəiflədə bilməz. İndi diaqnostika təbabətin 100 faiz brendidir. Göz zəifdir deyib, ona eynək yazmaq, dərman təyin etmək ötən əsrdə qalan müalicə növüdür. 15 yaşında adam gəlir, yoxlayırsan və görürsən ki, gözü mənfi 3 göstərir. Bu o demək deyil ki, o, həmişə mənfidə qalacaq. Gözdə spazmanı aradan qaldırırsan, 3 dəfə dərman tökürsən və mənfi 3 yox olub, 0-a çevrilir. Bəlli olur ki, şəxsin gözündə zəiflik yox, yorğunluq var. Bu, fərqli-fərqli məsələlərdir. Birmənalı surətdə oxu məsafəsi 33 sm olmalıdır. İşıqlı sahədə oturmaq lazımdır. Bir saat kitab oxudunuzsa, 2-3 dəqiqə otağın uzaq küncünə baxın. Göz məşqləri etmək də vacibdir, onlar spazmı aradan qaldırır”.

Qeyd edək ki, görmə zəifləməsinin səbəblərindən biri də genetik faktorlar və irsi amillərdir. Əgər ailə üzvlərinizdə, xüsusilə valideynlərinizdə göz xəstəlikləri varsa, bu sizin də eyni problemləri yaşamağınız üçün risk yaradır. Məsələn, miopiya (uzağı görmə zəifliyi) və hipermetropiya (yaxını görmə zəifliyi) tez-tez ailə üzvləri arasında ötürülən irsi xəstəliklərdir. Genetik xəstəliklər yalnız uzaq və yaxını görmə problemlərini deyil, həmçinin katarakta, qlaukoma və digər ciddi göz xəstəliklərini də özündə cəmləşdirə bilər. Belə xəstəliklərin irsi olduğunu bilmək erkən diaqnoz və müalicə üçün imkan yaradır.

Texnologiyanın inkişafı həyatımızı asanlaşdırsa da, uzun müddət ekran qarşısında vaxt keçirmək göz sağlamlığı üçün zərərli ola bilər. Kompüter, telefon və televizor kimi cihazların istifadəsi zamanı gözlərimiz yorulur, bu da görmə zəifliyinə səbəb ola bilər. Xüsusilə rəqəmsal ekranların yaydığı mavi işıq göz retinasına ziyan vurur və zamanla görmə qabiliyyətini zəiflədir. Bu vəziyyət kompüter görmə sindromu adlanan vəziyyətin yaranmasına gətirib çıxara bilər, bu da göz quruluğu, baş ağrısı və görmə itkisinin əlamətləri ilə müşayiət olunur.

Mütəxəssislər ekran qarşısında olan zaman hər 20 dəqiqədən bir 20 saniyə ərzində uzağa baxmağı tövsiyə edirlər ki, gözlər dincəlsin. Bu müddət ərzində göz qapaqlarının hərəkəti artırılmalı və gözlər nəm saxlanmalıdır. Gözlər üçün xüsusi qoruyucu eynəklərin istifadəsi də texnologiya istifadəçiləri üçün önəmlidir. Gözlərin mavi işıqdan qorunması, xüsusi filtrləri olan eynəklərin istifadəsi ilə mümkündür. Texnologiyanın təsirini azaltmaq üçün ekranların parlaqlığını azaltmaq, istirahət fasilələri etmək və göz üçün uyğun işıqlandırma şəraiti yaratmaq vacibdir. Bu cür addımlar görmə zəifləməsinin qarşısını almaq üçün təsirli üsullardan biridir.

Tehsil-press.az

Oxşar xəbərlər