Uşağın xatirinə boşanmamaq... - Seçim doğru, yoxsa?

Uşağın xatirinə boşanmamaq... - Seçim doğru, yoxsa? Sosioloq: “Azərbaycanda faktiki olaraq boşanma bumu yaşanır”
Azərbaycanda ailədaxili münasibətlərin vəziyyətini göstərən son statistika həm zorakılıq halları, həm də boşanma prosesləri ilə bağlı ciddi tendensiyalara işarə edir. Belə ki, bu ilin ilk 9 ayında məişət zorakılığından zərər çəkmiş 68 nəfər, o cümlədən 45 uşaq sosial reabilitasiya xidmətlərinə cəlb olunub. Bu həm də ailə içində yaşanan gərginliyin, psixoloji təzyiqlərin və səssiz qalan zorakılıq formalarının artdığını göstərən mühüm siqnaldır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, Sosial Xidmətlər Agentliyi tərəfindən zorakılığa məruz qalan şəxslərə sosial-psixoloji, tibbi-sosial və digər dəstək xidmətləri göstərilib. Bu xidmətlər zərərçəkmişlərin psixoloji sabitliyinin bərpasına, özünəinamın formalaşdırılmasına və gələcək həyatın sağlam şəkildə qurulmasına yönəlib. O da məlumdur ki, məişət zorakılığının böyük hissəsi yalnız fiziki təzyiqdən ibarət deyil. Daha təhlükəlisi və uzunmüddətli təsiri olan emosional zorakılıq, təhdid, şantaj, daimi alçaldılma, sözlü təhqir və iqtisadi asılılıq formalarıdır.

Ən çox zərər isə məhz bu mühitdə böyüyən uşaqlara dəyir. Ona görə də uşaq psixoloqları xəbərdarlıq edir: ailədə daimi qışqırıq, gərginlik və münaqişə, valideynlər arasında hörmətsizlik, susqun, amma ağır psixoloji atmosfer uşağın xarakterini, özünəinamını, gələcək münasibətlərini və emosional sabitliyini dərin şəkildə zədələyir.

Cəmiyyətdə geniş yayılmış düşüncə belədir ki, valideynlər uşağın xatirinə münasibəti davam etdirməlidir. Bəs “uşağa görə ayrılmırıq” fikri doğru seçim, yoxsa yanlış yanaşmadır?

Psixoloqlar qeyd edir ki, davamlı gərginlik və münaqişə içində böyüyən uşaqlar gələcəkdə daha çox aqressiyaya, depressiyaya, intihar düşüncələrinə, zorakılıq davranışlarına meyilli olurlar. Sakit şəkildə ayrılıb, amma uşağa birgə qayğı göstərən valideyn modeli, yəni mədəni şəkildə boşanmış, amma övladla bağlı əməkdaşlıq edən ailə forması uşağın psixoloji inkişafına daha sağlam təsir edir. Əlbəttə ki, bu, heç də boşanmanın təşviqi deyil. Sadəcə olaraq, zəhərli mühitdə ailəni süni şəkildə saxlamaq uşağın inkişafına sağlam ailə modelindən daha çox ziyan vurur.

Ədliyyə Nazirliyinin rayon və şəhər qeydiyyat şöbələrinin məlumatına görə, cari ilin yanvar-avqust aylarında 31 403 nikah, 13 869 boşanma qeydə alınıb. Beləliklə, nikahların payı əhalinin hər min nəfərinə 4,5-dən 4,6-ya yüksəlib. Boşanma göstəricisi isə 2,1-dən 2-yə düşüb. Bu, nikahların nisbətən artdığını, boşanma hallarının isə azaldığını göstərir. Bununla belə, boşanan ailələrin strukturuna nəzər saldıqda daha ciddi məqamlar üzə çıxır.

Statistika onu göstərir ki, artıq uşaqlı ailələrdə boşanma sayında azalma var. Ötən il 18 yaşadək uşağı olan ailələrdə qeydə alınan boşanmaların sayı 21 384, 2023-cü ildə isə 21 688 olub. Bu, cüzi də olsa, azalma deməkdir.

Ötənilki boşananların təsnifatı belədir: Uşağı olmayan ailələr 10 364, bir uşaqlı boşanmalar 4 368, iki və daha çox uşaqlı ailələrdə boşanma 6 652 sayda olub. Boşanmadan sonra valideynlərindən biri ilə qalan uşaqların ümumi sayı isə 19 632 olub. Hər 100 boşanmaya düşən uşaq sayı 178 olaraq qalıb.

Bu statistika, ailələrin uşaqların varlığına baxmayaraq, münasibətlərin davam etdirilməsinin həmişə mümkün olmadığını göstərir.

Ayrılmaq, yoxsa davam etmək? Hansı qərar daha doğrudur?

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev “Yeni Müsavat”a danışıb. Sosioloq qeyd edib ki, ölkədə boşanmaların sayının azalması fikri doğru deyil: “Son illərin statistikası göstərir ki, ölkədə boşanma dinamikası hələ də stabil şəkildə artma xətti ilə gedir. Cəmiyyətdə ”boşanmalar azalır" kimi optimist fikir formalaşsa da, real mənzərə belə deyil. Azərbaycanda faktiki olaraq boşanma bumu yaşanır və bu prosesi durdura biləcək ciddi, sistemli addımlar hələlik müşahidə olunmur.

Boşanma göstəricilərinin aşağı düşməsinə səbəb ola biləcək hər hansı bir fundamental sosial-siyasi hadisə baş verməyib. Bu səbəbdən də trend aşağı yönlü deyil, əksinə, illər üzrə yuxarıya doğru hərəkət edir. Təxminən 30-40 il əvvəl Azərbaycanda uşağı olan ailələrdə boşanma çox nadir hal idi. Uşaq ailəni birləşdirən ən güclü psixoloji bağ sayılırdı. Cəmiyyətdə “uşaq ailənin sütunudur” düşüncəsi dominant idi və uşağın varlığı tərəflər arasında kompromisə gəlməyi, emosiyaları cilovlamağı, məsuliyyət hissini, ailəni qoruma instinktini gücləndirirdi.

Lakin müasir cəmiyyətdə vəziyyət kökündən dəyişib. Artıq valideynlər arasında daha çox eqosentrik düşüncə, “mən mərkəzli” davranışlar, şəxsi rahatlığı ailə dəyərlərindən üstün tutmaq tendensiyası müşahidə olunur. Nəticədə uşaq birləşdirici amil olmaqdan çıxır, ailə münasibətlərində tərəflərin öz emosional komfortunu prioritet edən yanaşmalar güclənir. Bu səbəbdən bu gün uşaqlı ailələr belə asanlıqla boşanma qərarı verir. Uşağın taleyi, onun böyüyəcəyi psixoloji atmosfer və gələcək həyatı çox zaman valideynin öz xoşbəxtlik konsepsiyasının kölgəsində qalır.

Son illərdə dəb halını almış fikir belədir: “Uşaq münaqişəli ailədə travma yaşayır, ona görə boşanma daha yaxşıdır”.

Bu fikri ən çox məhz boşanmış insanlar dilə gətirir. Əlbəttə ki, sakitlik və psixoloji təhlükəsizlik uşağın inkişafı üçün vacibdir. Lakin burada ciddi bir nüans unudulur - əgər ailədə münaqişə varsa, onu ilk növbədə həll etmək lazımdır, dağıtmaq yox. Əvvəllər bu münaqişələrə ailə institutunun içindən ağsaqqallar, ağbirçəklər, yaxın qohumlar müdaxilə edir, tərəfləri barışdırır, ailəni qorumağa çalışırdılar. Bu gün isə boşluğu doldurmaq üçün müasir dövrdə yalnız bir yol qalır: əgər hökumət doğrudan da ailədaxili münaqişələrin azalmasını istəyirsə, bu proses sistemli şəkildə qurulmalıdır. Təhlükə altında olan ailələrin xüsusi reyestri olmalıdır. Bu ailələrlə sosial xidmətlər mütəmadi işləməlidir. Məqsəd boşanmanın qarşısını almaq, ailə mühitini sağlamlaşdırmaqdır. Gənc ailələr üçün psixoloji savadlılıq dərsləri, konflikt idarəetməsi, valideyn məsuliyyəti proqramları boşanmaların xeyli azalmasına səbəb olar".

Sosioloqun fikrincə, boşanma uşağı travmadan “qurtarmır” əksinə, travmanı daha da dərinləşdirir: “Boşanmış ailədə böyüyən uşaqların psixoloji çətinliklərlə üzləşməsi daha yüksək ehtimaldır. Yəni atanın və ya ananın itirilməsi hissi, iki ev arasında bölünmək, özünəinamın zəifləməsi, gələcək münasibətlərdə güvənsizlik. Hətta tədqiqatlar göstərir ki, boşanmış ailədən çıxan uşaqlar böyüdükdə boşanmış ailə qurmaq ehtimalı daha yüksək olur. Yəni boşanma çox zaman yeni nəsildə də təkrarlanan davranış modelinə çevrilir. Bu səbəbdən ”uşaq travma yaşamasın deyə boşanmaq" düşüncəsi bəzən qısa müddətli rahatlığın uzunmüddətli psixoloji zərbəsi ilə əvəz olunur".

Tehsil-press.az

Oxşar xəbərlər