Dövlət İdarəçilik Akademiyası “ASAN xidmət”in əməkdaşları üçün təlim keçirib

Dövlət İdarəçilik Akademiyası “ASAN xidmət”in əməkdaşları üçün təlim keçirib Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) əməkdaşları üçün növbəti təlim keçirib.
Dövlət İdarəçilik Akademiyası “ASAN xidmət”lə əməkdaşlıq memorandumu çərçivəsində fəaliyyətini davam etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2023-cü ilin “Heydər Əliyev İli” elan etməsi ilə əlaqədar DİA-da nəzərdə tutulan tədbirlər planında dövlət qulluqçuları üçün təlimlərin keçirilməsi planlaşdırılıb. Bu məqsədlə “ASAN xidmət” mərkəzlərinin əməkdaşları üçün Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov tərəfindən “Dövlət idarəçiliyində Heydər Əliyev fenomeni və müasir Azərbaycanın davamlı inklüziv inkişafı” mövzusunda təlim keçirilib.
Akademik U.Ələkbərov çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında müstəsna xidmətlərindən, onun zəngin siyasi irsinin, dövlət idarəçilik təcrübəsinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, Azərbaycan Respublikası son illərdə iqtisadi, sosial və humanitar inkişaf, eləcə də ölkənin təhlükəsizliyinin təmin edilməsi sahələrində ən yüksək nailiyyətlər qazanıb. Bu nailiyyətlər Azərbaycanda tətbiq edilən innovativ dövlət idarəçilik texnologiyalarının, uğurla həyata keçirilən insan inkişafı siyasətinin, ardıcıl və məqsədyönlü islahatların, dövlət qulluğu sistemi üçün yüksək səviyyəli kadr potensialının formalaşdırılması və səfərbər olunmasının məntiqi nəticəsidir. Bütün bu proseslərin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub, Prezident İlham Əliyev tərəfindən yaradıcılıqla inkişaf etdirilərək yeni səviyyəyə yüksəldilib.
Təlim zamanı Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu “Yeni neft strategiyası” və həmin strategiyanın reallaşdırılması üçün hazırlanmış neft diplomatiyasından söz açılıb. Həmçinin Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyevin davamlı və inkluziv inkişaf naminə insan potensialının formalaşması siyasətindən və inklüziv inkişafın səmərəli idarə edilməsi sahəsində görülən işlərdən danışılıb.
Akademik U.Ələkbərov davamlı inkişaf, inklüziv cəmiyyətin formalaşması üçün dövlət idarəçiliyinin yeni texnologiyaları sahəsində ölkənin əldə etdiyi uğurları diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycan Respublikası qlobal miqyasda prioritet kimi qəbul edilən inklüziv inkişafın səmərəli planlaşdırılması və idarə edilməsi üzrə dünya lideridir. İnklüziv inkişaf sahəsində Azərbaycanın yüksək göstəricilər əldə etməsində və sosial siyasətin reallaşdırılması baxımından dünya liderinə çevrilməsinin təməlində Prezident İlham Əliyevin innovativ dövlət idarəçiliyi strategiyası dayanır. Qazanılan uğurların 44 günlük Vətən müharibəsindəki parlaq Qələbədə böyük rolu olub.
Bildirilib ki, Azərbaycanın hazırkı davamlı inkişafı dövlət idarəçiliyi sahəsində reallaşdırılan ardıcıl uğurlu islahatların nəticəsidir. Rektor Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən fəaliyyətin əhəmiyyətini vurğulayıb.

Tehsil-press.az


Oxşar xəbərlər