“Azərbaycan musiqişünaslığı: mühüm mərhələlər” kitabının təqdimatı olub

“Azərbaycan musiqişünaslığı: mühüm mərhələlər” kitabının təqdimatı olub AMEA-nın Əsas binasında görkəmli musiqişünas-alim, Əməkdar elm və incəsənət xadimi, akademik Zemfira Səfərovanın “Azərbaycan musiqişünaslığı: mühüm mərhələlər” kitabının təqdimatı olub.
Humanitar Elmlər Bölməsi və Memarlıq və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbiri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq kitabın musiqi ictimaiyyətimiz və elmimiz üçün əhəmiyyətindən danışıb.
Akademik İsa Həbibbəyli vurğulayıb ki, ölkəmiz müstəqillik qazandıqdan sonra Ulu Öndər Heydər Əliyevin AMEA və alimlərimiz qarşısında qoyduğu Azərbaycan tarixinin dərindən öyrənilərək yenidən yazılması kimi mühüm vəzifə bütün sahələr üzrə inkişaf mərhələlərinin və konsepsiyaların yaradılması zərurətini meydana çıxarıb. Qeyd edib ki, Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması istiqamətində həyata keçirdiyi düşünülmüş siyasət xalqımıza çoxəsrlik tariximizi, mədəniyyətimizi obyektiv və daha dərindən dərk etməyə, ciddi elmi problemləri gündəmə gətirməyə əsas verdi.
Son illərdə AMEA-da müzakirə obyektinə çevrilən əsas mövzular sırasında elm və yaradıcılıq sahələrinin dövrləşməsi məsələsinin ön sıralarda durduğunu deyən akademik İsa Həbibbəyli akademiyada Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi istiqamətində geniş müzakirələrin aparıldığını, ilk dəfə olaraq Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilmə konsepsiyasının müəyyən olunduğunu və inkişaf mərhələlərinin dəqiqləşdirildiyini bildirib. AMEA rəhbəri qeyd edib ki, hazırda geniş müzakirələrdən sonra qəbul olunmuş dövrləşdirmə konsepsiyası əsasında Azərbaycan ədəbiyyatı tarixi 10 cilddə yenidən hazırlanır.
Akademik İsa Həbibbəyli Memarlıq və İncəsənət İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadənin Azərbaycan incəsənətinin dövrləşdirilməsi konsepsiyasının müəyyənləşdirilməsi istiqamətində fəaliyyətə başladığını qeyd edib.
Akademik Zemfira Səfərovanın ictimaiyyətə təqdim olunan kitabını musiqi irsimiz üçün bənzərsiz sərvət hesab edən AMEA rəhbəri musiqişünaslığımızın çoxəsrlik tarixinə dərindən bələd olan alimin ilk dəfə bu kitabda Azərbaycan musiqişünaslığının inkişaf mərhələlərini meydana qoyduğunu, musiqişünaslıq elminin ana xəttini və istiqamətlərini müəyyən etdiyini bildirib.
İ.Həbibbəyli akademik Zemfira Səfərovanın Azərbaycanın zəngin musiqi tarixinin tam elmi mənzərəsini yaratmış görkəmli musiqişünas olduğunu söyləyərək, yeni nəşrin onun 70 ilə yaxın davam edən tədqiqatlarının ümumiləşdirilmiş növbəti hesabatı olduğunu vurğulayıb. Bildirib ki, yeni nəsillər, alimin müasirləri, davamçıları, tələbələri akademik Zemfira Səfərovanın musiqişünaslıq elminin tarixi və nəzəriyyəsinə dair tədqiqatlarını davam etdirməli və daha da zənginləşdirməlidirlər.
Daha sonra Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə çıxış edərək Azərbaycan mədəniyyət tarixinə dəyərli töhfə olan kitabın nəzəriyyə və muğam musiqişünaslığı, ozan-aşıq yaradıcılığına dair araşdırmalar, eləcə də musiqişünaslığın digər qollarına həsr olunmuş məqalələrlə zəngin olduğunu bildirib.
Akademik Zemfira Səfərovanın musiqi tarixinin araşdırılması istiqamətindəki çoxşaxəli fəaliyyətindən söz açan Firəngiz Əlizadə onun Azərbaycanın musiqi tarixini ciddi və sistemli şəkildə öyrəndiyini diqqətə çatdırıb: “Gərgin zəhmətin, əməyin bəhrəsi olan “Azərbaycan musiqişünaslığı: mühüm mərhələlər” kitabında Azərbaycan musiqişünaslığı haqqında dolğun məlumat yer alıb. Biz burada musiqi tariximizi əyani surətdə görə və izləyə bilirik”.
Memarlıq və İncəsənət İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə isə çıxışında səkkiz bölmədən ibarət olan yeni nəşrdə Azərbaycan musiqişünaslığının mühüm mərhələləri və problemlərinin ciddi şəkildə araşdırıldığını diqqətə çatdırıb. Bildirib ki, bu tədqiqatlar xalqın mədəniyyətinin ən geniş mənzərəsini əhatə edir. Müəllif kitabda elmi mütəxəssislərlə yanaşı, bu sahə ilə maraqlanan oxucuları da musiqişünaslığımızın tarixi ilə tanış edir.
Tədbirdə, həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Xalq yazıçısı Elçin Əfəndiyev, professor Nailə Rəhimbəyli, sənətşünaslıq üzrə fəlsəfə doktorları Zümrüd Dadaşzadə və Ülkər Talıbzadə çıxış edərək təqdim olunan əsərin məziyyətindən, Azərbaycan musiqi tarixinin öyrənilməsində bu kimi sanballı kitabların müstəsna rolundan danışıblar.
Sonda akademik Zemfira Səfərova tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

Tehsil-press.az



Oxşar xəbərlər