Rektor BDU Elmi Şurasının qərarı ilə 2025/2026-cı tədris ilindən bakalavriat səviyyəsi üzrə qəbul olunmuş və müxtəlif ixtisaslar üzrə 550-dən çox bal toplamış abituriyentlər arasından ən yüksək nəticə göstərmiş tələbələrə “Birincilik” adlı məqsədli təqaüdün verildiyini bildirib. BDU rektoru bu yüksək təqaüdə layiq görülən, “birincilərin birincisi” olan tələbələri təbrik edib, onlara təhsil həyatlarında uğurlar arzulayıb. O qeyd edib ki, bu təqaüdlə tələbələr elə I kursdan etibarən gələcək karyeralarının əsasını təşkil edəcək uğur hekayələrini formalaşdırmağa başlayırlar. Rektor tələbələrə müasir texnologiyaları daha yaxşı mənimsəməyi, öz üzərlərində işləməyi, əcnəbi dillərdən birini öyrənməyi, BDU-nun ictimai-sosial həyatında yaxından iştirak etməyi tövsiyə edib: “Ümid edirəm ki, siz bu birinciliyi təhsil həyatınızın sonuna qədər saxlaya biləcək və Universitetin inkişafına öz töhfələrinizi verəcəksiniz”.
BDU rektorunun elm və təhsil üzrə müşaviri Aydın Kazımzadə, Sosial elmlər və psixologiya, Şərqşünaslıq, Filologiya fakültələrinin dekanları Rövşən Cavadov, Aydan Xəndan, Elçin Məmmədov çıxışlarında tələbələri təbrik edib, uğurlar arzulayıblar.
Qeyd edək ki, BDU-nun 28 tələbəsi “Birincilik” adlı məqsədli təqaüdə layiq görülüb.
Tehsil-press.az