Hansı məktəbi seçməli.... Dövlət yoxsa özəl?

Hansı məktəbi seçməli.... Dövlət yoxsa özəl? Yaxşı təhsil hər bir insanın uğurlu karyera yüksəlişi üçün tramplindir.. Azərbaycanda həm dövlət, həm də özəl məktəblərdə təhsil almaq imkanı var. Dövlət məktəblərində büdcə hesabına təhsil almaq imkanı var. Özəl məktəblərdə təhsil yalnız pulludur. Ona görə də qabaqcadan belə məktəbdə təhsilin neçəyə başa gələcəyini hesablamaq lazımdır. Əksər valideynlər övladlarının yalnız dövlət ali məktəblərində təhsil almağına üstünlük verir və daha çox belə məktəblərə etibar edir. Lakin özəl ali məktəb pis demək deyil. Bir çox özəl məktəblər öz prestijlərini qaldırmaq üçün ən yaxşı müəllimləri cəlb edir.

Bəzən valideynlər övladlarının daha keyfiyyətli təhsil alması üçün özəl məktəblərə üz tuturlar, onlar bu təhsil müəssisələrinin daha yaxşı, keyfiyyətli olduğunu düşünürlər.Lakin bu hər valideynin büdcəsinə uyğun deyil, araşdırmalarımıza görə, özəl məktəb- liseylərdə illik ödəniş 3500- 20000 manat təşkil edir.

Son illər tələbə adını qazananların əksəriyyəti özəl məktəblərin məzunudur. Bu səbəbdən Azərbaycanda özəl orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayında sürətli artım müşahidə edilir.

Son statistika...

2022-ci ildə özəl məktəblərdə 20 135 şagird təhsil aldığı halda, 2023-cü ildə təhsilalanların sayı 23 484-ə çatıb. Bir ildə şagird sayında 16,6 faiz artım qeydə alınıb.
Şagird sayındakı artım sürətinin böyük olması əvvəlki illərlə müqayisədə daha aydın görünür. Özəl məktəblərdə 2010-cu ildə 6 441 şagird təhsil alırdı. 2015-ci ildə şagirdlərin sayı 8 348-ə, 2020-ci ildə isə 20 135-ə çatdı. 2010-2023-cü illərdə özəl məktəblərdə şagird sayı 3,65 dəfə artıb

Müqayisə üçün bildirək ki, bu dövrdə dövlət məktəblərində şagirdlərin sayı cəmi 27,5 faiz artıb. Özəl məktəblərdə şagirdlərin sayı sürətlə artsa da bu məktəblərin sayında ciddi artım yoxdur. Hazırda 34 özəl məktəb var, onların sayı son 13 ildə cəmi 7 ədəd artıb

Özəl məktəblərdə, əsasən, şagird və müəllim sayında artım müşahidə edilir.

Özəl məktəblərin fərqi nədir?

Təhsil üzrə ekspert Kamran Əsədov dövlət məktəbləri ilə özəl məktəb arasındakı fərqlər barədə “Təhsil-Press”ə danışıb. O, qeyd elədi ki, fəaliyyət istiqamətindən fərqli olaraq bütün məktəblər dövlətin müəyyən elədiyi tədris planını həyata keçirirlər:

“Sadəcə, formaca fərqli tədrislər var. Azərbaycanda 2008-ci ildən etibarən “kurikulum” məzmun standartlarına uyğun tədris də təşkil edilir və şagirdlərin hamısı vahid dərsliklərdən istifadə edir. Tədris olunan fənlər arasında isə heç bir fərq yoxdur.

Özəl məktəblərdə istifadə olunan dərsliklərə gəlincə, orada xüsusi olaraq fərqli alternativ dərsliklərdən istifadə olunur. Lakin bu da qeyd etdiyimiz kimi birmənalı olaraq dövlətin müəyyən etdiyi tədris planına uyğundur. Aradakı tərk fərq paraqrafların sayı, həcmi ola bilər. Məsələn, bu cür qeyd edə bilərik. Elə bir şey ola bilməz ki, dövlət müəssisəsinin tarix dərsliyində Manna dövləti olsun, amma özəl məktəbdə, alternativ dərslikdə olmasın”.

Gülər İsmayılova


Tehsil-press.az

Oxşar xəbərlər