BDU və İCMA nümayəndələri aqrar və təbiət elmləri sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər

BDU və İCMA nümayəndələri aqrar və təbiət elmləri sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər Bakı Dövlət Universiteti (BDU) ilə İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) arasında aqrar və təbiət elmləri sahəsində əməkdaşlıq perspektivlərinə həsr olunmuş görüş keçirilib.

Görüşdə BDU tərəfindən Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Hüceyrə kulturası və genom redaktəsi elmi-tədqiqat laboratoriyasının müdiri Qumru Hüseynova və elmi işçi Elvira Təhməzli iştirak ediblər.

Görüşün əsas məqsədi təbiət elmləri və aqrar sahələrdə elmi-tədqiqat potensialının biznes mühiti ilə inteqrasiyasını gücləndirmək, biotexnologiya və aqrar innovasiyalar istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsi imkanlarını müzakirə etmək olub.

Tərəflər universitet laboratoriyalarında aparılan elmi tədqiqatların tətbiqi yönümlü nəticələrinin biznes strukturları ilə paylaşılması, kənd təsərrüfatında dayanıqlı innovativ texnologiyaların (o cümlədən aquaponik və hidroponik əkin metodları və genom əsaslı sistemlərin) inkişaf etdirilməsi, tələbələrin bu sahələrdə praktiki bacarıqlarının artırılması məqsədilə əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Görüş zamanı İCMA və "Marsol Academy"nin birgə layihəsi olan “Təhsildən biznesə: tələbələr üçün karyera yolu” konsepsiyası çərçivəsində aqrar və biotexnoloji ixtisaslarda təhsil alan tələbələrin peşəkar inkişafına dəstək vermək, onların real istehsal və innovasiya mühitinə inteqrasiyasını təşviq etmək barədə fikir mübadiləsi aparılıb.

Eyni zamanda, Assosiasiyanın fəaliyyəti, həyata keçirilən layihələr və gələcək planlar barədə məlumat verilib. Qeyd olunub ki, İCMA gənclərin elmi biliklərini sahibkarlıq bacarıqları ilə birləşdirərək tətbiqyönlü layihələrdə iştirakına xüsusi diqqət yetirir.

Görüşün sonunda tərəflər aqrar innovasiyalar, biotexnologiya və təbiət elmləri sahəsində birgə proqramlar, seminarlar və təcrübə mübadiləsi təşəbbüslərinin həyata keçirilməsi istiqamətində əməkdaşlığı davam etdirmək niyyətlərini ifadə ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər