
Bu barədə Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmış 2020/2021-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu və ümumtəhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinin elmi-statistik təhlili barədə materialda qeyd olunub.
Bildirilir ki, bir çox özəl ali təhsil müəssisələri bu məsələdə o qədər də maraqlı deyillər: “Ümumiyyətlə, ayrı-ayrı ali təhsil müəssisələrinə qəbul olan gənclərin bilik səviyyələri bir-birindən ciddi fərqlənir. Hesab edirik ki, bu amil mütləq birinci kursların tədris planlarında nəzərə alınmalıdır”.
Həmçinin qeyd olunur ki, abituriyentlər özəl ali təhsil müəssisələrinin ixtisaslarını ərizələrində axırıncı mövqelərdə göstərdiklərindən bu təhsil müəssisələrinin çoxunda müsabiqə vəziyyəti aşağı olur: “Onlar ərizələrinin ilk mövqelərində, əsasən, dövlət ali təhsil müəssisələrinin ixtisaslarını kodlaşdırırlar. 2020-ci ildə sənəd verən abituriyentlər arasında özəl ali təhsil müəssisələrinin ixtisas kodlarını ərizələrində birinci yerdə göstərənlər cəmi 6.21%, subbakalavrlar arasında isə cəmi 8.26% olub. 2000-ci illərin birinci yarısında bu göstərici 0.67% olmuşdu. On beş ildən artıq vaxt keçməsinə baxmayaraq, bu sahədə irəliləyiş çox cüzidir. Bu baxımdan, hazırda da özəl ali təhsil müəssisələrinə qəbul olanlar, əsasən, dövlət ali təhsil müəssisələrinə qəbul ola bilməyənlərdir ki, onların da böyük əksəriyyətinin biliyi kafidən yuxarı deyildir. 2010-cu ilə qədər yalnız ödənişli əsaslarla təhsil verdiyi üçün özəl ali təhsil müəssisələrinə, əsasən, bu cür abituriyentlərin qəbul olması həmin ali təhsil müəssisələrinin dövlət ali təhsil müəssisələri ilə rəqabət aparmaq imkanlarını məhdudlaşdırırdı”.
Tehsil-press.az