“Fiziki tərbiyə dərsləri şagirdlər tərəfindən çox sevilir”

“Fiziki tərbiyə dərsləri şagirdlər tərəfindən çox sevilir” Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Uşaqlar, yeniyetmələr və gənclər arasında idmanın təbliği ilə bağlı layihəmiz davam edir. Layihə çərçivəsində növbəti həmsöhbətimiz Bakıdakı 229 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Əliağa Əliyev oldu.

Ə.Əliyev əvvəlcə bildirib ki, 8 ildir fiziki tərbiyə müəllimi kimi fəaliyyət göstərir: "Mən orta məktəbi 2009-cu ildə başa vurmuşam, 2009-2013-cü illərdə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil almışam. 2016-cı ildə müəllimlərin işə qəbulu üzrə dövlət imtahanında iştirak etmişəm və Yardımlı rayon Bərcan kənd tam orta məktəbində çalışmağa başlamışam. 2017 ci ildən yerdəyişmə nəticəsində Yuri Kovalyov adına 229 nömrəli tam orta məktəbdə fəaliyyətimi davam etdirirəm. Artıq 8 ildir ki, bununla yanaşı, Azərbaycan Badminton Federasiyasında hakim kimi çalışıram. Eyni zamanda UEFA-nın "Playmakers" layihəsinin təlimçisiyəm".

O, şagirdlərin fiziki tərbiyə dərslərinə yüksək səviyyədə maraq göstərdiklərini deyib: "Ümumiyyətlə, deyərdim ki, bizim fənn şagirdlərimiz tərəfindən çox sevilir. Bunu biz onların dərsə olan davamiyyətlərindən, fəal iştiraklarından açıq-aşkar hiss edə bilirik. Bayram, tətil olarkən biz də şagirdlərimiz üçün darıxırıq. Qarşılıqlı iş birliyimiz bizi çox xoşbəxt edir".

Ə.Əliyev fizki tərbiyə müəllimlərinin öhdəliklərindən də söz açıb: "Əvvəlcə demək istəyirəm ki, müəllim özü şagird üçün bir motivasiya olmalıdır. Fikrimcə, dərslərin keyfiyyəti də məhz bundan irəli gələn bir məsələdir. Şəxsən özümün işlədiyim ilk məktəbdən deyərdim ki, heç bir şəratimiz yox idi, lakin bəzi tədris vahidlərimizi inkişaf etdirmək üçün özümüz nələrəsə can atırdıq. Hər bir müəllimin dərslərə öz yanaşma prinsipləri var. Bu da hər dərsin daha rəngarəng, maraqlı olmasına gətirib çıxarır. Bizim ilk məqsədimiz şagirdlərin fiziki tərbiyə dərslərindən zövq almasını təmin etməkdir. Onlarla maraqlı oyunlar keçirmək, onların liderlik xüsusiyyətlərini üzə çıxarmaq, özlərini sərbəst hiss etməklərini təmin etmək prioritetimizdir. Daim maarifləndirici görüşlər keçirmək, nümunəvi idmançıları misal çəkmək və o tip idmançılarla görüşlər təşkil etmək şagirdlərə müsbət təsir edə bilər".

Həmsöhbətimiz məktəblərdəki idman zallarının, avadanlıqların səviyyəsi haqda fikirlərini bölüşüb: "Hazırda işlədiyim məktəbdə zalın vəziyyəti idealdır. Yenə də bildirmək istərdim ki, əgər məqsədimiz şagirdlərin fiziki inkişafına nail olmaqdırsa, biz bunları zəif şəraitdə belə etməliyik".

Fiziki tərbiyə müəllimi şagirdlərinin iştirak etdikləri yarışlardan da danışıb: "Hər tədris ilinin əvvəlində məktəblərə əsasnamə gəlir ki, il ərzində hansı yarışlar olacaq. Buna uyğun olaraq şagirdlərimizi hazırlayırıq və uğur qazanmağa çalışırıq. Nəzərinizə çatdırmaq istərdim ki, 2023-2024-cü tədris ilində məktəbimizin şagirdlərinin böyük uğurları oldu. AFFA-nın təşkilatçılığı altında məktəblərdə keçirilən futbol dərsləri layihəsinin qalibi olduq. Bundan əlavə, "Kids Atletic" yarışında şagirdlərimiz OCEP məktəbləri arasında 2-ciliyi qazandılar. Sevindirici hal bundan ibarətdir ki, şagirdlərin futbol üzrə uğurlu çıxışları bu növdə ixtisaslaşmış məşqçilər tərəfindən diqqətdə saxlanılır. Daha sonra uşaqlarımiz klublara cəlb olundular. Şagirdlərin çoxu futbol, stolüstü tennis kimi idman növlərinə maraq göstərirlər".

O, uşaqların daha çox yarışlarda iştirak etməli olduğunu söyləyib: "Fikrimcə, ölkəmizdə idman daim diqqət mərkəzindədir. Sadəcə bəzən inventarların azlığından əziyyət çəkirik. Bu hal baş verdikdə yaradıcı yollarla çıxış yolları tapmağa çalışıriq. Fikrimcə, yarışların sayını daha da artırmaq zehni yorğunluğun aradan qaldırılmasına gətirib çıxarar. Necə deyərlər, sağlam bədəndə sağlam ruh olar".

Ə.Əliyev sonda qızların idmanla məşğul olmağına və qazandıqları uğurlara da toxunub: "Bu, bizim yaralı yerləmizdən biridir. Amma özümü təqdim edəndə qeyd etdim ki, həm də UEFA-nın "Playmakers" layihəsində təlimçi kimi fəaliyyət göstərirəm. Layihənin əsas məqsədi 5-8 yaşlı qızlarımıza cizgi filmi qəhrəmanları üzərindən futbolun təməl texnikasını öyrətməkdir. Əvvəlcə bunu reallaşdırmağımız çətin idi. Lakin biz qızlarımızın valideynlərini cəlb etdikdə, onlar uşaqlarının üzlərindəki xoşbəxtliyi, təbəssümü gördükdə artıq bizə mane olmadılar. Son olaraq demək istəyirəm ki, icazə verək, uşaqlarımız xoşbəxt olduqları peşə ilə məşğul olsunlar"./qol.az/

Tehsil-press.az


Oxşar xəbərlər