“Sağlam təhsil-sağlam millət” layihəsi uğurla reallaşdırılır

“Sağlam təhsil-sağlam millət” layihəsi uğurla reallaşdırılır Bakı şəhəri 26 nömrəli tam orta məktəbdə “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində bu il ilk dəfə təşkil edilən “Sağlam təhsil” məktəbəhazırlıq qruplarına oktyabrın 25-də mediatur keçirilib.
Layihənin məktəbəhazırlıq qruplarında icra edilməsinin əsas məqsədi beşyaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların fiziki inkişafı, təlim və təhsil prosesinin təşkil olunmasıdır. Sağlam təhsil elementlərinin məktəbəhazırlıq dövründən başlayaraq tətbiqi uşaqlarda məktəbə müsbət emosional münasibətin möhkəmləndirilməsi və inkişafına kömək göstərəcək, məktəb təliminə hazırlıqla bağlı psixoloji dayanıqlığı artıracaq.
Cari tədris ilində 15 məktəbdə 21 “Sağlam təhsil” məktəbəhazırlıq qrupu yaradılıb.
“Sağlam təhsil-sağlam millət” layihəsi barədə məlumat verən Azərbaycan Tibb Universitetinin kafedra müdiri, layihənin tibbi-gigiyenik blokunun rəhbəri Şəhla Balayeva deyib: “Layihə çərçivəsində ümumilikdə 39 məktəbdə 182 “Sağlam təhsil” sinfi təşkil edilib. “Sağlam təhsil” siniflərində tədris hərəkətli təlim şəraitində həyata keçirilir. Şagird masaları həm oturaraq, həm də ayaqüstə çalışmaq imkanı verir. Aparılan tibbi monitorinq bu siniflərdə tətbiq olunan texnologiyaların uşaqların sağlamlığına müsbət təsir etdiyini aşkara çıxarıb. Eyni zamanda, həmin siniflərdə təhsil alan şagirdlərin fiziki və intellektual cəhətdən daha yaxşı inkişaf etdiyi, onların öyrənmə qabiliyyətinin, habelə emosional-psixoloji durumunun yüksəldiyi müəyyən olunub.
Təhsil müəssisəsində layihənin uğurla reallaşdırılması üçün bütün lazımi şərait yaradılıb. Məktəbin direktoru Yaqut Məmmədova bildirib ki, “Sağlam təhsil-sağlam millət” layihəsinin tətbiqinə 2014-2015-ci dərs ilindən başlanılıb. Layihənin əsas məqsədi təhsilalanların təlim nailiyyətlərini yüksəltməklə yanaşı, tədris şəraitindən irəli gələn hərəkət məhdudiyyətini və digər amilləri aradan qaldırmaq, onların sağlamlığını qorumaqdan ibarətdir.
Məktəbdə layihə üzrə həyata keçirilən tədbirlərdən danışan direktor deyib: “Layihənin tətbiq olunduğu I-IV siniflərdə 228, məktəbəhazırlıq qruplarında (üç qrupda) isə ümumilikdə 72 uşaq təhsil alır”.
Geniş və işıqlı, müasir avadanlıqla təchiz edilmiş sinif otaqlarında tədris layihəyə uyğun aparılır. İbtidai sinif müəllimi Sevinc Həşimova bildirib ki, “Sağlam təhsil-sağlam millət” layihəsinin tədrisdə tətbiqi uşaqların fiziki sağlamlığı və zehni inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir.
Xatırladaq ki, indiyədək layihə ölkə üzrə 3500-ə qədər məktəblini əhatə edib.

Hikmət Əliyev


Oxşar xəbərlər